“AYB-ni Anar yox, Rauf Aslanov idarə edir” - Müsahibə

ayb-ni-anar-yox-rauf-aslanov-idare-edir-musahibe-
Oxunma sayı: 2080


Azərbaycan Yazıçılar Birliyinin mənzil bölgüsündən narazıların sayı günü-gündən artır. AYB-yə illərini sərf etmiş yazı əhlinin mənzil siyahısında adlarının olmaması onları AYB-yə, daha doğrusu sədr Anar müəllimə qarşı birləşdirir. Bu gün narazılardan daha biri “Qafqazinfo”ya üz tutub.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “ANS Press” Nəşriyyat evinin “El” jurnalının şef redaktoru Südabə Sərvi AYB-də baş verən özbaşınalıqlardan, ədalətsizliklərdən danışıb. 17 ildir üç uşaqla kirayələrdən ömrünü keçirən yazıçı bir çox qaranlıq mətləblərə aydınlıq gətirib.

- Südabə xanım, AYB-nin mənzil siyahısı bir aydır ki, açıqlanıb. Niyə bir ayda susdunuz və indi danışmaq qərarına gəldiniz?
- Əslində, mən indiyə qədər danışmaq istəmirdim. AYB-nin ədalətsizliyini görüb dəhşətə gəldim. Fikirləşdim ki, artıq danışmaq vaxtıdır. 2003-cü ildən AYB-nin üzvüyəm. İndiyə qədər 4 kitabım çıxıb. Bu kitabların sayının az olması, Qarabağ haqqında iki povestim və hekayələrimin maddi vəziyyət üzündən hələ də çap olunmaması ilə bağlıdır. 1994-cü ildən Bakı şəhərində kirayədə qalıram. Bu günə kimi Azərbaycan Dövlət Radiosunda, İctimai Televiziyada, AYB-də, müxtəlif qəzetlərdə çalışmışam. Hal hazırda “ANS Press” Nəşriyyat evinin “El” jurnalının şef redaktoruyam. Dahilərdən biri deyib ki, həqiqət bizi varlı etməyəcək, ancaq hökmən azad edəcək. Mən düşünürəm ki, insan həmişə susursa, o daim əziyyət içində olacaq. Bu gün də mən həqiqəti demək üçün buradayam. Həqiqət bundan ibarətdir ki, AYB məlum mənzil siyahısı ilə özünü rüsvay etdi. Birliyin sədri Anar müəllimə böyük hörmətim var. O, sevdiyim şair, həm də atamın yaxın dostu Rəsul Rzanın övladıdır. Buna görə də Anar müəllimə hörmətim sonsuzdur. Atam kolxoz sədri olub. Onun danışdığına görə, Rəsul Rza hər dəfə rayona gələndə ayağının altında qurban kəsilirmiş. R. Rza kasıba əl tutan, sözü üzə deyən, heç kimdən qorxmayan, haqqı ədaləti dəstəkləyən insan olub. Kimlərinsə fitvasına getməyib, kimlərinsə sözü ilə hərəkət etməyib. Mən o dərəcədə də Anar müəllimə inanırdım. Yeri gəlmişkən, onu da qeyd edim ki, Anar müəllimin otağında stolunun arxa tərəfində Nizaminin portreti əks olunmuş xalçanı atam kolxoz idarə heyətinin adından ona bağışlayıb. Bunu deməkdə məqsədim minnət qoymaq, filan deyil. Sadəcə ailəmizin R. Rzaya olan hörmətini çatdırmaqdır. Anar müəllimi şəxsən tanıyandan sonra, onun 88-ci ildə meydanda olan fəaliyyətini, Qorbaçova qarşı heç kimi deyə bilmədiklərini deməsi, hörmətimi daha da artırdı. Onun içərisində milli qeyrət gördüm. Çox təəssüf ki, bu gün AYB-də baş verən prosesləri yaxından izlədikcə, Anar müəllimin arxasında görülən işləri bildikcə dəhşətə gəlirəm. Düşünürəm ki, görəsən, Anar müəllimin bunlardan xəbəri var!? Necə xəbəri ola bilməz!? Təbii ki, bilir. Ancaq susur. Bu da məni çox ağrıdır. Mənzil siyahısını görəndə dəhşətə gəldim. Baxdım ki, siyahıda 7 nəfər yazıçı olmayan şəxslər var. Deyirlər ki, bu siyahı guya növbəlilik əsasında hazırlanıb. Yalandır. Araşdırılsın. Orada son bir-iki il ərzində məndən sonra, tez-tələsik AYB-yə üzv olunan, mənzil almaq üçün sənəd verənlərin adları var. Hamıya bəllidir ki, son bir-iki il ərzində kimləri növbəyə saldılar. Heç bir kitabları da yoxdu. Axı mən yazıçıyam. Mən dünyada ilk dəfə olaraq Çingiz Aytmatovun ölümündən sonra onun haqqında kitab hazırlayan yazıçıyam. Yazıçılar Birliyinin təşəbbüsü ilə aylarla kitabxanalarda, arxivlərdə araşdırma apardım. Əgər yazıçılığa görə verilirsə, bu tərəfdən də az-çox əməyim var. Yox, əgər basqa meyarlara görə verilirsə, anlaya bilmirəm. Heç yazıçılıqdan xəbəri olmayan, ədəbiyyatdan dəxlsiz olan bir adamı mənzil komissiyasının sədri qoyublar, Rauf Aslanovu deyirəm. Bildiyimə görə, onun heç ali təhsili də yoxdur. Ancaq bu gün AYB-ni demək olar ki, Rauf Aslanov idarə edir.

- Narazılığınızı Anar müəllimə çatdırıbsınız?
- Otağına getdim. Dedim ki, bilə-bilə mən üç uşaqla 17 ildir kirayədə qalıram, nəyə görə adımı siyahıya salmadınız? Deyir ki, mənə sənəd verməyiblər. Axı siz sədrsiz, səlahiyyətiniz var. Hər şey sizin ixtiyarınızdadır. Dedi ki, bu işə Rauf Aslanov baxır. Doğurdan dəhşətə gəldim. Anar müəllim haqqında roman yazmışdım, “Düz adam” adında. Əsərin qəhrəmanı “Aydın”dır. Ziyalılar aləmində baş verən proseslərdən bəhs edir. Anar müəllim mənə elə deyəndə, o obraz, “Aydın” gözümdən elə düşdü ki! Mən çıxan kimi Raufu otağına çağırdı. Mən variantlar da göstərdim. Dedim 33 nəfərin adı var, üç yer boş qalıb. Məni o boş yerə sala bilərsiniz. Səhəri gün cavabı öyrənməyə gəldim. Rauf mənə dedi ki, Südabə xanım Anar müəllim mənə dedi sənin adını salım. Mən də dedim ki, yox olmaz, mümkün deyil. Rauf oraya gələn adamları Anar müəllimin yanına buraxmır. Elə bil AYB-ni zəbt edib. Çox təəccüblüdür. Rauf Aslanov kimdir axı, Anar müəllim səlahiyyəti ona verib?! Bu Anar müəllimin imicini, hörmətini aşağı salır. Aləmzər Sadıqqqızı var ki, o da kənarda qaldı. Qardaşının üç, özünün iki uşağını saxlayır. İlk dəfə Anar müəllimə qarşı 90-cı illərdə hücumlar başlayanda biz qadınlar onu müdafiə etmişdik. Amma bu gün, o, bizim ikimizi də siyahıya salmadı. AYB-də əməyi olan Bəsti Əlibəyli, Zərəngiz Dəmirçioğlu, Adil Mirseyid, Səriyyə Müslümqızı, Qulu Ağsəs və başqa mənzil şəraiti pis olan yazıçılarımız var. Amma siyahıya düşənlərdən, deyilənə görə, Qəşəm Nəcəfzadənin, Nüşabə Məmmədlinin, Firuzə Məmmədlinin, buxalter Gülşənin hamısının bir neçə yerdə evi var. Hətta kirayə verirlər. Qəşəm Nəcəfzadənin villası, “CİP”-i var. Ona ev verirlər, mən uç uşaqla kirayədə qalıram, mənə yox. Qulu Ağsəs kim istedadlı bir şair bir otaqlı evində yazı yazmağa yer tapmır. Bu ölkədə bu nə haqsızlıqdır axı belə? Siyahıda olanlardan cəmi beş-altısının evi yoxdur.

- Bəs, haqqınızı necə tələb edəcəksiniz?
- Hüququmuz uğrunda mübarizə aparacağıq. Hara lazımdırsa müraciət edəcəyik. Komissiya ləğv olunmalıdır. Yeni komissiya yaradılmalıdır və araşdırma aparılmalıdır ki, kimlər evə layiqdir, kimlər layiq deyil.

- Sizcə buna nail olacaqsınız?
- Əlbəttə nail olacağıq. Bir neçə yazıçı birləşib birbaşa prezidentə məktub yazmışıq. Məhkəməyə müraciət edəcəyik. Elə bir zəmanədə yaşayırıq ki, sussan uduzacaqsan. Uşaqlarımı 17 ildir kirayədə böyütmüşəm. Bir dəfə gənc yazar Aqşin Yeniseydən müsahibə götürmüşdüm. Onda Aqşin belə bir ifadə işlətdi ki, AYB-də olan ab-hava məni itələdi. Mən onda Aqşindən incimişdim ki, nəyə görə belə deyirsən? Amma indi ona haqq qazandırıram. Çünki o ab-hava ilə indi özüm qarşılaşıram. Anar müəllim həmin müsahibəyə görə, mənimlə üç ay danışmadı. Böyüklük odur ki, tənqidi də qəbul etməyi bacarasan. Əsil yazıçı cəmiyyətin gözü ilə baxmalıdır. Mənə elə gəlir ki, bu hadisədən sonra Anar müəllim qurultayda üzüsulu getsə yaxşıdır. Belə şeylər onun hörmətini itirir. Ətrafındakı yaltaqlar bu gün onu saytlarda elə tərifləyirlər ki, məni dəhşət bürüyür. Anar müəllimin gözünü elə pərdəliyiblər ki, ətrafındakı yaltaqları görə bilmir. Yazıçılar üçün rəhmətlik Heydər Əliyev torpaq sahəsi ayırmışdı. Amma yoxdu. Satıblar o torpağı. Mənzillər isə həmin torpaqda tikilməyib. “Abidə MTK”ya məxsus binadan ayrılıb.

- Müraciət edənlər siyahısında sənədlərinizin olmamasına səbəb nə olub?
- Mənə bu yaxınlarda aydın oldu ki, sənədlərim niyə kənarda qalıb? Demə, sənədlərimi verəndə rüşvər verməli imişəm. 2007-ci ildə sənədlərimi təqdim edəndə üstünə 1000 manat da pul qoymalı imişəm. Pulu Anar müəllim yox, işə cavabdeh olan şəxs alırmış. Mənə bunu üç nəfər qadın yazıçı dedi. Mən bunu bilmirdim, bilsəydim rüşvət verərdim, kənarda da qalmazdım. Bundan sonra camaat yazıçıya necə inansin? Artiq yazıçı sözünü cılızlaşdırıblar...

Nigar Məmmədli