Aynur Camalqızından qalmaqallı – Müsahibə

aynur-camalqizindan-qalmaqalli-musahibe-
Oxunma sayı: 682

“Teleqraf” qəzetinin və “Publika.az” saytının rəhbəri Aynur Camalqızının “Qafqazinfo”ya müsahibəsi

- Elçibəyin zəhərlənməsi ilə əlaqədar yazdığınız son köşə sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrildi və ünvanınıza sərt tənqidlər səsləndirildi. Sizcə, yazınız niyə bu qədər polemikaya səbəb oldu?
- Bu, ilk olaraq onun göstəricisidir ki, bizdə insanlar fərqli fikrə çox dözümsüzdürlər. Fərqli fikrə dözümsüzlük isə onu göstərir ki, bu insanlar hələ mahiyyətcə, xaraktercə, dünya görüşü baxımından demokrat olmaqdan çox-çox uzaqdılar. Hesab edirəm ki, bizim ölkədə hələ illər lazım gələcək ki, bu insanların dünya görüşündə çox ciddi şəkildə dəyişikliklər baş versin. İnsanlar demokratiyanın nə demək olduğunu öyrənsinlər, onu əxz etsinlər, dərinliklərinə varsınlar. Demokratiya küçələrə çıxıb bağırmaq demək deyil. Bu, fərqli fikrə dözümlü yanaşmaq deməkdir. Hamını sənin kimi düşünməyə məcbur etmək, hamıdan bunu tələb etmək bolşevizmdən başqa bir şey deyil. Bu yazını nifrətlə, kinlə, aqressiya ilə qarşılayanlar daha çox müxalifətyönlü gənclər və bir də Azərbaycan cəmiyyətində simasını çoxdan itirmiş, maskası yırtılmış insanlardır ki, mənə irad tuturlar. Bu insanlara sadəcə, anlatmaq lazımdır ki, bu da bir fərqli fikirdir. Mən sizin kimi düşünməyəcəyəm və istəsəm də, düşünə bilmirəm. Necə ki, mən sizin yazdıqlarınızı normal qəbul edirəm, siz də mənim də yazdıqlarımı normal şəkildə qarşılamağa məcbursunuz. Əgər bunu öyrənə bilməsəniz, qaragüruhçuluqdan bir addım irəli getmək mümkün olmayacaq. Mən çox təəssüf edirəm ki, Azərbaycanda normal bir müxalifət yoxdur. Çünki müxalifətin özünün mövcudluğu müstəqil dövlətin atributlarından biridir. Əgər bizdə müxalifət zəifdirsə, bu, inkişafa, tərəqqiyə də təsir edir. Təəssüf edirəm ki, Azərbaycanda müxalifət zəifdir, ölü vəziyyətindədir və qeybətçilikdən başqa gücü heç nəyə çatmır. Xüsusən də sosial şəbəkələrdə çox aktiv olan müxalif düşüncəli gənclərimiz öz fikirlərini normal, intellektual şəkildə yox, məhz söyüş, təhqirlə ifadə edirlər və öz mahiyyətlərini ortaya qoyurlar. Bununla da bir daha göstərirlər ki, onlar öz yerlərində sayırlar. İqtidar düşərgəsində olan gənclərə fikir verin. Gedirlər xarici ölkələrdə oxuyurlar, yüksək səviyyədə təhsil alıb gəlirlər. Onların intellekti, əxlaqı, tərbiyəsi qarşısında bizim müxalif gənclər uduzacaqlar…

- Köşənizin sonunda qeyd etdiyiniz “Elçibəy mənən, ruhən zəhərlənib” fikirləri bir qədər ziddiyyətli təsir bağışladı və məndə belə bir sual yaratdı: Aynur Camalqızı Elçibəyin fiziki olaraq zəhərlənməsini inkar edir?..
- Ümumiyyətlə, onun fiziki olaraq zəhərlənib-zəhərlənməməsi məsələsini araşdırmaq hüquq mühafizə orqanlarının vəzifəsidir. Mən ümid edirəm ki, onlar əsl həqiqəti üzə çıxaracaqlar. Söhbət ondan gedir ki, vaxtilə mənim də təmsil olunduğum müxalifət düşərgəsində uzun müddət Elçibəyin öldürülməsi, hətta zəhər verilərək öldürülməsi kuluarların müzakirə mövzusu olub. O vaxt hər kəsin gözü kimin üzünə dikilmişdisə, bunu köşə yazımda da qeyd etmişəm. Əslində mən özümdən yeni Amerika-filan kəşf etməmişəm, Düşünürəm ki, hər kəsin bildiyi həqiqəti yazmışam, gözümlə gördüyüm, qulağımla eşitdiyimi qələmə almışam...

- Eynulla Fətullayevin köşənizə sosial şəbəkələrin birində verdiyi sərt rekasiya ilə tanışsınız yəqin ki…
- Mən Facebookda deyiləm və orada gedən müzakirələrdən xəbərsizəm. “Yeni Müsavat”da çalışan müxbirlərdən biri mənə zəng edərək Eynulla Fətullayevin statusunu mənə oxudu. Mən də cavab olaraq dedim ki, küçə uşaqlarının küçə jarqonu ilə danışdıqlarına heç bir şərh vermək istəməzdim… Bu gün də həmin əhval-ruhiyyədəyəm. Eynullanın konkret olaraq niyə bu qədər aqressivləşdiyini bilmirəm. Mən yaxşı xatırlayıram ki, 2005-ci ildə “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetləri nəşr olunanda Əli Kərimlinin üzərinə Eynulla qədər hücum edən ikinci bir jurnalist Azərbaycanda yox idi. Qəzetlərində Əli Kərimlinin ünvanına elə ifadələr səsləndirirdi ki, mən etik səbəblərdən həmin ifadələri təkrarlamaq istəmirəm. Vaxtilə bu cür yazılara imza atan bir adam mənim yazımdan niyə birdən-birə bu qədər qıcıqlanıb, niyə Əli Kərimlinin vəkili olmaq niyyətinə düşüb, özümə də təəccüblü görünür.

- Eynullanın həmin statusundan sonra Publika.az-da onun şəxsi həyatı ilə bağlı xəbər getdi. Bu, nə dərəcədə təsadüf idi?
- Həmin statusla bugünkü yazının heç bir əlaqəsi yoxdur. Biz sadəcə olaraq, Eynulla Fətullayevin tanınmış, populyar bir isim olduğunu nəzərə alaraq bu informasiyanı vermək qərarına gəldik. Bu qərarı da mən deyil, Publika.Az-ın redaktorları veriblər. Mən də bütün oxucular kimi bu yazını saytda gördüm və kifayət qədər normal qarşılayıram. Çünki boşanma - xoşagəlməz, etikadan kənar, insanı təhqir edən hal deyil. Hər kəsin başına gələ bilər. İnsanlar evlənirsə, ayrıla da bilər. Üstəlik, Eynulla Fətullayevin evlənmə xəbəri mediada həvəslə yayılırsa, onun həyat yoldaşından ayrılması da yayılmalıdır. Yəni bu xəbəri çoxları onsuz da bilirdi. Mediada yayılırsa, məncə, normaldır. Siz Avropa, xüsusən bizə yaxın olan Türkiyə mətbuatına nəzər salsanız, görərsiniz ki, orada tanınmış insanlar bu cür xəbərlərin mediada yayılmasına normal baxırlar. Eynulla bu gün çox qeyri-etik, tərbiyə və əxlaqa sığmayan şəkildə bu xəbərə reaksiya verməklə əslində özü-özünü ifşa etmiş oldu. Əgər biz həqiqəti yazmırıqsa, siz niyə narahatsınız, yox, əgər həqiqəti yazırıqsa, yenə niyə narahatsınız? Əgər bu, baş veribsə, bunu insaların bilib-bilməməsi nəyi dəyişir axı. Digər tərəfdən 2005-ci ildə, sonrakı müddətdə Eynulla Fətullayev öz qəzetlərində Azərbaycanda elə bir insan qoymayıb ki onun şərəfi, ləyaqəti ilə oynamasın, onun şəxsi həyatından təhqiramiz şəkildə yazmasın. Əgər sən kimlərdənsə yazmısansa, səndən də yazacaqlar. Ya gərək, sıradan biri olasan ki, səni müzakirəyə çıxarmasınlar. Əgər tanınmışsansa, üzdəsənsə, haqlı, ya haqsız səni çəkişdirəcəklər.

- Amma o, öz Facebook statusunda bu xəbəri təkzib edərək bunu böhtan adlandırıb…
- Biz öz informasiyamızın səhihliyinə əmin olmasaydıq, heç vaxt bu informasiyanı verməzdik. Əgər səhih deyilsə, yol açıqdır, buyursunlar, məhkəməyə versinlər, əsl həqiqəti üzə çıxarsınlar.

- Yeri gəlmişkən, artıq Eynulla Fətullayevin xanımı da sözügedən xəbərin yanlış olması ilə bağlı mətbuatda təkzib verib. Bu barədə nə deyə bilərsiniz?
- Elektron informasiya vasitələrində xəbərin ilk öncə harada, kimin tərəfindən yayılması çox önəmlidir. Biz bu məsələdə dostlarımızı qabaqlayırıq. Yəni xəbəri yayırıq. Və xəbər ilkin variantında oxucunun yaddaşına həkk olunur. Bəzi həmkarlarımızın da bu xəbəri hər hansı yolla təkzib etməkdən savayı çarələri qalmır. Biz buna əhəmiyyət vermirik.

- Saytınızın indiki vəziyyəti ilə maraqlanmaq istərdik. Publika.Az-ın televiziyası açılmalı idi, bu istiqamətdə işlər nə yerdədir?
- Biz Publika.az-ı böyük bir xəbər portalına çevirmək istəyirik. Azərbaycanda hələ ki, belə bir xəbər portalı yoxdur. Türkiyədə geniş yayılmış formadır. Demək olar ki, hər bölüm ayrıca bir saytdır. Artıq bizim Tabloid.Az törəmə saytımız fəaliyyətə başlayıb. “Qadın”, “Hüquq”, “Ekonomiks” səhifələri də oxucuların ixtiyarındadır. “Publika Art” səhifəsi bu yaxınlarda fəaliyyətə başlayacaq. Eyni zamanda, “Gündəlik Teleqraf” qəzeti və Teleqraf.com saytı da uğurla öz fəaliyyətini davam etdirir...

Səidə