Azərbaycan dünyada 91-ci oldu

azerbaycan-dunyada-91-ci-oldu-
Oxunma sayı: 697

“Qafqazinfo”nun məlumatına görə, 179 ölkənin adının yer aldığı siyahıda Azərbaycan 91-ci yerdə qərarlaşıb. Qonşu ölkələr arasında ən yüksək göstərici isə Gürcüstanın payına düşüb. Gürcüstan ölkədə iqtisadi azadlığın göstəricilərinə görə 34-cu, Ermənistan 39-cu, Türkiyə 73-cü, Rusiya isə 144-cü, İran 171-ci yerdədir yerdədir.

Azərbaycan iqtisadi azadlıq göstəricisi 58.9 balla iqtisadiyyatı “azad olmayan” ölkələr cərgəsinə qoşulub. Qeyd edək ki, bu ölkələr sırasına 60 baldan az toplayan ölkələr daxil edilib. Beləliklə də ölkəmiz keçən illə müqayisədə 0.8 bal geriləyib. Bu isə dövlət xərcləri və azad biznesdə məhsuldarlığın pisləşməsi kimi dəyərləndirilib. Bununla da Azərbaycan 41 Asiya-Sakit oken regionu ölkələri arasında 15-cidir və region üzrə ümumi balı isə orta göstəricidən yüksəkdir.

Ekspertlər Azərbaycanda iqtisadi azadlığın əsaslarını möhkəmləndirməkdə həlledici rol oynayan sistemli islahatların keçirilməsinin vacibliyini qeyd ediblər və bunun hələ də problem olaraq qaldığını vurğulayıblar. Mülkiyyət hüquqları və azadlıqlarının korrupsiya səbəbindən güclənə bilmədiyi və dövlət müdaxiləsinin ümumi pul sabitliyinə, eyni zamanda xarici investisiyalara zərər vuracağı vurğulanır.

Qeyd edək ki, fondun təqdim etdiyi reytinq dörd meyara əsasən tərtib edilir: iqtisadi həyata dövlətin müdaxiləsi, hakimiyyət orqanlarının effektivliyinə, qanunvericiliyə riayət etmə və bazarların açıqlığına.

Siyahıda ilk beşlikdə Honqkonq, Sinqapur, Avstraliya, Yeni Zenlandiya, İsveçrə qərarlaşıb.

Səidə