Azərbaycan hökumətindən Fransa Senatının qərarına - etiraz

azerbaycan-hokumetinden-fransa-senatinin-qerarina-etiraz
Oxunma sayı: 653




Fransa Senatında qondarma "soyqırım" məsələsinin müzakirəyə çıxarılması dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Fransa parlamentində bu məsələnin parlametnin gündəliyinə çıxarılması tarixlə bağlı olan hadisənin siyasiləşdirilməsidir. Bu məsələlərlə bağlı tarixçilər araşdırma aparmalı və müzakirələr etməlidirlər və insanların yaddaşında tarixi təzələmə anlamında bu məsələ gündəmə gətirilməlidir", - Həsənov deyib.

Həsənovun sözlərinə görə, Fransada bu prosesin baş verməsi Fransa-Türkiyə münasibətlərinə heç də yaxşı təsir göstərməyəcək.

"Eyni zamanda Azərbaycan Ermənistanla müharibə şəraitində yaşayır, Xocalı kimi dəhşətli cinayətlər bu gün Ermənistanı idarə edənlərin məsuliyyətinə daxildir və bu tipli saxta məsələlər onlar tərəfindən qaldırılır. Belə hadisələr dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcək", - Həsənov deyib.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.