Azərbaycanda Facebookda yaradılan qrupa bir gündə 2 min üzv oldu

azerbaycanda-facebookda-yaradilan-qrupa-bir-gunde-2-min-uzv-oldu-
Oxunma sayı: 666

Qrupun yaradıcısı BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlının verdiyi məlumata görə, qrupun yaranmasından cəmi bir gün keçməsinə baxmayaraq, 2000-ə yaxın üzvü var: “BAXCP sədri Qüdrət bəyin bu təşəbbüsündən sonra facebook.com sosial şəbəkəsində bu qrupu yaratdıq. Bu qrupa xeyli insanlar öz dəstəyini əsirgəmirlər. Qrupda siyasətçilərlə yanaşı, jurnalistlər, həkimlər, ziyalılarımız da təmsil olunur. Demək ola rki, hər kəs bu ideyanı müsbət qarşılayır. Dünən bu qrupu bütün sosial şəbəkələrdə olan qruplarda da yayılıb. Bu da təxminən 100 000 insanı əhatə edir”.

N.Orduxanılının dediyinə görə, 2012-ci ildə Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsindən əvvəl bəzi xarici qüvvələr ölkəmizin nüfuzuna xələl gətirmək və bu müsabiqənin gətirəcəyi pozitiv dividendləri öncədən şübhə altına almaq üçün müxtəlif vasitələrə əl atırlar: “Bu məqsədlə bir neçə gün öncə fəaliyyət istiqamətləri və prioritetləri hər kəsə bəlli olan bir qrup nüfuz müvəkkili tərəfindən «Azad musiqi azad olmayan ölkədə» adlı təxribat xarakterli kampaniyaya başlanılıb. Qeyd edək ki, Azərbaycanın «Eurovision-2011» mahnı müsabiqəsində qələbəsindən sonra bəyanatla çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) ölkənin bütün siyasi qüvvələrini 1 il müddətinə kütləvi aksiyalara moratorium qoymağa çağırmışdı. Bu dəfə isə BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev «Eurovision-2012» mahnı müsabiqəsi öncəsi diqqəti Azərbaycan torpaqlarının işğalına yönəltmək üçün yeni təşəbbüslə çıxış edib və ölkənin ərazi bütövlüyünün bərpa olunmasını arzulayan hər kəsi «Azad musiqi torpaqları işğal altında olan ölkədə» kampaniyasına qoşulmağa və dəstək verməyə çağırıb”.