Azərbaycanda ötən ilin məşhur toyları - Siyahı

azerbaycanda-oten-ilin-meshur-toylari-siyahi
Oxunma sayı: 1504

İlk əvvəl yada salaq ki, ötən ilin sentyabr ayında Azərbaycan prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyeva Rusiyanın zəngin iş adamlarından olan Aydın Qurbanovun oğlu Səməd Qurbanovla ailə həyatı qurdu. Gənc cütlüyün toyu Xəzər dənizi sahilində, Bilgəh qəsəbəsində açıq havada keçirildi.

2011-ci ildə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov və nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov da bəylik kürsüsünə oturdular. T. Heydərovun toyu sadə və dəbdəbədən uzaq keçirilsə də. A. Məmmədovun təmtəraqlı toyunun söz-söhbəti hələ də danışılmaqdadır. Qeyd edək ki, T. Heydərov əslən Sabirabaddan olan sadə və ziyalı ailənin qızı ilə, A. Məmmədov isə Hesablama Palatasının sədri Heydər Əsədovun qızı ilə ailə qurub.

Yola saldığımız dovşan ilində Azərbaycanın sənət aləmində də bir çox toylar quruldu. Xalq artisti Mələkxanım Əyyubova qızı Hökuməni gəlin köçürdü. Müğənnilərdən Elnur Məmmədov, Pərvin Lətifov, Emil Bədəlov, Araş, “Best Model of Azerbaijan 2010”un qalibi Günay Musayeva, teleaparıcılardan Ülvira Qarayeva, Murad Arif də ailə quranlardan oldular. Azərbaycanlı ozan Araz Elsəs də əslən Urmiyadan olan Xədicə xanımla ailə həyatı qurdu.

Köhnə ildə məşhur simaların da ailəsində şadyanalıq quruldu. ANS-in vitse-prezidenti Mirşahin Ağayev subaylığa üçüncü dəfə “əlvida” deyərək, həmkarı Səbinə Heydərova ilə izdivac bağladı.

Jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayev həbsxana həyatına son qoyub ailə həyatına qədəm qoydu. Tanınmış bloqçu Emin Milli də ikinci dəfə Tora adlı rəssam xanımla evləndi.

Həmçinin ATV-nin simaları - Zaur Baxşəliyevlə Günay Qələndərli bir-birinin “yarısı” oldu.

2011-də tanınmış şahmatçımız Teymur Rəcəbov da subaylığın daşını atanlardandır.

Nigar Məmmədli