Azərbaycanda saxlanılan Rusiya DİN-in zabiti haqda maraqlı xəbər

azerbaycanda-saxlanilan-rusiya-din-in-zabiti-haqda-maraqli-xeber-
Oxunma sayı: 650

“Heydər Əliyev” Beynəlxalq Hava limanında saxlanılan Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin əməkdaşı ilə bağlı redaksiyamıza daha bir məlumat daxil olub. “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan və bu ölkənin Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşı olan polis polkovnik-leytenantı Azər Əliyev qanunsuz olaraq əmlak ələ keçirməkdə ittiham olunur.

Məlumata görə, Sank-Peterburq məhkəməsində Sank-Peterburq və Leninqrad vilayəti üzrə DİN Baş İdarə rəisi Vladislav Piotrovsk Frunzenski meyvə-tərəvəz kombinatının əmlakını ələ keçirməklə bağlı dindirilib. Məhkəmədə dindirilənlər arasında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməliyyatçısı Azər Əliyev də olub. Qeyd edək ki, həmin xəbərdə A. Əliyev sabiq əməkdaş kimi təqdim olunub.

Məlumatda o da bildirilir ki, hazırda həbsdə olan və əmlakın ələ keçirilməsi məsələsində əsas fiqur kimi adı hallanan Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sabiq-rəis müavini Vladimir Siç həbsindən əvvəl keçirdiyi mətbuat konfransında Azər Əliyevin adının bu məsələdə hallanmasını Prokurorluq yanında Axtarış İdarəsi əməkdaşları tərəfindən təşkil edilən provakasiya adlandırıb.

Qeyd edək ki, Azər Əliyevin sabiq rəis müavinin tapşırığı əsasında kombinat sahibindən imza nümunəsi ələ keçirdiyi bildirilir.

Məlumat üçün deyək ki, Azərbaycan DİN məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib. Məlumatlara görə, Rusiya tərəf zabitin saxlanılması ilə bağlı Azərbaycanın müvafiq qurumlarına sorğu verməyə hazırlaşır.