“Azərbaycanda Vikipediyaya dəstək verilmir”- Müsahibə

azerbaycanda-vikipediyaya-destek-verilmir-musahibe
Oxunma sayı: 844

“Qafqazinfo”nun müsahibi dünyanın ən böyük onlayn ensiklopediyası sayılan Vikipediyanın Azərbaycandilli seqmentinin idarəçilərindən biri, Xəzər İntellektual Gənclər Klubunun sədr müavini Elgün Atalıyevdir.


- Elgün bəy, necə oldu ki, intellektual klubun fəal üzvü olmaqla yanaşı, siz həm də son dövrlər Azərbaycanda da populyarlaşan Vikipediyada aktiv fəaliyyət göstərməyə başladınız və idarəçi statusunu necə əldə etdiniz?

- 2001-ci ildə Xəzər İntellektual Gənclər Klubunun yaranmasından bu yana daimi olaraq bu klubun üzvüyəm. Vikipediyaya gəlişim də məhz klub sayəsində olub. Belə ki, 2008-ci ilin əvvəllərində klubumuzun fəal üzvlərindən birinin klubun internet forumunda Azərbaycandilli Vikipediyadakı məqalələrin çox acınacaqlı vəziyyətdə olması, əksər məqalələrin türk dilində və ya avtomatik tərcümə proqramları vasitəsilə qeyri-korrekt tərcümə edilərək yerləşdirilməsinə dair iradlarını oxuduqdan sonra Vikipediyada fəaliyyət göstərməyə qərar verdim.

O vaxt və elə hazırda da fəaliyyət göstərən idarəçilərimiz qısa müddət ərzində aktiv fəaliyyətimi, daimi istifadəçi olduğumu və məqalələrin sayının artması ilə əlaqədar onlara nəzarət etməli olan yeni idarəçilərə ehtiyac olmasını əsas tutaraq mənə idarəçi statusunun verilməsi ilə bağlı səsvermə başlatdılar və nəticədə qaydalara görə səsvermə hüququ olan az-viki (Red. Azərbaycandilli Vikipediya) istifadəçilərinin çoxunun səsini alaraq, idarəçi seçildim.


- Yaratdığınız ilk məqaləni xatırlayırsınızmı və Vikipediyada yaratdığınız məqalələr əsasında intellektual oyunlara sual yazmısınızmı?

- Məlumat üçün deyim ki, Vikipediyada nəyisə unutmaq mümkün deyil. Bu da saytın texniki imkanlarının nəticəsidir. Belə ki, istənilən istifadəçinin bütün fəaliyyətini və ya hər hansı səhifədə edilmiş istənilən xırda dəyişikliyi bir düyməyə basmaqla asanlıqla yoxlamaq mümkündür. Üstəlik bu imkandan bütün istifadəçilər, hətta Vikipediyada qeydiyyatı olmayan adi oxucular da yararlana bilərlər. Məhz bu üsuldan istifadə edib deyə bilərəm ki, Vikipediyada yaratdığım ilk məqalə ABŞ-da təqdim olunan hərbi mükafatlardan biri haqqındadır.

Yaratdığım məqalələrin ortaya çıxmasında intellektual oyunların rolu böyükdür. Çünki ilk vaxtlar yaratdığım əksər məqalələr Nə? Harada? Nə zaman? oyununda eşitdiyim və mənə maraqlı gələn mövzular haqda idi. Amma bunun əksi də olub. Belə ki, hansısa məqalənin üzərində işlədikdə orada maraqlı faktlarla rastlaşmalı olursan və təbii ki, belə faktlardan sual yazmışam. Ümumiyyətlə, son illərdə Vikipediya intellektual oyunlar hərəkatında çox böyük yer tutub. Belə ki, əgər 7-8 il əvvəl Vikipediya etibarlı mənbə hesab olunmurdusa, hazırda bir çox sual müəllifləri öz suallarını Vikipediyaya istinad edərək yazırlar.


- Bildiyimiz kimi bu yaxınlarda ingilisdilli Vikipediya 2 qanun layihəsinin ABŞ Konqresində müzakirəsinə etiraz olaraq fəaliyyətini bir günlük dayandırdı. Bu qanun layihələri nəyi nəzərdə tutur, onlar Vikipediya üçün necə təhlükə törədir?

- Bu aksiya yalnız ingilisdilli versiyaya aid olsa da, hazırda 282 dildə fəaliyyət göstərən bu onlayn ensiklopediya istifadəçi sayına görə dünyanın 5-ci böyük veb-saytıdır və burada cəmləşmiş məqalələrin 1/5-i, yəni təxminən 4 milyona yaxın məqalə məhz ingilisdilli versiyanın payına düşür. Vikipediyanın oxucu kütləsinin əksər hissəsinin məhz ingilisdilli versiyaya üz tutduğunu da nəzərə alsaq, onda bu aksiyanın çox geniş kütləni əhatə etdiyini demək olar. Yaradılmasının 11 illiyini bir neçə gün əvvəl qeyd edən Vikipediya üçün bu, ilk belə aksiya olmaqla, “Onlayn piratlığı durdurma Aktı” və “İntellektual mülkiyyəti qoruma Aktı”nın ABŞ Konqresində müzakirə edilməsinə etiraz xarakteri daşıyırdı. Bu qanun layihələri Vikipediya üçün birbaşa təhlükə törətmir, çünki layihələr ABŞ-dan kənarda qeydiyyata alınan və onlayn piratlıq, intellektual mülkiyyət hüququnun pozulması hallarına yol verən xarici veb-saytların ABŞ ərazisində fəaliyyətinin dayandırılmasını nəzərdə tutur. Lakin, göründüyü kimi internet istifadəçiləri və bir sıra digər veb-saytlarla, o cümlədən “Google” ilə həmrəylik nümayiş etdirmək və ABŞ-da söz və ifadə azadlığının, qlobal internet ideyasının boğulmasına etiraz bildirmək üçün Vikipediya rəhbərliyi belə bir addım atmaq qərarına gəlib.


- Mətbuatda tez-tez Vikipediyadakı problemlər və digər dillərdəki Vikipediyalarda Azərbaycan haqda qərəzli məlumatların yerləşdirilməsi haqda eşidirik. Yəqin hamıya maraqlıdır ki, bu necə mümkün olur?

- Vikipediyanın əsas prinsiplərinə görə məqalələr bitərəf olmalı, etibarlı mənbələrə istinad etməli, kiminsə şəxsi tədqiqat və ya təxəyyülünün məhsulu olmamalıdır. Yəni bitərəfliyi şübhə doğurmayan və mövzu ilə əlaqədar mütəxəssis hesab olunan hər hansı müəllifin nəşr etdirdiyi kitab məqalədəki hər hansı fikir üçün mənbə rolunu oynaya bilər. Məsələn, konkret olaraq Azərbaycan-Ermənistan münaqişəsi üzrə baxsaq, ermənilərin son 100 ildə formalaşdırdıqları güclü diaspor və onun dəstəyi ilə qeyri-erməni müəlliflər, o cümlədən məşhur şəxslər tərəfindən nəşr etdirilən kitablar və deyilən sözlər Azərbaycanın və ya Türkiyənin əleyhinə istifadə edilə bilir. Azərbaycanın yalnız müstəqillik əldə etdikdən sonra bu məsələlərə diqqət ayırmağa başlaması isə təbii ki, təbliğat, ictimai fikrin formalaşdırılması və mötəbər tədqiqatçıların diqqətinin bizim həqiqətlərə yönəldilməsi məsələsində geridə qalmağımıza səbəb olub. Amma rus, ingilis və türkdilli Vikipediyalarda erməni yalanlarına qarşı mübarizə aparan çox sayda azərbaycanlı istifadəçi var. Bəzi həssas məqalələr isə daim istifadəçilərin nəzarətindədir.

Hazırda az-vikidə 84 min məqalə var və Vikipediyanın fəaliyyət göstərdiyi 282 dil arasında məqalə sayına görə 42-ci yerdəyik. Lakin, cəmi 1 il əvvələ kimi məqalə sayına görə bizdən geridə olan qazax Vikipediyasında hazırda 120 mindən artıq məqalə mövcuddur. Bunun da əsas səbəbi Qazaxıstanda Vikipediyaya dövlət qurumları tərəfindən göstərilən dəstəkdir. Azərbaycanda isə Vikipediyaya dəstək verilmir. Bizdə isə məqalələrin yaradılmasında hər hansı təşkilati dəstək olmadığı üçün vaxtını və əməyini sərf edən könüllü istifadəçilərin səyləri hesabına inkişaf gedir. Azərbaycan dilində elektron ensiklopediyaların olmaması və ya çox az olması sürətli inkişafa mane olur. Mübahisəli məsələlərin həllində etibarlı mənbə kimi hələ də Azərbaycan Sovet Ensiklopediyasına istinad etməli oluruq.

Vikipediyadakı problemli məsələlər arasında az-vikidə latın və ərəb qrafikası ilə məqalələrin olmasına qarşı etirazları aid etmək olar. Buna belə izah verərdim ki, az-viki Azərbaycanın yox, Azərbaycan dilinin Vikipediyasıdır və nəzərə alsaq ki, bu dilin daşıyıcılarının böyük əksəriyyəti İranda yaşayır və ərəb qrafikasından istifadə edir, onda məsələnin kökü aydın olur. Bizdə hazırda həm latın, həm də ərəb qrafikası ilə məqalə yaradılmasına icazə verilir. Bir çox istifadəçilər bunun əleyhinə olsalar da, cənubdakı soydaşlarımızı da düşünmək məcburiyyətindəyik.


- Yəqin ki, Vikipediyadan istifadə edənlər Vikipediyada müntəzəm olaraq ianə toplanmasının şahidi olur. Toplanan pulların hansı məqsədlərə xərcləndiyi hər halda çoxlarına maraqlıdır.

- Qeyri-kommersiya təşkilatı olan və Vikipediya, Vikilüğət, Vikikitab, Vikimənbə və s. layihələri həyata keçirən “Vikimedia Fondu” ildə bir dəfə özünün növbəti ildəki fəaliyyətini təmin etmək üçün maliyyə vəsaiti toplamalı olur. “Vikimedia Fondu”nun həyata keçirdiyi layihələrdə reklam verilmir və təbii ki, heç bir gəlir də götürülmür, amma dünyanın 5-ci böyük saytının fəaliyyətini təmin etmək pulsuz başa gəlmir. “Google” milyona yaxın serverə, “Yahoo” 13000 işçiyə sahib olsa da, Vikipediyanın cəmi 679 serveri və 95 işçisi var. Vikipediya və onunla qohum layihələr hər ay milyardlarla səhifəni oxuyan 470 milyon müxtəlif insana xidmət edir.
Məlumat üçün deyim ki, Vikipediya könüllü layihədir və burada fəaliyyət göstərən redaktorlar, idarəçilər, bürokratlar və stüardlar bu fəaliyyətlərinə görə hər hansı maliyyə dəstəyi almırlar. İanə toplama kampaniyası zamanı toplanan vəsaitlər isə mövcud serverlərin fəaliyyətini təmin etməyə, artan tələbatı ödəyə bilmək üçün yeni serverlərin yaradılmasına, azsaylı inzibati-texniki işçilərin əmək haqlarına və hər il keçirilən “Vikimaniya” tədbirlərinin qismən maliyyələşdirilməsinə sərf olunur.


- Sonda bilmək istərdim ki, istifadəçiləri Vikipediyada fəaliyyət göstərməyə həvəsləndirən səbəblər hansılardır. Vikipediyaya nəyə görə gəlirlər? Yeni istifadəçilərin cəlb edilməsi necə baş verir?

Kimisi bunu hobbi kimi, kimisi öz biliklərini nümayiş etdirmək, kimisi cəmiyyətə faydalı olmaq üçün edir. Hərənin bir motivasiyası var. Amma onu başa düşmək lazımdır ki, bu hamıya lazımdır. Bu gün kiminsə yaratdığı bir məqalə sabah ən azından onun öz yaxınlarına faydalı ola bilər.
Yeni istifadəçilərin cəlb edilməsi təbii prosesdir. Həm də bu ilk növbədə ictimai məsuliyyət məsələsidir. Heç kimi məcbur etmək olmaz ki, məqalə yazsın.


Nigar Məmmədli