Bakı metrosu boykot olunacaq

baki-metrosu-boykot-olunacaq
Oxunma sayı: 689

“Media forum” saytının məlumatına görə, gənclərin sosial internet şəbəkəsində noyabrın 30-da yaydığı müraciətdə deyilir: “Bütün tələbələrə, gənclərə, bunu oxuyan hər kəsə müraciət edirik. Metroda qiymətlərin qaldırılması ilə bağlı BOYKOTa qoşulun! 2 və 3 dekabr tarixində metrodan istifadə etməyin. 2 gün istifadə etməsəniz heç nə olmaz. Bu həm əyləncəli olacaq, həm də bizim həmrəylik gücümüzü göstərəcək”.

Boykotun sosial şəbəkədə elan edildiyi 2 saat ərzində 500 nəfərdən çox internet istifadəçisi müraciətə reaksiya verib. Gənclərin əksəri boykot aksiyasına qoşulduğunu, dekabrın 2-3-də metrodan istifadə etməyəcəyini bildirib.

Gənclər təşkilatlarından “Nida” Vətəndaş Hərəkatı təşəbbüsə qoşulduğunu açıqlayıb, bütün gəncləri qiymət artımına etiraz olaraq dekabrın 2-3-də metrodan istifadə etməməyə çağırıb. “Nida”nın rəyində o da vurğulanıb ki, ABŞ-da vətəndaş hüquqları uğrunda hərəkat avtobusların boykotundan başlanmışdı.

Dekabrın 1-dən Bakı metrosunda gediş haqqı 20 qəpik olacaq. Gediş haqqının 15 qəpikdən 20 qəpiyə qaldırılması haqda qərarı Tarif (qiymət) Şurası noyabrın 28-də çıxarıb.