Bakının mərkəzində məşhur otel sökülür

bakinin-merkezinde-meshur-otel-sokulur
Oxunma sayı: 778

ANS TV-nin məlumatına görə, oteldə yuxarı mərtəbədən başlayaraq, beton lövhələrin uçurulması işləri gedir.

Binada işləyən fəhlələrin bildirdiyinə görə, söküntü işlərini Aqrar İnşaat MMC həyata keçirir. Söküntü işləri tam başa çatdıqdan sonra yenidən bünovrə qazılıb, yeni 7 mərtəbəli hotel tikiləcəyi nəzərdə tutulub. Hətta onu da öyrəndik ki, mehmanxananın keçmiş adı saxlanılacaq. Yəni yeni tikiləcək otelin də adı “Cənub” olacaq.

Qeyd edək ki, tikintinin iş icraçısı əvvəlcə müsahibə verməyə razı olsa da, sonra naməlum gələn zəngdən sonra fikrindən daşınıb.

Xatırladaq ki, otel otaqları demək olar ki təmirsizdir. Ancaq bir vaxtlar əsasən ölkənin müxtəlif rayonlarından gələn qonaqları ağuşunda yerləşdirən otelin indi sökülmək zərurəti yaranıb. Şəhər sakinləri ilə otelin sökülməsini təqdirə layiq hesab edənlər olsa da, yaşlı nəslin nümayəndələri təəssüf hissi keçirdiklərini dilə gətirdilər.

“Mən çox təəssüf edirəm ki, bu gözəl binanı sökürlər. Kiçik bir artırma edib, daşlarla hörmək olardı. Bu boyda məsrəf etmək lazım deyildi. Çox təəssüf burada bizim həyətdə də hamı çox məyus olub. Xüsusən ona görə ki, o bina çox möhkəm tikilidir”, - deyə şəhər sakini Marina Nikolayevna bildirib.

Digər paytaxt sakini Saqubət Əhmədova isə “Evrovision” ilə əlaqədar binanın sökülüb yenidən tikilməsini yaxşı hal sayır.

Digər paytaxt sakini Aygün Abdullayeva isə hesab edir ki, artıq xərc olmadan, binanı restavrasiya etmək olardı.

Əslində “Cənub” Hotelin yaxın tarixini xatırlayanda nədənsə insanda bu söküntünü alqışlamağa istək yaranır. Yaranan isə növbəti yeni otel olacaq ki, bu da “Evrovision” zamanı bizi üzüağ etməyə hesablanıb.