““Balta anarxistlərin” sayı getdikcə çoxalacaq...” – Müsahibə

balta-anarxistlerin-sayi-getdikce-coxalacaq-musahibe-
Oxunma sayı: 681


- Prezidentin 27 dekabr 2011-ci il tarixdə imzaladığı Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında sərəncamının əhəmiyyətini nədə görürsünüz?

- Zənnimcə, bu böyük əhəmiyyətə malik olan proqram sənəddir və dövlətin insan haqlarına, vətəndaş azadlıqlarına ifadə etdiyi münasibətin deklarasiyasıdır. Bu sənədin əhəmiyyətindən danışarkən öncə biz ən vacib suala cavab tapmalıyıq - dövlətin Ana Yasasında və bir çox əsas qanunverici aktlarında, hüquqi-normativ sənədlərdə insan haqlarının müdafiəsi kimi universal dəyər ehtiva olunubsa, beynəlxalq hüququn norma və prinsipləri ilə milli qanunvericiliyin unifikasiyası, hətta imperativliyi tanınıbsa bu tipli proqramların cəmiyyətə təqdim edilməsinin zərurəti nədən yaranır? Mənə belə gəlir ki, bu siyasi və beynəlxalq zərurətdən irəli gələn niyyətdir və mülki cəmiyyətin təmsilçiləri ictimai konstruktivlikdən, rasionallıqdan çıxış edərək bu tipli proqram sənədləri yalnız dəstəkləməli, hökuməti sürətli siyasi islahatlara həvəsləndirməlidir, sanki təhrik etməlidir. Gəlin səmimi olaq - dünyada və ilk növbədə Şərqi, Cənubi Avropada, Türkiyədə, MDB ölkələrində, xüsusilə Avropanın ən böyük ölkəsi, hələ yaxın keçmişdə narıncı inqilabın lokomotivi sayılan Ukraynada müşahidə etdiyimiz liberal dəyərlərin və demokratik modelin böhranı fonunda Azərbaycan hökuməti bu tipli deklarasiyaların bəyan edilməsindən imtina edə bilərdi. Və bunun çox asan, bəlkə də çoxlarına banal görünən izahı da var: ölkənin feodal sosializmdən və ya kapitalist avtoritarizmdən demokratik idarəçiliyə inqilabi vasitələrlə keçidi iflasa uğrayıb. Misallar üçün uzağa getməyək. Sovetlər İttifaqının ən proqressiv müttəfiq respublikalarında, məsələn Litvada və ya 80 illik siyasi sekulyarizm ideologiyasına malik kəmalçı Türkiyədə sərt avtoritar üsul-idarə təşəkkül tapdı. Və ya ən yaxın keçmişin təcrübəsinə müraciət edə bilərik - azadlıq eşqinə düşmüş Təhrir meyadanının çiyinlərində Misirdə hakimiyyətə hərbi xunta gəldi. "Rədd olsun diktator" şüarı ilə hakimiyyətə gəlmiş yeni qüvvə edama məhkum edilmiş diktatorun cürət edə bilmədiyi siyasi vəhşiliyə əl atdı - xalqı güllə-baran etdi. Yəni, bütün bu hadisələrin fonunda hükumət özü üçün çox rahat sosial-fəlsəfi dünyagörüşə əsaslanıb asanlıqla Avropa dəyərlərinin hətta deklarasiyasından belə imtina edə bilərdi. Etinasız xalq kütlələri buna həmişə olduğu kimi biganə yanaşacaqdı, yorğun ictimai fikir buna öz kağız etirazını püskürəcəkdi, ziyalılar isə sovet ənənələrinə uyğun şəkildə mətbəxlərdə pıçıltı ilə yersiz şəkildə çərənləyəcəkdi.
Hökumət isə fərqli bir yol tutdu. Hətta iqtisadi möcüzəni dünyaya bəxş etmiş, effektiv və innovasiyalı iqtisadıyatı ilə dünyanı rüqqətə gətirən Çindən və ya korrupsiya üzərində təntənəli qələbə çalmış Sinqapurdan fərqli olaraq, Azərbaycan hökuməti açıq şəkildə və bir daha insan azadlıqların mütləqiyyətini, hətta deklarativ şəkildə olsa belə, lakin siyasi sənəd formatında təsdiq etdi. Hökumət üzərinə götürdüyü beynəlxalq öhdəlikləri təsdiq etdi. Nəzərinizə çatdırıram ki, bu siyasi ratifikasiya məhz bir çox beynəlxalq təşkilatların hökuməti məhz həmin öhdəliklərdən yayınması ilə bağlı səsləndirdiyi tənqidlərlə eyni zamana təsadüf edir. Hökumət bəyan etdi ki, Azərbaycan "asiya pələnglərinin" yolunu deyil, Avrointeqrasiya kursunu əsas götürür və milli qanunvericiliyində ehtiva etdiyi prinsiplərə sadiqdir. Zənnimcə, bir çox müşahidəçilər və mülki cəmiyyətin təmsilçiləri bu əhəmiyyətli addımı dərk edə bilmədi. Və ya istəmədi. Artıq həm iqtisadi, məm də siyasi sistemlərdə yaranacaq problemlərdən sonra üçüncü sektor bu sənədə daim istinad edə bilər. Bu vacib bir xatılamadır. Məncə, Avropa Şurasına daxil olan ölkələrin bir çoxu üçün də bu cür xatırlamalar çox zəruri olardı.

- Konkret hansı sahələrdə insanların hüquqlarının qorunmasına daha çox ehtiyac olduğunu düşünürsünüz?

- Zənnimcə, bu gün Azərbaycanda ən böyük problemlər məhz insanların sosial və konkret olaraq mülki hüquqlarının pozulmasında yaşanır. Şəxsi mülkiyyətin qorunması dəyərinin müqəddəsliyinin bazar iqtisadiyyatının inkişafına verəcəyi töhvə nəhayət dərk edilməlidir. Yeri gəlmişkən, bu problemə proqramın həm ikinci, həm də üçüncü fəslində yer ayrılıb. Söhbət əhalinin mülkiyyət hüquqlarının qorunmasından, sahibkarların hüquqlarının təminatından gedir və bu daha çox dövlət orqanlarının sistemli korrupsisyaya bulaşmasından irəli gələn vəzifədir. Təsadüfi deyil ki, üçüncü fəsildə dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsindən bəhs edilir. Sənəddə qanunun aliliyi prinsipinin möhkəmləndirilməsinə isə çox böyük önəm verilibdir.
Əlbəttə, ölkə iqtisadiyyatının ən yaralı yeri korrupsiya ictimai fikri və vətəndaş cəmiyyətini narahat etməkdədir. Və məhz korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi də bu məqsədə xidmət edir.
Eyni zamanda, ölkə ictimaiyyəti bilir ki, son zamanlar rəhbərlik etdiyim "İnsan Haqları Uğrunda" İctimai Birlik cəzaçəkmə müəssisələrində sistemli monitorinqlər həyata keçirir və qeydə aldığı problemlərin aradan qalxmasında Ədliyyə Nazirliyi ilə konstruktiv əməkdaşlıq platformasında fəal çalışmaqdadır. Məni ən çox sevindirən də odur ki, bu proqram 2012-ci ilin əvvəlində "Azadlıqdan məhrum edilmiş şəxslərin hüquq və azadlıqları haqqında" qanunun qəbul olunmasını nəzərdə tutur. Belə bir qanunun qəbulu məhkum zümrəsinin hüquq və azadlıqlarının daha dəqiq çərçivəsini müəyyən edəcək, və məncə, Avropa Penitensiar Qaydalarının birbaşa tövsiyyələrini tətbiq edəcək. Əfsuslar olsun ki, bildiyiniz kimi, hələlik bu Qaydalar Avropa Şurası üzv-ölkələr üçün tövsiyyə xarakteri daşıyır, lakin bu qanunun qəbulu artıq Qaydaların tətbiqini mütləqləşdirəcək. Həbsxanalarda həm də ən böyük problem ekstradisiya prosedurunun gerçəkləşməsinin reqlamenti ilə bağlıdır. Yüzlərlə məhkum bundan əziyyət çəkir. Sənəddə ekstradisiya məsələsi də xüsusi ilə vurğulanıbdı. Barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin həbsdə saxlanılmasının qanuniliyinin təmin edilməsi məqsədilə Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsinin hazırlanması və qəbulu isə nəhayət ki, məhkum olunmamış şəxslərin hüquqlarının daha effektiv və səmərəli şəkildə müdəfiəsinu şərtləndirəcək.
Bu sırada həm də ən vacib məsələ, Avpropa Məhkəməsinin vətəndaşların, xüsusilə siyasi motivlərlə məhkum edildiyi ehtimal edilən insanların pozulmuş hüquqları ilə bağlı çıxarılan qərarların tam icrası ilə bağlı yaranmış hazırkı narahatedici vəziyyətdir.
Və ən nəhayət, proqramdan göründüyü kimi, ən vacib masələnin həlli - diffamasiya haqqında qanunun qəbul edilməsi hökumətin gündəmini zəbt etməkdədir. Bu qanunun qəbul edilməsinin məhz hökumətin mənafelərinə cavab verəcəyi barəsində tezisi tez-tez təkrar etməkdəyəm. Bu gün Azərbaycanda heç kəs kriminal diffamasiyaya cəlb olunmur və hələ 2010-cu ilin 22 iyulunda prezident bəyan edib ki, ölkəmizdə diffamasiyaya görə cinayət məsuliyyətinə de-fakto veto qoyulub. Belə olan təqdirdə bu qanunun indiyədək qəbul edilməməsi təəccüb doğurur, çünki kriminal diffamasiyanın ləğv edilməsi beynəlxalq təşkilatlar tərəfindən böyük sayğı və ehtiramla qarşılanacaq.

- İnsan hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsində vətəndaş cəmiyyətinin rolunu nədə görürsünüz?

- İnsan haqlarının müdafiəsini fəal vətəndaş cəmiyyəti olmadan təsəvvür etmək mümkün deyil. Dünyanın ən demokratik dövləti belə vətəndaşa qarşı qəsbkar mövqedən çıxış edir. Məsələn, ABŞ-da məşhur Uollstrit küçəsində "maliyyə öküzün" şıltaqlıqlarından bezən vətəndaş etiraz püskürəndə polis ona qarşı dəyənəklə cavab verdi. Mən həmin vaxt Nyu-Yorkda səfərdə idim və gözlərimin qarşısında sərbəst toplaşma azadlığı hüququndan istifadə edən 147 fəal həbs edildi. Və ya Almaniyada, Ştutqartda yerli parkın sökülməsinə qarşı etiraz edən yüzlərlə insana dövlət dəyənəklə və hətta rezin güllə ilə cavab verdi. Fəal vətəndaş cəmiyyəti olmadan vətəndaşın hüququnu hakimiyyət təmin etməyəcək və bunu dərk etmək üçün yunan Əflatundan tutmuş amerikalı Cefersona qədər fəlsəfi fikri təhlil etmək yetərlidir. Yalnız ictimai fikrin ifaçısı rolunda çıxış edən vətəndaş cəmiyyəti dövlətin süngülərinin qarşısına çıxmaq qüdrətindədir. Yalnız ictimai nəzarəti həyata keçirən fəal vətəndaş cəmiyyəti hər bir hökumətin qeyri-məhdud hakimiyyət iddiasının qarşısını ala bilər. Amnesti İnternational və ya Human Rights Watch təşkilatları olmasaydı İsrailin Türkiyənin sülh missiyasına qarşı təcavüzünə dünya ictimai fikrinin etirazı o qədər sərt olardımı?

- Necə düşünürsünüz, insan hüquqları ilə bağlı maarifləndirmə işinə nə dərəcədə ehtiyac var?

- Ümumiyyətlə hər zaman Azərbaycanda maarifçilik milli gündəmin ən başlıca problemini təşkil edibdi. Məncə, mülkü cəmiyyətin bir çox nümayəndələri öncə özləri daha çox maariflənməli, sonra isə insanlara maarifçiliyi aşılamalıdır. Zənnimcə, bizim bir çox vətəndaş cəmiyyəti fəalı dünyada cərəyan edən proseslərdən və inkişaf vektorlarından xəbərsizdirlər. Çünki o qədər də informativ olmayan Azərbaycan mətbuatından savayı, heç nə oxumurlar. Dünya mətbuatından və ictimai fikirdən xəbərsidilər, daha çox 90-cı illərin Fukuyama sayağı əhval-ruhiyyəyə kökləniblər. Mən bu yaxınlarda Nyu-York Tayms qəzetində iki çox sevdiyim, ehtiram bəslədiyim publisistin dialoqlarını oxudum. Tomas Frid yazır ki, mən övladıma sürətlə çin dilini öyrədirəm, çünki o dünyanın gələcək mərkəzinin dilini bilməlidir. Azərbaycanda heç kəs bilmir ki, iki il bundan öncə Nobel Sülh mükafatı uğrunda əsas mübarizə iki namizəd arasında gedib - insan haqları uğrunda fədakar mübariz, dissident Lyu Sya Bao və iqtisadi möcüzənin banisi Çin Kommunist Partiyası. Səslər parçalanıb. Nəhayət uzun müzakirədən sonra, prinsipləri qoruyan Komitə üzvləri Avropa Şurasının baş katibi, Komitə sədri Tyorborn Yaqlandın təsiri altında mükafatı məhz dissendentə veriblər. Bu dünyada müşahidə edilən ciddi dəyərlər böhranının təzahürüdür. Mən bunu çoxlarına bəhs edirəm, lakin hətta ziyalılar belə bu faktdan məlumatsızdı. Və yaxud Azərbaycanda çox az adam bilir ki, Macarıstan - Avropa İttifaqının üzvü kütləvi informasiya vasitələri haqqında dünyanın ən mürtəce qanununu qəbul edib.

Bizim ölkədə siyasi əqidəsindən asılı olmayaraq vətəndaş cəmiyyəti, mən deyərdim, iki əsas firqəyə bölünüb - Balta dəyərinin tərəfdarlarına və İnterneti dəstəkləyənlərə. Maariflənmə işi güclənməyənə qədər "balta anarxistlərin" sayı getdikcə çoxalacaq və insan haqları sadəcə manipulyasiya mənbəyinə çevriləcək. İnsan haqları - ehkam deyil, hərəkət üçün dəyərdi. Qəbul edilmiş proqramda nəzərimi bir dəyərli fikir cəlb etdi: proqramın məqsədi Azərbaycanda insanın rıfah halının yüksəldilməsidir. Çox yaxşı ki hökumət bəyan edir ki, nəinki sosail və iqtisadi hüququsuz, hətta siyasi haqqı olmayan vətəndaş yüksək rifaha sahib çıxa bilməz.