Baş redaktor olmayan baş redaktor

bas-redaktor-olmayan-bas-redaktor
Oxunma sayı: 1257

ZƏRURİ GİRİŞ: Xanoğlan Əhmədov. Hay-küy və intriqa, eləcə də boz mətbuat aşiqləri üçün bu imza hətta mətbuat günündə elə də cazibədar deyil. Çünki bu imzanı nə iqtidarı söyməkdə, nə də müxalifəti öyməkdə görməyiblər. Eləcə də əksinə. Heç əksəriyyəti də bilmir ki, Xanoğlan Əhmədov “Ekspress”də çalışıb, ƏDALƏT Partiyasinin sədri, hüquq elmləri doktoru İlyas İcmayılovun təsisçisi olduğu “Geopolitika XXI əsr” qəzetinin baş redaktoru olub. İndi də partiya sədrinin müavinidir. “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədridir. “Ekspress” qzetində köşə yazılarıyla çıxış edir. Üz-üzə gələndə də heç 50 yaş verməzlər. Kim nə verir, kim nə vermir, özü bilər, əvəzində Allah ona “ən” təyinli bir çox nəsnələr verib ki, Xanoğlan Əhmədov 50 illik ömründə bir daha və yenidən sübut etdi ki, O, bunlara layiqdi.

Tanış olun – o, mənim dostumdur!

Onu ya “Xan” çağırmışam, ya da oxşayıb “mənim əziz baş redaktorum”. Hər iki halda mənə inanmaq istəməyib. Nədi-nədi, Qənimət Zahidov ona haçansa deyib ki, Aydın Canıyev baş redaktoru olmayan yazardır. Amma mən doğrudan onu

Xan DOST

saymışam. Daha doğrusu, o, özünü belə təsdiqləyib. Ən azından ona görə belə qənaətdəyəm ki, onun dostları onun uşaqlarını onun özü qədər istəyir. Çünki Xanoğlan Əhmədovla dostluq elə onunla ilk tanışlıq anındanca başlayır – həmən də tanışdan dosta çevrilir və bu münasibət bitmir. Xanoğlan Əhmədov müstəqillik dönəmində yazarlıq imzası qazanmış isimlərdəndir və bircə nəfər də tapmazsan ki, Xanoğlan Əhmədovun bir aqressiv tonda yazılmış yazısına şahidlik etsin. Üzündəki təbəssüm həmişə yazılarında olub. Jurnalistika onun üçün “çörək ağacı”, “savaş meydanı”, “intriqa cəbhəsi”, “şou-biznes” və s. bu tipli əndrabadi və hərcayi fəaliyyət və peşə meydanı olmayıb. Jurnalistika onun üçün dost insanlar diyarıdır. Putinin tələbə dostundan tutmuş Azərbaycanın baş prokuroru, ana və ata müxalifətin liderinəcən hamısı onunla salam kəsir.
Həqiqi jurnalistika və jurnalistlik də elə budur.
Xanoğlan Əhmədov həm də Azərbaycanda çox nadir jurnalistlərdəndir ki, jurnalistliyi prokurorluqla, polisliklə səhv salmır. Yəni: jurnalist informasiyanı operativ şəkildə əldə edib onu obyektiv formada oxucuya çatdırmalıdı... Ki, bununla da məşğul olub. Adam AXC üzvü ola-ola, Ədalət Partiyasının sədrinin təsisçisi olduğu qəzetdə baş redaktor işləyib. Bunun üçün gərək ilk növbədə, nə yediyinə tüpürməyi bacarasan, nə də reverans edəsən. Bax, məhz bu keyfiyyətinə görə ona – Xanoğlan Əhmədova

“Mənim əziz baş redaktorum”

deyə oxşaya-oxşaya, əzizləyə-əzizləyə və səmimi müraciət etmişəm. Adam adamla dostdursa, ona baş redaktorluq etmir, amma adam üçün baş redaktorluq edir: qəzetin təsisçisinə, sponsoruna gedib minnətçi düşür ki, redaksiyadakıların problemi var və maaşdan, qonorardan əlavə də yardım etmək lazımdı. Özü də bu xahişdə, minnətdə adamın – işçinin özündən xəbərsiz bulunub. Xahişi eşidiləndən, yerinə yetiriləndən sonra eymənə-eymənə soruşur ki, filankəs səni axtarmayıb. Hə-ə, onda adam barmağını dişləyir ki, arğac hardan keçibmiş ki, üzünə gün doğub.
Tanıdığım çox az redaktorlardandır ki, haqq-hesabda düz olub. Birlikdə ərsəyə gətirilən qəzetin “qara siyahısı” olmayıb ki, deyəsən, redaktor sökdü-dağıtdı.
Bu mənada özüm üçün də, jurnalistika üçün də əziz hesab etdiyim baş redaktorlardandır.
Tanışlığımız bir iyirmi ilə çəkir. Bir beş il də çiyin-çiyinə çalışmışıq. Xasiyyətimin ən pis tərəfi odur ki, mənə rəğbəti olan adamı ta bezdirənə qədər boğaza yığıram. Dönən andaca adam mənim üçün imtahandan “iki” almış uşağa tay olur. Amma Xanoğlan Əhmədovu bezdirməkdən bezdim, o... bezmədi. Bu gün də bu sətirlər məhz buna görə yazılır.
Bir insan ki, itirməkdən qorxmadı, ondan nə yaxşı dost olar, nə də yaxşı ata.

Yaxşı ata

titulunu Xanoğlan Əhmədov özünə haqq edib. 1998-ci ildə jurnalistlərin dilinə təzə-təzə dəb düşəndə “neyniyim, balama çörək qazanıram”, onda hirslənirdim ki, bir balanızdan soruşun, o sizin belə miskinliklə qazanıb evə apardığınız çörəyi istəyir ya yox...
Əgər Xanoğlan Əhmədovun (və həm də mənim) həmkarlarının bəzilərinin evə apardığı “çörəyin” söyüşü qazanc kimi ocaqlarına daha tez çatırsa, Xanoğlan Əhmədovun halallıqla qazandığının bərəkəti uşaqlarını doyurur.
İndiki zamanda iki oğlan uşağına ödənişli fakültələrdə ali təhsil verdirmək ancaq yaxşı atanın çiyninin çəkə biləcəyi yükdür.
Bütün dostlarının, o cümlədən də mənim sevimlim olan Səidin – Xanoğlanın sonbeşiyinin kaprizlərinə daş da dözməz. Fəqət... Xanoğlan dözür. Və mən şahidi olduğum bir faktla yaxşı ata söhbətinə son qoyuram. Redaksiyada üçümüzdük – Xanoğlan, Səid və mən. Birdən Səid nəsə istədi və soruşdu: “Ata, pul var?” Həmin anda Səidə “yox” demək dünyanın qaranlığa qərqi demək idi, heç vaxt uşaqlarına yalan danışmayan Xanoğlan üçün də yalan demək faciə. “Atanın həmişə pulu var”.
İkimiz də bilirdik ki, cibimizdə qara qəpik də yoxdu. Ancaq Xanoğlan həm də yalan danışmamışdı. Bir az üstündən keçməmiş bizi sevindirən zəng gəldi.
Qəti qənaətimdi: uşaqlar məhrum olduqları hər şeyi sonradan əldə edə bilərlər, amma onların yaxşı ata ehtiyacını heç bir vəchlə ödəmək olmaz, əgər ki... ata yaxşı olmasa.
Xanoğlan Əhmədov həm də və ilk növbədə yaxşı ata ehtiyacını ödəmiş və özü də bunu halallıqla, şərəflə ödəmiş yaxşı atadır. Onun yaxşı jurnalistliyi və əziz baş redaktorluğu bundan çox-çox sonradır, elə yaxşı ata olmağı ilə dəyərlidir.
Mən Azərbaycanda barmaq sayı yazar tanıyıram ki, onun şəxsiyyəti ilə yaradıcılığı düz mütənasibdir. Sevinirəm ki, onlardan biri Xanoğlan Əhmədovdur və biz artıq beşinci il olar ki tamam ayrı-ayrı dünyalardayıq, ancaq mən yenə də onun hər zənginə “bəli, mənim əziz baş redaktorum” deyə cavab verirəm.
Doğrudan da, ürəkdən sevdiklərin dəyişməyəndə, sabit qalanda, dünya gözəl olur.

Özgün dünyalar adamı

Əgər məndən soruşsalar ki, jurnalistikadakı gənc nəslə kimi nümunə göstərərdin, tərəddüdsüz deyərdim: Xanoğlan Əhmədov. Bilirsinizmi niyə?
Ən azından: heç vaxt iki “dalaşan politikan”ın oyununa qoşulub qazanc iddiasında olmadı;
heç vaxt “Nyu-York Times”-da filankəs, burda mənəm, - demədi: YAZISINI yazdı, qonorarını aldı;
heç vaxt “əjdahalıq, aslıq” iddiasında olmadı – amma hamının arzuladığı rütbələri, postları, mükafatları “vay-şivən”siz, “yaxacırdı”sız qazandı!
...Onsuz da Azərbaycanda çox şey saxtadır, saxtalaşdırılır. Sevindirici bir məqam var: o saxtalığın içində Xanoğlan Əhmədov yoxdur və heç vaxt da olmayacaq. Belə “böyük olmayan” Xanoğlan Əhmədov alayı böyükdür, alayı cür böyüyür: - 50 yaşa çatır.
Son 20 ilin hadisələrində belə səmimi və yaxşı böyüməyin, abırlı qalmağın özü də elə qəhrəmanlıqdır, zənnindəyəm.

Zaman təsadüflər tanıtmır

O qədər birgə zarafatlar, ad günləri, xeyir-şər məclisləri iştirakımızla keçib ki... qeyd etməmək olmur. Çünki... hər yığnaqda bir olay baş verib ki, əbədiyyətə qədər ancaq gülmək olar. Hamısını deməyəcəm. Ancaq birini sirr kimi açacam.
Deməli, Yardımlının Şiləvəngə kəndinə Xanoğlanın qardaşının toyuna getmişik. Təbii ki, dağ havası, quzu kababı və... “ceyran südü”. Dağ adamları da ötkün. Ayıq başla Aydın Canıyevin dediyini sinirə bilməyənlər dəm havasına çırtıq çalası deyil ki. Əlqərəz, “mərəşülə”dən sonra mən Masallıda köhnə dostum Hamlet Quliyevi gecə birin yarısı yataqdan qaldırıb məni Bakıya yola salmasını istədim. Hamlet də Yardımlının etibarlı dostlarından biri kimi sakitcə, narazılıq etmədən, sidq-ürəklə evin saxlancından ədəb-ərkanla 10 manat götürüb məni maşınla yola salmaq üçün əsas yola düzəldi. Amma sözarası soruşdu ki, xeyir ola? Ötəri də olsa “mərəşülə”ni danışdım və əlavə etdim: “arada 50 dollarlıq eynəyim itdi”.
Bakıya gələndə Xanoğlan giley edə-edə soruşdu: “Sənin eynəyin 50 dollarlıq idi?”

- Xan..., adamı gecəyarısı qaldırmışam, evinin çörək pulunu “mırtımın” badına vermişəm, bə nə deyəydim, deyəydim 2 dollarlıq eynəyi itirmişəm?
... Mən hamınıza həmin anda Xanoğlanın üzündəki təbəssümü arzulayıram.

Yalansız yeriyə bilən adam

Mən ömrümdə az adam görmüşəm ki, yalan danışmasın. Həmişə də yalan danışanlara qrup yoldaşlarımdan birinin rəhmətlik atasının dediyini xatırlatmışam: “adamlar özlərini güclə çəkir, bu yalanı necə daşıyırlar?”
Hə-ə, Xanoğlan Əhmədov mənim üçün yalandan iqtidarı tərifləyib, müxalifəti söyüb “Azərbaycanın əməkdar jurnalisti” fəxri adını, “Qızıl qələm” mükafatını, yalandan müxalifəti tərifləyib, iqtidarı söyüb qrant alan jurnalistlərdən bu baxımdan üstündür.
Jurnalist belə olar: iqtidarın da, müxalifətin də yaxşısını tanıyır və onlarla oturub-durur, daha doğrusu, yazısını, informasiyasını onlarla işləyir.
Sağ əli qalanların başına!!!
Belə böyüyün, belə yaşa dolun!
Sağ ol, Xan!
Sağ ol, mənim heç vaxt yalan danışmayan əziz baş redaktorum!
Sənə heç nə arzulamıram – ona görə ki, Sən arzularımızın təcəssümüsən.
Ən xoş arzularla, Sənin əziz birinci müavinin

Aydın Canıyev