“Belin incə, zülfün uzun” – Şeir

belin-ince-zulfun-uzun-seir
Oxunma sayı: 873

SÖZ VERMİŞƏM

Mən ruhumu günahlardan,
Xəyalımı uzaqlardan,
Baharımı sazaqlardan
Ayırmağa söz vermişəm.

Dizlərimi yer daşından,
Sözlərimi daş- qaşından.
Gözlərimi göz yaşından
Ayırmağa söz vermişəm.

Küsdüm ALLAHIN nəyindən?
Gözlədiyim SUR neyindən?
Əllərimi-ətəyindən,
Ayırmağa söz vermişəm.

A Mirmehdi, bezdim səndən
Səni məndən, məni səndən,
"Mən-mən"deyən "məni"məndən
Ayırmağa söz vermişəm.

KÜL EYLƏ GƏL

Dərd qaynayır buğum-buğum,
İşlərinə göz yumduğum,
Sevinc dolu gün umduğum,
Varlığımı kül eylə gəl.

Ey yaradıb yaşatmayan,
Dərd yükünü boşaltmayan,
Bir şeytana daş atmayan,
Varlığımı kül eylə gəl.

Bir köləyəm gün görməmiş,
Min atını cin görməmiş,
Bəd yuxumu çin görməmiş,
Varlığımı kül eylə gəl.

Mənə qalmaz gizlədiyim,
Məzarımdı izlədiyim,
Ay yolunu gözlədiyim,
Varlığımı kül eylə gəl.

Bir dərdim yüz etmisən,
Nə etmisən, düz etmisən,
Niyə məni eşitmirsən?
Varlığımı kül eylə gəl.

Mirmehdidə dözüm yoxdu,
Dərdlərimə çözüm yoxdu,
Yaşamağa üzüm yoxdu,
Varlığımı kül eylə gəl.

GİZLƏ MƏNİ...

Ay hörüyü qulac-qulac
Bu dünyadan gizlə məni
Qollarını gəl geniş aç
Ağuşunda gizlə məni

Çox şirindi işvə, nazın
Belin incə, zülfün uzun,
Səndən sonra başqa qızın
Baxışından gizlə məni.

Al yanağın təzə-tərdi
Bizim sevgi bir əsərdi,
Qız, bu rəssam bədnəzərdi
Naxışından gizlə məni

Mirmehdinin dinlə halın
Sənsiz neynim dünya malın,
Ağzı göyçək insanların
Qarğışından gizlə məni.

MƏN TÜRKƏM

Tanrı dağın ətəyində
Tük ürpədən qurd səsiyəm
Balkanlardan Sibirədək
Yol gözləyən yurd səsiyəm

Atilladır ulu babam
Haqsızlara dərd olmuşam
Göy tanrıya yerdə babam
At belində doğulmuşam

Bozqırlarda qara kürkəm
Şiş papaqlı baş tarixəm
Kür Şad oğlu ulu TÜRKƏM
Çin səddində daş tarixəm

Namərdləri xar etməyə
Polad kimi biləyim var
Dostlarımı var etməyə
Dünya boyda ürəyim var

At belində tarix yazan
Dədə Qorqud övladıyam
Şəhidinə məzar qazan
Tomris ana fəryadıyam

Dünya məni tanı bir az
Türkü deyən ozan mənəm
Gəl tarixə adımı yaz
Çünki, tarix yazan mənəm.