Beyinlərini ipoteka etdirənlərin bəyanatına...

beyinlerini-ipoteka-etdirenlerin-beyanatina
Oxunma sayı: 660

Əvvəllər bayraqsız, simvolsuz, dəyərsiz olanların öləndən sonra "simvol, bayraq, dəyər" kimi dəyərləndirdikləri cinayət nəticəsində qətlə yetirilən şəxsin Peyğəmbərimiz (s) haqqında təhqiramiz tərcüməvari yazısına belə cavab verməmişdim. Bilirdim ki, bu bilmədiyinə düşmən olanın yazısıdır. Ona görə də Onun (s) haqqında 3 kitab tərcümə edib, 2 sənədli film hazırlatdırıb mətbuat konfransı ilə cavab verdim. Bəs İslamı terror dini kimi tanıdıb bəyanat yayanlara? Gərək "İslam"ın "İ"sindən başlayasan ki, bəlkə ipoteka etdirdikləri beyinlərinin siqnalları yavaş-yavaş çalışa və məsələlərə epistemolojik yanaşa bilərlər...

Siyahıdakı ad(am)lara baxıb kinayə ilə heyfslənirəm. Özlərini "Azərbaycan" adlandırırlar, sonra da başqa adlarla imza atırlar. Ölkənin adından danışırlar, amma ölkə vətəndaşlarını qruplaşdırırlar.

Hansı kültürü könüllü olaraq seçmişik?

İslamı pisləyən bu insanlar görün nə yazırlar: "Elmə hələlik bəlli olan bir neçə minillik kültürümüzdə Şumerdən də, Misirdən də, Hinddən də nələrsə tapmaq mümkündür. Ancaq VII yüzillikdən başlaya-raq biz zorla ərəb-islam kültür dairəsinə daxil edilmişik".

Burada sadalanan Şumer, Misir, Hind kültürləri görəsən, bir neçə minillik kültürümüzə necə yerləşib? Bəlkə bunlar da iddiaçıların iddiaları kimi zorla kültür dairələrinə daxil ediliblər. Bəlkə insanlar həmin kültürlərdən xilas yolu kimi İslamı qəbul ediblər? Buna qol çəkənlər görəsən, bu cümlə ilə nəyin qəsd edildiyindən xəbərləri varmı? Ümumiyyətlə, "ərəb-islam kültürü" deyilən anlayışı bəyanatı ya-zanlardan hansı kəşf edib ki, bu sözlə özlərini gülünc vəziyyətə qoyurlar? İslamın Azərbaycana zorla daxil olması ittihamı ilə bağlı dəfələrlə yazıldığı və çeynənib bunu yazan(lar)ın üstünə atıldığı üçün burada təkrarçılığa yol vermək istəmirəm.

İslam Babəkdən əvvəl Azərbaycana daxil olub


Bəyanatda yazırlar: "Ərəb yarımadasından bizə yeridilən "dinul-ərəb"ə qarşı bir neçə əsrlik ümumxalq müqaviməti göstərmişik. Beş il sonra 1200 illiyini qeyd edəcəyimiz Babək Xürrəmdin Azərbaycan xalqı üçün bu şan-lı müqavimətin simvoludur. Zorla müsəlmanlaşdırıldıqdan sonra da biz heç vaxt ortodoks islamı qəbul etmədik, tarixə təqib və qətl edilmiş sufilər vermişik".

Bura imza atanlardan tarix bilgisi olan yox idimi ki, heç olmasa bu yazıya bir azca redaktə xarakterli düzəlişlər edərdi? Müraciət etdikləri beynəlxalq təşkilatlara, onların dinlərinə "dinul avrupa", "dinul əmrikiyyə" kimi baxmayan bu adamlar görəsən "dinul-insan" olan İslamı nə vaxtdan "dinul-ərəb" kimi xarakterizə etməyə başlayıblar? Bu adamlar hələ də elə hesab edirlər ki, İslam Azərbaycana Babəkin vaxtında gəlib? Bunlara bir başı papaqlı yox idi ki, başa salsın ki, artıq Babəkdən iki əsr əvvəl Azərbaycanda İslam vardı. Cavidanın xanımı, Babək və sair kimi məsələləri də tarix kitablarına həvalə edirəm. Əks təqdirdə mən də bunların bəyanat ünvanladıqlarından olan sarkozivari hərəkət etmiş olaram.

Hansı İslamı qəbul etmisiniz?


Təsəvvür edin, İslamı terrorla eyniləşdirən bu fikir terrorçuları yırtılmış abır pərdələrindən başlarını çıxararaq "biz heç vaxt ortodoks islamı qəbul etmədik" yazırlar. Görəsən, bunlar hansı İslamı qəbul ediblər? Onu da yazsaydılar, biz də bilərdik. Bunların guya ki, simvollaşdırdıqları Osmanlı imperiyasını tərcümə edərkən bilmədiyi üçün "Ottoman" yazdığı kimi bu insanlar da xristianlıqda olan katolikliyi, protestantlığı, ortodoksluğu islamla eyniləşdirib, AĞAlarına ismarıc göndərirlər?

Sufiləri necə vermisiniz?


Deyirlər ki, tarixə sufilər veriblər. Görəsən, necə veriblər? "Dinul ərəb" yazan bu zavallıcıqlar "sufi" sözünün mənasını bilirlərmi? Həmin sufilərin kimlər olduqlarından xəbərləri varmı?

Bunlar dövlət qurubmuş!


Yazır(lar): "XX yüzillikdə bütün müsəlman Şərqində ilk dəfə biz teokratik yox, demokratik respublika qurduq!" Görün, kimlər demokratik respublikanı qurmaqda iddialıdır? Kimlər özlərini KİMlərlə müqayisə edirlər? Ümumiyyətlə, İslamda teokratik dövlət anlayışı varmı? Bunların simvolu İslamı İranla eyniləşdirdiyi kimi özləri də rejimlərlə bağlı məsələdə eyni səhvləri təkrarlayırlar. Almaniyanın, Hollandiyanın və digərlərinin xristianlığa nə qədər dəxli varsa, İranın da İslama bir o qədər, bu bəyanatdakıların da İslama bundan da artıq dəxli var.

Cinayəti bilənlər!


Cinayətin kim(lər) tərəfindən törədildiyi bilinmədiyi halda artıq qərar vermiş bu qaragüruhçular istintaqın getdiyi bir ərəfədə təqsirsizlik prezumpsiyasını ən yaxşı halda insafsızca, qəddarcasına pozan pozulmuşlara hüquqi, fəlsəfi istilahlarda nə deyildiyini imza atanlar daha gözəl bilirlər. Bu cür məsələnin təxribat ola biləcəyini fikirləşmək bunların beyinlərinə gəlməyib?

Kimdir azadfikirli?

Azadfikirli imiş bunlar! Azadfikirli olduğunu iddia edənlər hələ də öz mənfur, qaragüruh məqsədlərindən azad ola bilmədikləri halda başqalarının fikirlərinin azad olmadığını iddia edirlər. "Rafiq Tağının gözü ilə" baxdıqlarını iddia edənlər əvvəlcə "at eynəkləri"ni çıxarıb ətrafa baxandan sonra kiminsə eynəyi ilə baxa bilərlər.

Dəyərsizlərin dəyəri


"Avropa dəyərlərini yaydığı üçün..." Necə gülməli ifadədir... Hansı dəyərlər imiş bunlar? Saysaydılar biz də bunların necə və nəylə dəyərləndiklərini və dəyərləndirildiklərini dəyərləndirərdik. Əks təqdirdə dəyərləri dəyərsizlərin dəyəri qədər qalacaq ki, bu da hazırda onların özlərinin dəyərlərini göstərir.

Tolerantlar!


"Biz öz dünyəvi dövlətimizi və tolerant yaşayış tərzimizi, söz və vicdan azadlığımızı qəzəblilərdən qorumaq istəyirik!" Bu yazının müəllifi, yaxud müəllifcikləridir tolerant? Cik-cik etmələrinə baxmayaraq, hələ də olduqları qəfəsdən başqa dünyadan xəbərləri olmadıqları üçün tolerantlığı çox "ümumbəşəri" görürlər.

Dünyəvi dövləti qoruduqlarını iddia edənlər! Öz simvollaşdırdıqlarını qoruya bilməyənlər dövləti qorumaqdan danışanda bişmiş toyuqların da ağlamağı gəlir. Bu bəyanatla dövlətin dininə bağlı insanlarını terrorçu adlandıranlar görəsən dövləti necə qorumaq istəyirlər?

Belə etiraz olar?


Açığı, mən bu imza atan «tolerantlar»dan daha fərqli davranış, etiraz gözləyirdim. Çünki hələ o vaxtı bunların simvolu, dəyəri, bayrağı (!?) olmayan Rafiq Tağı Peyğəmbərimiz (s) haqqında təhqiramiz yazı yazanda və nəticədə həbs ediləndə bunlardan bəziləri dindən imtina etmişdilər. Amma bunların hansı dində olduqlarını özləri yəqin daha yaxşı bilirlər. Sonra yenə nəyəsə etiraz edib bir partiyaya pənah apardılar. Mən dedim yəqin bu dəfə də bayraqdarlarına qarşı cinayətə görə harakiri edəcəklər. Bəlkə də səhv fikirləşirdim. Axı, bu yapon kültürü ilə bağlı intihar növüdür. Avropaya xas deyil...

Bəyanata imza atanların Rafiq Tağının ailəsi üçün bircə aylıq maaşlarından imtina edərək onun ailəsinə kömək etmələri daha gözəl ənənənin başlanğıcı olmazdımı?

"Günahsız olan daş atsın!"


Aralarında görün kimlər var imiş. Gah xristian, gah dinsiz olanlar; azadlıq sözçüsü kimi çıxış etdiyi halda başqalarının azadlığına, dini həssaslığına söz atanlar; layihəni cibinə atıb qəzeti bağlamaq istədiyi halda qıcıqlandırıcı yazılar dərc edərək suyu bulandıranlar; İslama aidiyyatı olmadığı halda qardaşlarına sanki istehza edirmiş kimi "terrorçu" molla gətirib Quran oxutduran qayğıkeş qardaşlar, dələduzluğa görə həbsdə yatmış yazanlar; tələbələrə jurnalistin tərəfsiz olmasından ağız dolusu danışan tərəflilər, naşirlər və sair... Unutmayın ki, İslam ləkə götürməyən dindir. Sizin kimi ləkəli deyil.

Nəticə olaraq...

Onlar kimi düşünməyənlərə qarşı tolerantlıqdan yaxaları qabaran, Avropa dəyərləri ilə çəkiləri ağırlaşan, ziya ilə dolu beyinlərindən fantan vuran, səsləri ilə dünyanı lərzəyə salan, lənətləməkdən dillərindən çiban çıxan, şam kimi ziya salan bu zavallılara, mədəd umduqları Avropalının inkvizisiyasını Demokl qılıncı kimi Azərbaycanın vətəndaşlarına qarşı tuşlayanlara Allahın bir ayəsini xatırladıram: "Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız" ("Nəhl" surəsi, 90).