Bəylər Əyyubov otağa girib dedi ki... - XXIV Hissə

beyler-eyyubov-otaga-girib-dedi-ki-xxiv-hisse-
Oxunma sayı: 3314

İqamətgah Ukrayna Prezident Aparatının yaxınlığında idi. İran Səfirliyinin binası da iqamətgaha çox yaxın idi. Elə indi də həmən yerdədir. Piyada yol idi. Getdim görüşə. Görüşümüz yarım saatdan çox çəkdi. Hal-əhval elədik sonra da bir sıra məsələlərdən danışdıq. O zaman rəhmətlik Hacəli İkram İslam Partiyasının lideri Azərbaycanda həbsdəydi. Tehran da çalışırdı ki, Azərbaycan hakimiyyəti onu həbsdən azad etsin. H.Əliyevə dedim ki, indi mən rəsmi olaraq İranın Ukraynadakı səfirinin birinci müaviniyəm və Azərbaycan-İran əlaqələri mənə aid deyil. Siz həmişə məni köhnə dost deyə səsləmisiniz. Mən bir dost kimi sizdən xahiş edirəm ki, Əli İkram Əliyevin sərbəst buraxılmasına yardım edin. Mən bunu Azərbaycanın xeyirinə görürəm. (Əlbəttə bir sıra sözlər, dəlillər gətirdim və məsələni izah etdim) Eyni zamanda İran-Azərbaycan əlaqələrinin də xeyirinədir. H. Əliyev mənim sözlərimin çox hissəsilə razı oldu və söz verdi ki, məsələnin yenidən baxılmasına və tez həll olunmasına lazimi göstərişləri verəcək. Elə də oldu və az zaman çəkmədi Hacı Əli İkram sərbəst buraxıldı. Bu görüşdə biz iki ölkənin əlaqələrində olan düyünlərlə bağlı da danışdıq. Hər halda o zamandan 3 ay öncəyədək mən Bakıda İran səfirliyin birinci müavini idim, yenə də bu əlaqələrə ürəyim yanırdı.

Əslində bu görüşü İranın Ukraynadakı səfiri Bezad Məzahirinin təşviqilə etdim. Ona gorə ki, bilirdim İranın Bakıdakı səfiri Əlirıza Bigdeli mənim H. Əliyevlə görüşməyimə narahat olacaq, yenə nələrsə uyduracaq və bu sözü Behzad bəyə də dedim. Amma o, dedi ki, sən bu məsələyə fikir vermə, sənin Ukraynada Azərbaycanın prezidenti ilə görüşməyin və bir sıra məsələlərin həllinə kömək etməyin çox dəyərlidir. Hətta Behzad dedi ki, bu görüşün xəbərini də verək, KİV-də yayımlansın, amma mən razı olmadım. Bir neçə ay mənim H. Əliyevlə görüşümdən sonra Tehranda Bigdeli Məzhiriyə demişdi ki, siz fikirləşmədiniz ki Əfşarın H. Əliyevlə Kiyevdə görüşməyi mənim mövqeyimi Bakıda zəiflətməzmi? Məzhiri ona demişdi ki, məncə yox, amma əgər sən dediyin kimi də olsa, önəmli deyil. Mənim, sənin mövqeyimizin zəiflənməsi mühüm deyil. Əsas odur ki, ölkənin mövqeyi güclənsin və Əfşarın H. Əliyevlə görüşü bu istiqamətdədir. Belə hallar çox az baş verir. Bir xarici ölkədə başqa bir xarici ölkənin prezidenti başqa bir ölkənin səfirinin müavinini görüb danışırsa bu bizim xeyrimizədi. Behzad Məzahirinin düşüncə səviyyəsi və uzaq görüşü nümunəvidir. Eyni zamanda onun ürəyi çox böyük və saf idi. Elə səfirlər və müdirlər İranda çox az tapılır. Əlbəttə İran üzrə demirəm, sistemin içərisində belədir.

Nazim İbrahimov (AZRXYAİDK sədri) o zaman Azərbaycanın Ukraynda səfir idi, neçə dəfə də ona qonaq olmuşdum. Azərbaycan səfirliyi binasını təzə almışdı, onun qarşısında yaxşı bir meşəlik də var idi. Səfirliyin həyəti də böyük idi, Kiyevin çox yerləri kimi ağacları, yaşıllığı çoxlu idi. Bir kərə elə səfirliyin həyətində birlikdə kabab çəkdirdik, yedik. Bir iki dəfə də restoranda bir yerdə yemək yedik. Nazim o zaman yaxşı adam idi. Onun Elman adlı yaxşı bir müavini var idi, onunla da dostluq münasibətimiz var idi, tez-tez görüşürdük. İkis ilə də telefon təmaslarımız davamlı olaraq var idi. Eşitdiyimə görə, Elman Avropa ölkələrinin birində səfirdir. (ya da səfir işləyb və dönüb XİN-də çalışır.)

Ukraynada olan vaxtlar azərbaycanlılarla sıx əlaqədə idim. Onlar səfirliyə gəlirdilər, görüşürdük, məni tədbirlərə dəvət edirdilər iştirak edib, çıxışlar edirdim. Məhərrəm ayında Təziyəyə İran səfirliyinin Hüseyniyyəsinə gəlirdilər.

Maraqlısı bu idi ki, mən H.Əliyevlə görüşəndə Bəylər Əyyubov gəldi görüş otağına və dedi ki, Ukraynanın baş naziri sizinlə görüşməyə gəlib, aşağıdadır. H. Əliyev dedi ki, gözləsin, Əfşarla sözüm bitsin. Doğurdan da o, rəhmətlik böyük siyasətçi, müdrik və psixoloq idi. Baxmayaraq ki, birinci təhsilatı memarlıq üzrəydi və özü mənə bunu demişdi. Hətta demişdi ki, Bakıda Prezident Aparatının qarşısında olan Qonaq evinin (ağ ev) dizaynını özüm vermişəm. Orada mağaralar kimi işlər görülüb. Biz bir neçə dəfə heyətlərlə Bakıya gələndə orda qalmışdıq və o mağaraları görmüşdüm.
Burada yenə H.Əliyevdən bir sıra sözlər yadima düşdü. Bəzi görüşlərimizdə sözün gəlişi belə olurdu ki, rəhmətlik keçmişdən də danışırdi. Bir dəfə mənə dedi ki, heç vaxt olmayıb mən yazını üzündən oxuyum. Bəzi ölkələrdə hətta yazını elə qoyullar ki, kimsə görmür ancaq çıxış edən onu görür. Bir dəfə də dedi politbüronun bütün üzvləri rəsmi mərasimdə Moskvada Qırmızı Meydanda qış vaxtı başlarına papaq qoyardılar, amma mən politbüronun yeganə üzvüydüm ki, papaq qoymazdım.

H.Əliyev İran rəsmilərilə görüşlərində bir neçə dəfə onlara demişdi ki, Amerikayla probleminizi həll edin. İranin xeyiri bundadır. Çəkişmə İranin ziyanına olar. Mən demirəm ölkənin müqəddəratını onların əli ilə həll edin, amma münasibətiniz olmalıdır. Təbii ki, milli mənfeyinizi tam şəkildə qorumalısız. Bir dəfə də mənə eyni sözü dedi və əlavə etdi ki, məgər, mən Amerikanı tanımıram? Mən də bilirəm ki, Amerika ancaq öz mənafeyini təmin etmək istəyir. Amerika ən güclü ölkədir, bütün ölkələr bu ölkəylə əlaqə saxlamalıdırlar. Azərbaycan kiçik ölkədir 20% torpaqları da erməni işğalındadır. Rusiya bir tərəfdən, Türkiyə bir tərəfdən, İran bir tərəfdən, Avropa ölkələri başqa tərəfdən və bir sıra ölkərlər də neçənci tərəfdən... Biz nə etməliyik? Sözlərinin davamında dedi ki, əgər mən Rusiyanın prezidenti olsaydım, bilərdim Amerikayla nə edərdim...

Ukrayna görüşündən təxminən 1 il (biraz az ya çox) eşitdim ki, H.Əliyev xəstələnib və Türkiyyədə Gülhanə Xəstəxanasında yerləşdirilib. Nazimlə Elmanla əlaqə saxladım onlardan onun halını soruşdum, davamlı olaraq onun vəziyyətilə maraqlanırdım. Azərbaycanın Kiyevdəki Səfirliyinə də səhv etməsəm bununla bağlı məktub göndərdim. Gülhanə Xəstəxanasının faks nömrəsini öyrəndim, bir məktub da göndərdim. İranın Xarici İşlər Nazirliyinə də təklif elədim ki, İranin Ankaradakı səfirini İranin prezidenti tərəfindən Gülhanəyə göndərsinlər və H.Əliyevin vəziyyətilə maraqlansınlar. Onlar da mənim təklifimi qəbul etmişdilər və səfiri göndərmişdilər. Rəhmətlik biraz sonra sağaldı və Azərbaycana döndü.

H.Əliyevlə sön görüşüm 1998-ci ilin sentyabr aynda oldu. Kiyevdən 3 günlük bir işi həll etmək üçün Bakıya gəlmişdim, onunla da görüşdüm. Amma heç vaxt onunla olan xatirələri unutmadım. Azərbaycanda da onun kimisini görmədim. Hər bir insanı tənqid də etmək olar heç kim istisna deyil. Təbii ki, H.Əliyev də istisna deyil, amma onun kimisi Azərbaycanda olmayıb. Ən azı mənə rast gəlməyib. O çox qədirbilən insan idi. Əlaqələr haqqında heç vaxt mənə yox demədi. Çox rahat onu görürdüm və telefonla da danışırdım. O mənə köhnə dost deməyi əməldə də göstərdi. Naxçvanda soyuq havalarda dost olduq, amma dostluğumuz çox isti oldu. Allah rəhmət eləsin.

2004-cü ilin iyun ayında İİR məni Fövqaladə və səlahiyətli səfir təyin etdi və Azərbaycanın prezidentinə razılıq almaq üçün təklif etdi. Bu iş diplomatik yolla oldu. Yəni İİR XİN İranın Bakıdakı və Azərbaycanın Tehrandakı səfirliklərinə məktub göndərdi və mənim CV-mi də məktuba qoşaraq göndərdi.

Səfirliklər CV-ni XİN-inə göndərməli idilər. Amma, İranın Bakıdakı o zamankı səfiri Azərbaycan sənədləri XİN-inə göndərmədi. Maraqlısı bu idi ki, Azərbaycanın da Tehrandakı Səfirliyi sənədləri Bakıya göndərmədi. Ahad Qəzayinin Abbasəli Həsənovla keçmişdən dostluqları var idi (o zamandankı SSR zamanı Abasəli Həsənov Bakıda İranın baş konsulluğunda tərcüməçi işləyirdi və qəzayi də baş konsul idi).

Ahad Qəzayi Abasəli Hasanovdan istəmişdi ki, İranın XİN-nin mənim səfir olmaq haqqımda məktubunu Azərbaycanın XİN-nə göndərməsin. Abbasəli də bu qanunsuzluğu etməyi qəbul etmişdi. Qəzayi özü də sənədləri XİN-ə göndərməmişdi. Bu məsələdən İranın XİN-nin Protokol İdarəsinin xəbəri oldu, ardıcıl Qəzayidən və Abbasəlidən tələb etdi ki, Əfşar Süleymaninin CV-si nə oldu. Onlar məcburiyyət qarşısında 1 aya yaxın uzatmaqlarına baxmayaraq, Azərbaycanın XİN-ə notanı göndərdilər. İlham Əliyev 2-3 gün ərzində razılığını elan etdi. Əhəd Qəzayi çalışırdı 1 il də 4 ilinə əlavə olsun və Bakıda qalsın. Mənim səfir kimi təqdim olmağıma rəğmən o notanı vermirdi və Teharana getmirdi, missiyasını Bakıda davam etdirməyə çalışmışdı. Bir şey əldə etməməyinə rəğmən bir dəfə də Bakıdan Ərdəbilə getmişdi. Ona görə ki, prezident Məhəmməd Xatəmi Ərdəbil səfərindəydi. Qəzayi istəyirdi ki, Xatəmidən xahiş etsin ki, 1 il də səfir kimi Bakıda qalsın və mənim səfir olmağım haqda notanı Azərbaycan XİN-ə təqdim etməsin. Amma bu təlaşı da bir nəticə verməmişdi. Yəni Prezident Aparatının məsul işçiləri heç Ərdəbildə Xatəmini yaxından görməyə imkan verməmişdilər və demişdilər ki, cənab Xatəmi Azərbaycan Respublikasına səfər etməyib ki, Ərdəbil şəhərinə səfərə gəlib və Qəzayinin Ərdəbildə bir rəsmi vəzifəsi yoxdur ki, prezidentlə görüşsün və nəsə etsin. Hərçənd ki, görüşsəydi də bir nəticə ala bilməyəcəkdi.
Mən düşünə bilmədim ki, bu adamlara mənim yaxşılığım olmuşdu niyə bu qədər insafsızlıq və qanunsuzluq etməyə çalışırlar?
Abbasəliyə yaxşılığım bu idi ki, onu İranın Azərbaycandakı birinci səfiri Əliəsgər Nəhavəndiyan ( ki çox savadlı və çalışqan bir səfir idi ) səfirlikdən azad edəndən sonra işsiz qalmışdı. Nəhavəndiyandan sonra mən bir müddət İranın Bakıdakı səfirliyində müvəqqəti işlər vəkili idim. Abasəli bir gün mənim görüşümə gəldi. Vəziyyət beləydi ki, o, səfirliyin binasına gəlməyi məsləhət görmədi, məndən xahiş etdi ki, səfirliyin yaxınlığında onunla görüşüm. Mən də qəbul etdim. Abasəli gəldi dedi ki, pis durumdadı. Xahiş etdi ki, mən H.Əliyevdən və Həsən Həsənovdan xahiş edim ki, onu XİN-də işə götürsünlər. Mən də onun xahişini yerinə yetirdim. Sonra da o, XİN-də işə çıxdı və İran məsələləri üzrə məşğul oldu. Mən Ukraynada çalışanda Abbasəli mənə zəng etdi və dedi ki, İrana səfir gedir. O mənə bir daha təşəkkur etdi və dedi ki, onun səfir olmağının əsas səbəbkarı mənəm. Sonra da mən Kiyevdən Tehrana qayıdandan sonra bizi ailəvi bir şam yeməyinə dəvət etdi, özü də ailəvi bu ziyafətdə iştirak elədi. Ondan sonra mən bir iki dəfə qardaşımı tapşırdım ona ki, Bakıdan işi olanda ona kömək etsin. Ancaq heç nə etmədi. Nəhayət də məni səfir təklif edən zaman Əhəd Qəzayilə birilikdə çalışdı ki, bu məsələ alınmasın. Əlbəttə dənizdə boğulan əlini körpüyə atan kimi, onların çalışmaları nəticə vermədi və boğuldular.

Mənim fikrimcə, son 20 ildə indiyədək Azərbaycanın İrandakı səfirlərinin içərisində ən centelmen, savadlı , ziyalı və doğurdan da diplomat olan şəxs Azərbaycanın İrandakı birinci səfiri olan Nəsib Nəsibli olmuşdur. Əlbəttə Azərbaycanın indiki səfiri Cavanşir Axundov da yaxşı bir insan və təcrübəli diplomatdır. Onun haqqında missiyasından bir iki il keçəndən, yaxud misiyyası bitəndən sonra fikir söyləyə bilərəm. İnşallah ki, Nəsib bəydən də yaxşı olsun. Məncə belə olan halda Nəsib bəy özü də sevinər.
Əhəd Qəzayi də H.Əliyevin bir dəfə planlaşdırılmış səfərini yerinə yetirilməməsinə görə sorğu suala çəkilmişdi. Məndən xahiş etdi, kömək elədim ona nicat verdim. Məsələ belə idi ki, H.Əliyev İrana rəsmi səfərə getməli idi. İran prezidenti Məhəmməd Xatəmi onu dəvət etmişdi. Azərbaycandan bir heyət Xələf Xələfovun başçılığı ilə öncədən Tehrana getmişdi ki, sənədləri hazırlasın. Sənədlərin hazırlanmasında bəzi məsələlərlə bağlı problem çıxmışdı. Nəhayət ki, H.Əliyev Əli Əkbər vilayətiyə zəng edib demişdi ki, mən İrana gəlmirəm, sizin tərəfdən sənədlərlə bağlı işlər yaxşı getmir.
Əlirıza Bigdeli Bakıda 5 il səfir olmuşdu, amma onun səfir olan vaxtında H.Əliyev 2 tərəfli əlaqələrlə bağlı İrana səfərə getməmişdi.
Mən dedim ki, Bigdeli qəsdən çalışır ki, Azərbaycan tərəfi narazı qalsın və H.Əliyevin səfəri baş tutmasın. Bigdeli ikitərəfli sənədlərin tənzimlənməsinin İran tərəfindən məsul şəxsi idi və nəhayət ki, istədiyini yapmışdı. Bigdeli və MDB baş idarəsinin müdiri ikisi də Əhəd Qəzayinin ələyhinə idilər və təhlilləri bu idi ki H. Əliyev İrana gəlməyəcək. Qəzayi də demişdi gələcək. Onlar öz təhillərini sübut etmək üçün nə gərək idi etmişdilər və Qəzayini pis durumda qoymuşdular. Mən də Qəzayinin xahişilə Prezident Apratının Siyasi Komisiyasına getdim və öz təhlilimi izah etdim (əlbəttə başqa söhbətləri də dedim ki, onları burada yazmaq olmaz) onlar da qane oldular. Beləliklə də Qəzayinin canını qutardım. Bundan əlava də Qəzayi millət vəkili olan zaman ona xarici siyasət üzrə yazılarımla və fikirlərimlə köməklər elədim. Onun ələyhinə İranda yazı gedəndə də mənə zəng edirdi, mən də öz əlaqələrimlə ona yardım edirdim. Bu adam da bu yaxşılıqların əvəzini dediyim kimi verdi. Bununla da kifayətlənmədi, 2 il öncə İranda prezident seçkilərində əlindən nə gəldi mənim ələyhimə etdi, amma Allah haqqladır, bir şey yapa bilmədi. Mən üz-üzə konuşanlardanam. Danışmağa da, yazişmağa da hazıram. Heyif ki, ya gəlmirlər, ya da imkan verilmir.
Oxuyanlardan üzr diləyirəm xatirə yaza-yaza dərdlərim də deşilir. Yalan danışmayan, yaltaq olmayan, vəzifə və sərvət üçün hər şeyə əl atmayan insan yalan danışan, yalatqlanan, vəzifə və sərvətə çatmaq üçün hər işə əl vuran insanlar görəndə ürəyi parçalanar. Düzdürmü?

Uzun sözün qisası. Hər halda bu qədər olaylardan sonra mən 2004-cü ilin sentyabr ayının axırında səfir kimi ailəmlə birlikdə Bakıya gəldim. Bakıya gələndən 2-3 gün sonra etimadnaməmin surətini Elmar Məmmədyarova, bir həftəyə isə əslini prezident İlham Əliyevə təqdim etdim...

Ardı var