Binəqədidə qəbir yeri üstə atışma oldu

bineqedide-qebir-yeri-uste-atisma-oldu
Oxunma sayı: 813

Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Binəqədi rayonu ərazisində yerləşən qəbristanlıqda məzar yeri üstündə dünən münaqişə nəticəsində bir nəfər güllələnib, biri isə bıçaqlanıb.

İlkin məlumata görə, qəbristanlığın rəhbəri olan Zülfiqar Məmmədov həmin ərazidə qəbir yeri olan Zeynal Abbasovu bıçaqlayıb. Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Zülfüqar Məmmədov tutulub.

Zülfiqar Məmmədovun ifadəsindən sonra məlum olub ki, həmin gün Z.Abbasovun qardaşı Heybət “Makarov” tipli tapança ilə Z.Məmmədovun oğlu Cavidi bud nahiyəsindən yaralayıb. C.Məmmədov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. H.Abbasovun tutulması üçün tədbirlər görülür.

Binəqədi Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili Vaqif Aslanov Milli.Az-a açıqlamasında bildirdi ki, Zeynal Abbasov və qardaşı Heybət qəbristanlıqda əvvəlcədən aldıqları 15 nəfərlik qəbir yerini genişləndirmək istəyiblər. Qəbristanlığın rəhbəri Zülfiqar Məmmədov buna icazə verməyib. Elə bu mübahisə üstündə Heybət tapança ilə Zülfiqar Məmmədovun oğlu Cavidi güllələyib. Oğlunu qan içində görən ata özündən çıxaraq Zeynal və Heybət qardaşlarının üstünə gedib. Mübahisə zamanı təkləndiyini görən Zülfiqar bıçaqla Zeynala xəsarət yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə (126-cı) və qanunsuz odlu silah saxlama (228-ci) maddələri ilə cinayət işi başlanıb.