Bir-birlərini rüsvay etdilər

bir-birlerini-rusvay-etdiler
Oxunma sayı: 722

Oktyabrın 5-də parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsində qanun layihəsinin müzakirəsi zamanı Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bu qanunun eks-prezident Ayaz Mütəllibova şamil olunmasına qarşı çıxıb. F.Ağamalı deyib ki, hazırkı layihəyə görə, bu qanun Azərbaycan Sovet Sosialist Respublikası zamanında prezident seçilən Ayaz Mütəllibova da şamil oluna bilər. Amma Ayaz Mütəllibov müstəqil Azərbaycan Respublikası zamanında prezident seçilməyib: “Hamıya bəllidir ki, indiki Azərbaycan dövləti Azərbaycan Sovet Sosialist Respublikasının varisi deyil və onun nə atributlarını, nə idarəetmə sistemini, nə də digər sahələrini özündə ehtiva edir. Ona görə bu qanun Ayaz Mütəllibova şamil oluna bilməz”.

F.Ağamalının söylədiklərinə münasibət bildirən ASDP həmsədri Araz Əlizadənin mövqeyi sərt oldu. AVP sədrinin gətirdiyi arqumentin məntiqli olmadığını deyən A.Əlizadə bildirdi ki, deputatın söylədiklərini ciddiyə almağa dəyməz: “Qanun qəbul olunandan sonra məsləhət görərdim ki, Fəzail Ağamalı gedib su içsin. Milli Məclisin tualetlərində su yaxşı və keyfiyyətlidir. İnanmıram ki, kimsə Fəzail Ağamalının dediklərinə ciddi yanaşsın. Onun sözlərində hər hansı məntiq axtaran varsa, ona yazığım gəlir. Heç bir şüurlu adam Fəzail Ağamalının sözlərində məntiq tapmaz. Fəzail Ağamalının sərgilədiyi mövqe ondan ibarətdir ki, o, Roma papasından daha çox katolik olmaq istəyir”.

Fəzail Ağamalı isə Araz Əlizadənin bu həqarətinə sərt cavab verib. Deputatın fikirlərini olduğu kimi dərc edirik: “Mən həm millət vəkili, həm də vətəndaş kimi istənilən məsələ barədə söz demək hüququna malikəm. Bu hüququ mənim əlimdən heç kim ala bilməz. Çünki bu hüququ mənə konstitusiya verib. Millət vəkili kimi mən hansısa məsələ barədə mətbuatda, tədbirlərdə sərbəst fikir söyləyə bilərəm. Və mən hansısa məsələyə münasibət bildirərkən, fikir söyləyərkən təhqiramiz ifadələr işlətmirəm. Amma Araz Əlizadə mənim fikirlərimə münasibət bildirərkən tərbiyəsinə uyğun ifadələr işlətməkdən çəkinməyib. Bu ifadələr onun tərbiyəsinin göstəricisidir. Görünür, onun mayalanması tualetdən başlayıb və bu ifadə onun təhtəlşüurunda yer alıb. Ona görə də yeri gəldi-gəlmədi bu ifadəni işlədir”.

“Azadlıq” qəzeti