Biz bu itkinin bədəlini ödəyəcəyik...

biz-bu-itkinin-bedelini-odeyeceyik
Oxunma sayı: 643

Daha doğrusu müdafiə formasından. Gülə-gülə, özünə arxayın. Kriminaldan yazan dostum Anar Məmmədli onun haqqında həmişə mənə belə şelər deyərdi: “İsaxan məhkəmədə hakimə elə söz dedi ki, bütün zalı gülmək tutdu”. “İsaxan Aşurov hakimi biabır elədi”. “İsaxan Aşurov jurnalisti savadsızlığına görə yıxdı-sürüdü”.

Açığı bu ölkənin İsaxan Aşurov kimi vəkili olduğuna görə hər zaman qürur duymuşam. Bir jurnalist kimi həbs olunmaqdan qorxmamışam. Fikirləşmişəm ki, İsaxan Aşurov varsa, mütləq müdafiə də olacaq. Son illər İsaxan Aşurov çarəli-çarəsiz, çəlimli-çəlimsiz, günahlı-günahsız, layiqli-layiqsiz az qala bütün jurnalistləri müdafiə eləyib. Jurnalistlərin yanında olub. Ən ləzzətlisi də bu adamın bütün elədiklərinə görə təmənna ummamasıdır.

Bu gün İsaxan Aşurov vəfat edib. Xəstəymiş adam, heç mən bilmirdim bunu. Açığı o qədər tutulmuşam ki, hadisə mənə elə təsir eləyib ki, heç nə yazacağımı da bilmirəm. Yazım biraz təsirsiz çıxsa məni bağışlayın, dostlar. Başımı itirmişəm. Mənə görə, İsaxan Aşurovun ölümü ilə ailəsindən qabaq Azərbaycanın jurnalistləri başsız qalıb... Bizim müdafiəmiz qırıldı, uşaqlar... İnanın mənə, biz bu itkinin bədəlini ödəyəcəyik.

Mən bu yazını yazanda prezidentin əfv sərəncamı verdiyini eşitdim. Uşaqlar sevincək xəbəri sayta qoydular. Vicdan məhbusları da azadlığa buraxılanlar arasındadır. Bu mənim çoxdan sevinmək istədiyim xəbərdir. Axı Arif Hacılı kimi bir siyasətçi niyə həbsdə olmalıdır ki? Azərbaycan kimi bir ölkədə belə olmamalıdır vallah. Bizə yaraşmaz jurnalist tutmaq, siyasətçini həbs etmək, vəkil öldürmək... Açığı bu xəbəri çoxdan gözləyirdim. Təəssüf ki, belə kədərli bir əhval ruhiyyədə eşitmək qismət oldu.

Bəlkə bu da taleyin işidir... İsaxan Aşurov həmişə adamların azadlığına çalışıb. Bunun uğrunda ömrünü xərcləyib. Və onun ömrünün son günü də maraqlı hadisə baş verib. O, vəfat etdiyi gün insanlar azadlığa qovuşub...

İsaxan Aşurovu o səviyyədə vəkil hesab edirəm ki, məncə, biz onun ruhuna belə güvənə, dara düşəndə onun ruhunu köməyə çağıra bilərik. Qoy onun ruhu şad olsun, hər zaman bizə şadlıq bəxş eləyən müqəddəs ruhu...