Borcunu ödəmədi, insanlar zəhərləndi - Ticarət

borcunu-odemedi-insanlar-zeherlendi-ticaret
Oxunma sayı: 634

Bu gün Binə ticarət mərkəzində baş vermiş kütləvi zəhərlənmə səbəbindən bazar saat 13:00-dan etibarən tamamilə bağlanaraq fəaliyyət göstərmir. Satıcılardan isə bazarı tərk etməyi tələb ediblər. Bu barədə “Qafqazinfo”ya satıcılar məlumat verib. Onlar bildiriblər ki, elektirik enerjisinin olmadığına görə, kütləvi şəkildə generatordan istifadə ediblər: “Bazar qapalı olduğundan tüstü çölə çıxmadığı üçün zəhərlənmə baş verib”.

Yüzlərlə insanın zəhərləndiyini bildirən satıcılar qeyd ediblər ki, zəhərlənənlər arasında alıcılar da olub: ”Ağır vəziyyətdə olan xəstələr xəstəxanaya aparılıb, yüngül xəsarət alanlar isə elə ticarət mərkəzinin həyətində ambulanslarda ilkin müayinə olunaraq evə buraxılıblar”.
Elektrik enerjisinin olmamasına səbəb isə borcun ödənilməməsi deyilir.

Artıq “Binə” ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədova problemi həll edib və bu dəqiqələrdə ticarət mərkəzində elektrik enerjisi bərpa olunub. Bu da onu deməyə əsas verir ki, həqiqətən də problem elektrik enerjisinin borcu ilə bağlı olub.