“Bu cəngəllik davranışdır”

bu-cengellik-davranisdir
Oxunma sayı: 674


“Qafqazinfo”nun məlumatına görə, bəyanatda bildirilir ki, AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli bu gün səhər növbəti dəfə polis təxribatı ilə üzləşib, qəddarlıqla döyülərək həbsə atılıb. Hadisə Cəlilabad rayon polisində T. Mirələmli həbsdəki oğluna yemək vermək istəyərkən baş verib. Ona qarşı cinayət işinin başlanması istiqamətində hüquq mühafizə orqanlarında hazırlıq getdiyi bildirilir.

AXCP xatırladır ki, T. Mirələmli 2010-cu il parlament seçkisində “AXCP- Müsavat” blokunun namizədi olduğu gündən hakimiyyətin ona qarşı kəskin münasibəti formalaşıb. Yerli hakimiyyət nümayəndələri ona siyasi mövqeyindən əl çəkmək üçün müxtəlif şirnikləndirici, bunlar effekt verilməyən də isə hədələyici mesajlar verib.

T. Mirələmli İctimai Palatanın 2 aprel mitinqində iştirakı zamanı dəhşətli işgəncələrlə üzləşib, ağır fiziki xəsarət alaraq xəstəxanada bir müddət müalicə alıb. Həmin müddətdə onun ailəsi mənəvi terrora məruz qalıb, məktəbli oğlu aramsız və aşağılayıcı təhqirlərə təxribata çəkilərək həbs olunub.

Fiziki və mənəvi təzyiqlər qarşısında mövqeyindən əl çəkmədiyinə görə işlədiyi orta məktəbdə T. Mirələmliyə qarşı Cəlilabad rayon təhsil şöbəsinin göstərişi ilə provakasiya hazırlansa da, bu məkrli plan dərhal ifşa olub ictimailəşdi. Videogörüntüləri internetdə yayılan həmin plana görə T. Mirələmlinin guya məktəbdə dava etməsi barədə akt tərtib olunmalı və bu akta əsasən polis onu həbs etməli idi.

Bu ifşadan sonra T. Mirələmli heç bir əsas olmadan çalışdığı pedoqoji kollektivdən də uzaqlaşdırılıb. Onun yaşadığı kənddə buraxmamaq barədə də icra hakimiyyəti “zəhmətkeş” məktubları hazırladıb.

T. Mirələmliyə bu gün baş verən özbaşınalığı yuxarıda sadalanan təzyiq kampaniyasının davamı kimi qiymətləndirən AXCP bəyan edir ki, hakimiyyətin öz vətəndaşına qarşı çirkin yollarla qisasçılıq aparması qanunsuzluq və mənəviyyatsızlıqdır.

Yalnız fərqli düşündüyünə görə vətəndaşların döyülməsi, müxtəlif fiziki və mənəvi işgəncələrə məruz qoyulması sivil dəyərlərlə bir araya sığmayan, daha çox cəngəllik davranışdır.

AXCP bəyan edir ki, kürsü naminə dövlət resurslarını vətəndaşları əzməyə istifadə edən hakimiyyət cəmiyyətdə ciddi qarşıdurma, aqressiya mühitini formalaşdırır bunun isə çox ağır fəsadları ola bilər.

AXCP T. Mirələmliyə qarşı yönələn təqib və təzyiq kampaniyasının dərhal dayandırılmasını Azərbaycan hakimiyyətindən tələb edir; qəddarlıq və şər-böhtan yolu ilə insanların müxalif əhval ruhiyyəsini yatırtmaq istəyən Azərbaycan hakimiyyətinin səylərinin səmərə verməyəcəyini bildirərək hakimiyyəti məsuliyyətli olmağa səsləyir.

Cəlilabad Rayon Polis Şöbəsindən (RPŞ) musavat.com-a bildiriblər ki, T.Mirələmli hazırda polis şöbəsində saxlanılır. T.Mirəmlinin hansı səbəbdən saxlanılmasına gəlincə polis şöbəsindən bildirdilər ki, o bu gün səhər saatlarında RPŞ-nın qarşısında səs-küy saldığı və polisləri söydüyü üçün polislər tərəfindən saxlanılıb. Polis şöbəsindən onu da bildirdilər ki, bu gün axşamtərəfi T.Mirələmliyə inzibati qaydada cəzalandırıla bilər.