“Bu ermənisayağı yanaşmanın bariz nümunəsidir”

bu-ermenisayagi-yanasmanin-bariz-numunesidir
Oxunma sayı: 634

Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. “Panorama.am” saytının ötən gün Elmar Məmmədyarovun Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı etdiyi çıxışı ilə bağlı yaydığı məlumatları təkzib edən E. Abdullayev deyib ki, əslində saytın yazdığı kimi bir hadisə baş verməyib: «“Onlar bu cür cılız yanaşmalarla ucuz sensasiya yaratmaq istəyirlər. Və düşünürlər bununla nəyəsə nail ola biləcəklər. Əslində, həmin maddənin qeyd olunan sənəddə olması Azərbaycan tərəfinin maraqlarına uyğundur».

Qeyd edək ki, ötən gün Qafqazinfo “Panorama.am” saytına istinadən xəbər vermişdi ki, Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı Azərbaycanı təmsil edən Elmar Məmmədyarovun çıxışı zamanı problem yaşanıb. Xəbərdə bildirilirdi ki, azərbaycanlı nazirin çıxış edəcəyi mətndə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı güc tətbiqinin faydasızlığı və münaqişənin sülh yolu ilə həllinə dair heç bir bənd olmayıb. Lakin sonradan təzyiqlər edildikdən sonra yuxarıda göstərilən müddəaların əlavə edildiyi deyilir. Bundan başqa, erməni mətbuatı Azərbaycan xarici işlər nazirinin Dağlıq Qarabağ münaqişəsinə həsr olunan çıxışı zamanı mikrofonun söndüyünü də yazmışdı.