“Bu, Fransaya yaraşmır”

bu-fransaya-yarasmir
Oxunma sayı: 645

Qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulu Fransaya yaraşmır, çünki sənəd bir şəxsin seçkiqabağı maraqlarına xidmət edir. Bunu Türkiyə Prezidenti Abdulla Gül bəyan edib. Trend-in məlumatına görə, bu barədə TRT Haber telekanalı məlumat yayıb.

Dünən Fransa Senatının (Parlamentin yuxarı palatası) Konstitusiya komissiyası bədnam "soyqırım"ın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinə baxılmasına qarşı çıxış edib.

Buna baxmayaraq, Senat qanun layihəsinə baxacaq, lakin səsvermədə Konstitusiya komissiyasının rəyi nəzərə alınacaq.

Bir az əvvəl Fransa Milli Assambleyası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib. Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib. Senatın qanun layihəsini yanvarın 23 gündəliyə daxil edəcəyi gözlənilir.
Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.
Bu qərara cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu elan edib.
Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim etmişdilər. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.