“Bu, hakimiyyətə lazımdır və başqa yolu yoxdur” - Müsahibə

bu-hakimiyyete-lazimdir-ve-basqa-yolu-yoxdur-musahibe
Oxunma sayı: 759

- Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedyev və Serj Sərkisyanın Kazan görüşü uğursuz başa çatandan sonra Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni təşəbbüs göstərir. Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistana səfər edərək Dmitri Medvedyevin məktubunu hər iki ölkənin prezidentinə təqdim edib. Rusiyanın yeni cəhdi bir nəticə verə bilərmi?
- ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri bu gün həqiqətən də Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyirlər. Hesab edirəm ki, bu, mühüm məsələdir. İndiki mərhələdə münaqişə ətrafında və onun həlli üçün aparılan danışıqlarda yaranmış əsas vəziyyət bundan ibarətdir. ABŞ, Rusiya və Fransa prezidentləri hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmasa da, Azərbaycan torpaqlarını işğaldan azad edəcək. Biz də hesab edirik ki, münaqişə sülh yolu ilə çözülməsə belə, torpaqlarımızı işğaldan azad etməliyik. Bunu dövlət başçısı da dəfələrlə bəyan edib. Məsələ bu qədər uzadıla və status-kvo on illərlə qala bilməz. Məsələ sülh yolu ilə həll olunmursa, Azərbaycan istər-istəməz hərb yoluna əl atmaq məcburiyyətində qalacaq. Bu birmənalıdır. Biz bu qədər gözləyə bilmərik. Dünya ictimaiyyəti bunu başa düşərək Dağlıq Qarabağ münaqişəsinin həllini öz gündəliyinə daxil edib.

2012-ci ildə Rusiya, ABŞ və Fransada prezident seçkiləri keçiriləcək. Ona görə də gələn il Qarabağ münaqişəsi həmin ölkələr üçün prioritet olmayacaq. Bu məqamda sülh razılaşması əldə etmək üçün 2011-ci il son ildir. Ona görə də Minsk qrupunun həmsədrləri münaqişənin həllinə dair sülh razılaşmasına nail olmaq istəyirlər.

Buna baxmayaraq prezidentlərin Kazan görüşü də uğursuz keçdi. Tərəflər baza prinsipləri üzərində razılıq əldə edə bilmədilər. Ermənistan 15-20 il bundan əvvəl olduğu kimi yenə də qeyri-konstruktiv mövqe tutub. Uzun illər keçməsinə baxmayaraq ermənilər mövqelərini qətiyyən dəyişməyiblər. Onlar yalnız Azərbaycanın kompromisə getməsini istəyirlər və özləri heç bir kompromisə getmirlər. Bu, Azərbaycan üçün qəbuledilməzdir, çünki Azərbaycanın torpaqları işğal olunub. Eyni zamanda, sözsüz ki, bu gün Azərbaycan Ermənistandan dəfələrlə güclüdür.

Münaqişənin həllinə nə təkan verə bilər? 1990-cı illərdə prezident Heydər Əliyev birmənalı şəkildə demişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı Rusiyanın əlindədir. Mən bu gün həmin fikri təkrar etmək istəyirəm. Bu gün də Dağlıq Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir. Çünki Ermənistan bütövlükdə Rusiyanın təsiri altındadır və ermənilər Rusiyanın sözü ilə oturub-dururlar. Rusiya prezidenti Dmitri Medvedyevin gələn il prezident seçkisinə qatılıb-qatılmayacağı aydın olmasa da, bu il Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmağa çalışır. Hesab edirəm ki, Dmirti Medvedyev bunu ürəkdən istəyir və çalışır. Ona görə də xarici işlər naziri Sergey Lavrovu Azərbaycan və Ermənistana göndərib. Bir neçə gün əvvəl Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Moskvada, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Fransada səfərdə olması və Rusiyaya səfərə hazırlaşması münaqişənin həlli üçün ciddi cəhdlərin göstərildiyindən və məsələyə diqqətlə yanaşıldığından xəbər verir.

Sergey Lavrovun gətirdiyi məktubda nələrin yazıldığını demək çətindir, bu haqda məlumat yoxdur. Amma məktubun xarici işlər naziri kimi yüksək vəzifəli məmurla göndərilməsi ondan xəbər verir ki, məsələ çox ciddi qoyulub. Dmitri Medvedyev və Sergey Lavrov yeni təkliflərinin qəbul ediləcəyinə zəmanət almaq istəyirlər. Rusiya rəhbərliyi növbəti görüşün də Kazan danışıqları kimi uğursuz nəticə verməməsi üçün təminat almaq istəyir. Sergey Lavrovun Azərbaycan və Ermənistana səfəri bununla bağlıdır. Hesab edirəm ki, o, ciddi təkliflərlə gəlib.

- ABŞ və Fransadan fərqli olaraq Rusiyanın münaqişənin həllində bu qədər fəallıq göstərməsi nə ilə bağlıdır?

- Son zamanlar həm Azərbaycan, həm də beynəlxalq ictimai rəydə Rusiyanın vasitəçilikdən uzaqlaşdırılmasına dair fikirlər səslənirdi. Bu fikrin tərəfdarları hesab edirdilər ki, münaqişənin həllində vasitəçi ya ABŞ prezidenti Barak Obama, ya da Fransa prezidenti Nikola Sarkozi olmalıdır. Amma sözsüz ki, Rusiya münaqişənin həllindən kənarda qala bilməz. Ona görə də Dmitri Medvedyev münaqişəni həll etmək istəyir. Rusiyanın cəhdləri vasitəçilik missiyasını öz əlində saxlamaq və münaqişənin həllində aparıcı rol oynamaq istəyi ilə bağlıdır.

- Bir neçə ildir ki, danışıqlar Madrid prinsipləri əsasında aparılır. İndiyə qədər bu prinsiplər rəsmən açıqlanmayıb. Sizcə, bu prinsiplər ictimaiyyətə açıqlanmalıdırmı?

- Dünya təcrübəsinə görə həlli düyünə düşən münaqişələrin hansı prinsiplər əsasında həll olunacağı əvvəlcədən, danışıqlar gedən dövrdə açıqlanmır. Bu yalnız Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyil, dünyadakı bütün böyük münaqişələrə tətbiq olunan bir yanaşmadır. Yəni yalnız Azərbaycan bu prinsipləri gizli saxlamır. Prinsiplərin açıqlanması üçün əvvəlcə tərəflər arasında razılıq əldə olunmalıdır. Çünki prinsiplərdə xeyli dəyişiklik ola bilər. Madrid prinsipləri xeyli vaxtdır ki, gündəmdədir. Görünür, indi heç bu prinsiplərdən söhbət getmir, ortada yeni təkliflər var. Amma onun nədən ibarət olması açıqlanmır. Yalnız tərəflər arasında razılıq olandan sonra ictimaiyyətə açıqlama veriləcək ki, cəmiyyət bunu müzakirə etsin.

- Belə fikirlər var ki, beynəlxalq güclər kompromisə getməsi üçün daha çox Azərbaycana təzyiq edirlər. Sizcə, hakimiyyət belə bir vaxtda ölkə daxilində hansı addımları atmalıdır?

- Bu gün Azərbaycan hakimiyyəti münaqişənin həlli üçün bütün məsuliyyəti öz üzərinə götürüb. Bu, düzgün deyil. Hakimiyyət məsuliyyəti cəmiyyətlə, ictimai-siyasi qüvvələrlə bölüşməlidir. Münaqişənin həlli üçün müzakirələr, müxalifətlə dialoq aparılmalıdır. Ona görə ki, Dağlıq Qarabağ məsələsində hakimiyyətlə müxalifətin mövqeyi üst-üstə düşür. Ermənistanda hakimiyyətlə müxalifət Qarabağ məsələsində dialoq aparır, ortaq məxrəcə gəlir. Azərbaycanda da belə olmalıdır. Bu, hakimiyyətə lazımdır və başqa yolu yoxdur. Hesab edirəm ki, baza prinsipləri qəbul olunduqdan sonra iqtidar hansısa addımlar atacaq. Bu məsələnin ictimai müzakirədən keçməyəcəyini indidən demək olmaz. Mütləq ictimai müzakirələr olmalıdır.