Cəmil Həsənlidən Fikrət Əliyevə sərt cavab

cemil-hesenliden-fikret-eliyeve-sert-cavab
Oxunma sayı: 908

Modern.az saytında dərc olunan yazıda Fikrət Əliyev vurğulayıb ki, onun elmi nailiyyətlərinə kölgə salmaq əbəsdir. Əksinə, Cəmil Həsənli ilə Cəlal Allahverdiyevin elmi dairələrdə daha az tanındığını iddia edən Fikrət Əliyev internetdəki axtarış saytlarında apardığı kiçik “araşdırma” ilə bu nəticəyə gəldiyini bildirir.

Axtarış saytlarında üzə çıxan elmi məqalələr baxımından həm Cəmil Həsənlini, həm də Cəlal Allahverdiyevi geridə qoyduğunu iddia edən Fikrət Əliyev, üstəlik, adları çəkilən şəxslərə Ramiz Mehdiyevin elmi məqalələrini, kitablarını oxumağı məsləhət görüb.
Fikrət Əliyevin söylədiklərilə bağlı professor Cəmil Həsənlinin fikirlərini öyrəndik. Cəmil Həsənli bildirdi ki, Fikrət Əliyevin səsləndirdiyi fikirlər çox primitiv olmaqla, apardığı “araşdırma” da son dərəcə aşağı səviyyəli materialdır: “Heç bir elmi nailiyyəti olmadan akademik seçilmək onu özündən o qədər müştəbeh edib ki, bu adam özünü Cəlal Allahverdiyev kimi elm nəhəngilə müqayisə eləməyə başlayıb. O anlamır ki, söhbət həqiqi elmdən gedirsə, bu səviyyə ilə Fikrət Əliyev Cəlal müəllimin heç həndəvərinə də fırlana bilməz.

Fikrət Əliyev “riyaziyyatçı” olmasına baxmayaraq, o, internet saytlarında hətta axtarış aparmağı belə, bacarmır. Əgər o, internetdə normal şəkildə sorğu versəydi, görərdi ki, Harvard, Oxford kimi məşhur universitetlərdə bizim kitablarımız nəşr edilib. Özü də söhbət 3-4 səhifəlik məqalədən yox, ABŞ və Ingiltərənin Harvard, Corc Vaşinqton, Templ, Kollec Kork kimi universitetlərinin tanınmış alimlərinin rəy verdiyi 450-500 səhifəlik elmi monoqrafiyadan gedir.
Əgər istinadlardan söhbət gedirsə, Fikrət Əliyev ciddi sorğu versəydi, görərdi ki, “Soyuq müharibənin Kembric tarixi” adlı 3 cildlik fundamental akademik nəşrdə, Şimali Karolina universitetində nəşr olunmuş “Baş tutmayan imperiya” adlı fundamentel monoqrafiyada bizim kitablara onlarla istinadlar var. Təkcə bu il Amerikanın tarix elmi üzrə birinci elmi jurnalı sayılan “Müasir tarix” (Compantrary History) elmi jurnalında mənim işlərimə 20-dən çox istinad var. Bu, Fikrət Əliyevin düşündüyü səviyyədən çox-çox yuxarıdır və onun kimi proteksiya ilə akademik olmuş “alimin” yaxın gələcəyi səviyyə deyil. Fikrət Əliyev təsəvvür edə bilməz ki, Azərbaycandan kiminsə Oksfordda, Harvardda, Torontoda, Nyu-Yorkda monoqrafiyası çıxsın. Fikrət Əliyev elə bilir ki, ordan-burdan köçürməklə məqalə yazmaq, “Kolmoqorovun səhvini tutmaq” kimi gülünc işlə məşğul olmaq elm deməkdir. Təkcə bu il ABŞ-da, Ingiltərədə, Kanadada, Rusiyada, Türkiyədə 4 monoqrafiyam çıxıb. Onun ağlı nəticə əldə etməyə qadirdirsə, bu göstəricilərdən bəzi nəticələr əldə edə bilərdi”.

Fikrət Əliyevin Cəmil Həsənliyə “Ramiz Mehdiyevin məqaləsini oxumaq” “məsləhətinə” gəlincə, professor bu fikrin də gülünc olduğunu bildirdi: “Əvvəla, biz o adamların kitab və məqalələrini oxuyuruq ki, onları üstündə adı olan müəlliflərin özü yazsın. Əgər Fikrət Əliyev Ramiz Mehdiyevin kitab və məqalələrini oxumaqla inkişaf edibsə, onun inkişafı göz qabağındadır. Getsin, bu istiqamətdə mütaliəsini davam etdirsin, Ramiz Mehdiyevi oxuyub riyaziyyat elmini inkişaf etdirsin. O, elə bilir ki, Akademiyaya proteksiya yolu ilə üzv olmaq, akademik olmaq alimin ağlını, savadını artırır”.

“Azadlıq” qəzeti