Çıxış yolu

cixis-yolu
Oxunma sayı: 767

Hər kəs, doğruluğuna inandığı dəyərlərin digərlərindən bir pillə yuxarıda durmasını ən azından arzu edir. Ən azından ona görə deyirəm ki, Ağalar müəllim kimi (Ağalar Məmmədov) qatı sekulyar dünyagörüş təmsilçisi sadəcə arzu etmir, qarşı düşüncəni amansızcasına - öz təbiri ilə desək, tənqid edir. Tanış epizoddur. Hətta deyərdim ki, qanunauyğunluqdur.

Ağalar müəllimə nə Qurandan ayə, nə də hədislərlə bağlı misal gətirməyi qətiyyən düşünmürəm. Ona görə yox ki, Quranı almancadan oxuyur və almanlara bizlərdən, türklərdən və sairə millətlərdən daha çox inanır. Qətiyyən. Ona görə ki, Quranı qəbul etsəydi, zatən bu müzakirə və mükalimələrə ehtiyac da yaranmazdı. Materialist fəlsəfənin xüsusiyyətidir - hər kəsi və hər şeyi təftiş etmək. Yeganə yol, hər kəsin “ortaq dildə” danışaraq öz arqumentlərini irəli sürməsidir.

İcazənizlə Ağalar müəllimin ən son məqaləsindəki tezisləri ilə bağlı bəzi nüanslara toxunum. İlk əvvəl dinə yanaşma tərzindən başlayaq. Fərz edək ki, din doğurdan da təhlükəli bir maddədir (müəllif yazının başlığında belə maddədən qurtula bilmir – K.B). Amma bir yaşam modeli və sosioloji predmet olaraq dini diqqətə almaq zorundasınız. Çünki sizin iddianıza əks arqumentlərlə çıxış edir. Bəs Ağalar müəllim nə edir? Sadəcə, qarşı tərəfi yaylım atəşinə tutaraq alternativ düşüncədən bəhs etmir və mürəkkəb vəziyətdən optimal çıxış yolu təklif edir – sekulyarizm. Sekulyarizm - müəllifin iddia etdiyi kimi, dinin fərdlər çərçivəsinə salınması deyildir. Əlbəttə bu ideya sekulyarizm banilərinin ilk mərhələdə qarşıya qoyduqları məqsəd idi. Son məqsəd – zaman keçdikcə fərdlərdən də bu libasın tamamən soyundurulmasıdır. Bu isə dinlərə qarşı mübarizənin daha yumşaq və gizli aparılmasını özündə ehtiva edir.
Sekulyarizm yarandığı zaman etibarilə müəyyən mərhələdə qismən məqsədə nail olmuşdu. Lakin daxilində məna və əxlaq parametrlərinin qısır olması səbəbi ilə tədricən qüvvəsini itirməyə başladı. Məna dedikdə nə başa düşülür? Təxminən 100 il sonra nəvələrimizin belə yox olacağını bilirik. Daha sonrası yoxdur sekulyaristlərə görə. Bu şəkildə sonsuza qədər müəmma dolu bir həyat. Sual olunur: İnsanlara vədiniz budurmu? Dərindən düşünüldüyü zaman hər şeyi mənasız edən bir anlayışla qarşı-qarşıya qalırsınız. Və bu, qaldırılması o qədər asan olan bir yük deyildir. Daxilindəki suallara bu çərçivədə sual tapmayanlar çox zaman həyatlarına qəsd etməkdən belə çəkinmirlər. Məhz bir çox dəyərləri ilə ilklərdən olan Fransada oyanış dönəminin ilk coşqusu başa çatdıqdan dərhal sonra mənəvi boşluq ciddi təbəddülatlara səbəb oldu. Obrazlı ifadə etsək, insanlara həyat verildi, amma həyat özü “cansiz” qaldı. Digər parametrə gəlincə, sekulyarizm cəmiyyətlə bağlı əxlaq probleminə cavab tapa bilmir. Bu, əslində fəlsəfənin də problematikasına daxildir. Tutaq ki, dini və Allahı bir kənarda saxladıq. O zaman əxlaqı necə müyyən edəcək və hansı şəkildə tətbiq edəcəyik. Çox çətin sualdır və çətin olmasaydı, Qərb hələ də bu problemlə məşğul olmazdı. Antropologiya və sosiologiyanın inkişafından sonra insanlar dərk etməyə başladılar ki, hər cəmiyyətin özünə görə doğruları ola bilər. Nəyin doğru olduğuna kimin qərar verəcəyi sualı yenə açıq qalır. Hitleri səhv iş görməkdə qınayırıq, amma onunla oturub söhbət etmək imkanımız olsaydı, onun da özünə görə arqumentləri ortaya çıxa bilərdi. Nasizm ideologiyasının banisinin fikrincə, məsələn, yaşlılar ona görə öldürülməlidir ki, cəmiyyət üçün heç bir şey istehsal etmədikləri halda istehlak edirlər. Və ya qaraçılar - oğurluq etməyi peşə halına saldıqları üçün və sairə və ilaxır.

Sual oluna bilər: görəsən Hitlermi daha əxlaqlı, yoxsa biz? Bunu necə müəyyənləşdirəcəyik? Təbii ki, dinin olmadığını təsəvvür etsək. Ayrıca bu məsələnin tətbiqi başlı-başına problemdir.
Başqa bir məsələ haqqında. Müasirləşmə və sekulyarizmi əkiz bacılar kimi bir-birindən ayırmamaq iddiasında olan sekulyarizm tərəfdarları səhv edirlər. Müəyyən nümunələrdə bu iki faktor paralel yaşamışdır. Lakin bu, başqa alternativlərin ola bilməyəcəyi qənaətinə gəlməmiz üçün yetərli deyil. Qərbə daha çox bənzəməklə inkişaf arasında bağlantı qurmaq əksər sosioloqlara görə yanlış düşüncədir. Qərbi müasirləşdirən və inkişaf etdirən dinamizmlər təkcə sekulyarlaşmadan keçmir? Ən azından fərdi sekulyarlaşma olmadan da inkişaf modeli yaratmaq mümkündür. ABŞ , Polşa kimi ölkələri nümunə olaraq göstərmək mümkündür.

Ağalar müəllimin 13 maddəlik 87 sözdən ibarət “islamçının psixologiyası” adlı sicilləməsi tavtalogiyadan başqa bir şey deyildir. Özünə məhdudiyyət qoyma bir bacarıq kimi dəyərləndirilməlidir. İllah da hər şeyin sərbəst olduğu müasir zamanda. Bəhs olunan “islami psixoelementlər” fərdi qaydada mövcud ola bilər. Məsələn, ibadətə göstəri donu geyindirmə, təkəbbür və s. Amma az-çox İslamdan xəbəri olanlar bu tip psixoelementlərin qəbul edilməz və dində yerinin olmadığını bilirlər. Yeri gəlmişkən, məqalədəki “seksual aclıqdan əziyyət çəkən insanların cənnətdə huri intizarı” ifadəsi də uğursuzdur. İnsanları heyvanlardan fərqləndirən cəhətlərdən biri seksual istəklərin idarə etmək bacarığıdır. Hüdudsuz seks düşüncəsi, hərəkəti gerçək mahiyyətindən (nəsilartırma) uzaqlaşdırır.

Alternativ düşüncə sahiblərinin müqəddəs bildiyi dəyərləri təhqir etmədən də dünyagörüşləri müzakirə mövzusuna çevirmək mümkündür. Əslində bu, indiki mürəkkəb zamanda fərqli düşüncə insanlarının birgə yaşayışı üçün çox vacibdir.

P.S. Universitet illərində fəlsəfə müəllimimiz - Dəmir müəllimlə o zamankı biliklərimiz çərçivəsində varlığı müzakirə edər, ciddi polemikalara girişərdik. Zarafatla “Ya sizi ateist edəcəm, ya da siz məni müsəlman edəcəksiniz” deyərdi. Heç bir zaman bizim müqəddəs saydığımız dəyərlərə lağ edərcəsinə sataşmazdı və çox ədalətliydi. Üzümü Ağalar müəllimə tutub demək istərdim: Ədalətli olun!!!