“Çox çətindir üzr istəmək?” – Müsahibə

cox-cetindir-uzr-istemek-musahibe
Oxunma sayı: 695



Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərimin “Qafqazinfo”ya eksklüziv müsahibəsi

- BMT-nin 66-cı sessiyasındakı Fələstinin bu təşkilatın tam hüquqlu üzv olmaq və Fələstin dövlətinin tanınması ilə bağlı etdiyi müraciət sizcə öz bəhrəsini verəcək?

- Mahmud Abbasın müraciəti tarixi ardıcıllığı əks etdirəcək. (Müsahibə dünən – M. Abbasın çıxışından əvvəl alınıb) Sülh prosesinin hazırda hansı mərhələdə olması və bundan sonra necə olacağı önə sürüləcək. Buna uyğun olaraq müraciətnamə BMT Təhlükəsizlik Şurasına təqdim olunacaq. Biz ümid edirik ki, qarşı tərəfin bu müraciətnaməyə münasibəti müsbət olacaq. Bilirik ki, bu qərar bəzi sanksiyalar, təzyiqlərlə üzləşə bilər, biz bunu qəti tərəfdarı deyilik.

- Fələstin dövlətinin BMT-də rəsmən tanınması üçün məhz bu sessiyada müraciət etməsi İsrailin dünyada zəifləməkdə olan nüfuzu ilə bağlı ola bilər?

- Sülh danışıqları 1991-ci ildən başlayıb, amma 1993-cü ildə Oslo müqaviləsi bağlandıqdan sonra Fələstin tərəfi prosesin nizamlanması yolunda öz ciddiliyini, sadiqliyini, səmimiliyini hər zaman göstərib. Bu sülh prosesi davam edən dövr ərzində müsbət məqamlar, həmçinin durğunluq vaxtları da olub. Son iki ildə, Benyamin Netanyahunun hakimiyyətə gəlişindən sonra iki dövlət arasında belə bir durğunluq müşahidə olunur. Lİberman da daxil olmaqla hazırda İsrail hakimiyyətində təmsil olunanlar radikal mövqedən çıxış edirlər. Bu da sülh prosesində durğunluq yaradır. Əgər 1991-ci ilin əvvəlində Fələstinin işğal olunmuş ərazilərində İsrail 95 min vətəndaşını yerləşdirmişdirsə, keçən 20 il ərzində biz bu sayın 550 minə qədər çatdığını görürük. Həm sülh prosesi davam edir, həm də İsrail belə bir siyasət yürüdür. Sülh prosesi baza prinsiplərinə əsaslanıb. Baza prinsipləri nəinki Fələstinin iştirakı ilə, həm də ABŞ, AB, Rusiya və digər dövlətlərin himayəsi ilə hazırlanıb. Yeni İsrail hakimiyyəti isə bu prinsipləri dəyişməyə çalışdı, yeni şərtlər irəli sürdü. Bu da əlbəttə ki, prinsiplərə təsirini göstərdi. İsrailin keçmiş baş naziri, müxalifəti təmsil edən şəxslər və rəy sorğusuna əsasən İsrail xalqının üçdə ikisi birmənalı olaraq Fələstinlə daha ciddi, daha sadiq sülh prosesinin davam etdirilməsinin tərəfdarıdırlar. BMT-yə müraciət etməklə haqq səsimizi çatdırmağa çalışırıq. Biz AB-nin 2009-cu ildə yaydığı bəyanata, Barak Obamanın 2010-cu ildə BMT-nin sessiyasında etdiyi çıxışa, dördlük dövlətlərinin hazırladığı yol xəritəsi kimi beynəlxalq qanunlara əsaslanaraq BMT-yə üz tuturuq. Nə vaxta qədər bu zülm davam edəcək. Xalqın başına gətirilən bu müsibət 40 ildən çoxdur ki davam edir. Bütün dünya söyləyir ki, bu xalqın artıq öz dövlətini yaratmağın vaxtı gəlib çatıb . Bu xalq öz dövlətini yaratmağa layiqdir. Bu məqam artıq yetişib, biz nə vaxta qədər dözməliyik buna.

- Fələstin dövlətinin tanınması əleyhinə Təhlükəsizlik Şurasında İsrailin yaxın dostu ABŞ-ın veto qoymaq hüququndan istifadə edəcəyi ehtimalı çox böyükdür...

- İsraildə 500 artıq ziyalı, akademik, dövlətdə yüksək nüfuzu olan şəxslər İsraili Fələstin dövlətini tanımağa, onun müstəqil dövlət olmasını etiraf etməyə çağırılar. Fələstinin müstəqil dövlət olması tək onun özü üçün faydalı deyil, eyni zamanda İsrailin maraqlarına uyğundur. İsraildə iki gün əvvəl seçilən yeni hökuməti də, baş nazirdən bu dövlətin tanınması məsələsini tələb etdi. Bu gün dünya dövlətlərinin dörddə üçü Fələstinin lehinə səs verirlər. Fələstini tanıyan ölkələrin sayı 127-dən çoxdur və bu say arta da bilər. Fələstinin BMT-də tanınması sülh prosesinə töhfə verəcək, biz də məhz bu səbəbdən ora üz tuturuq. Fələstinin müstəqil dövlət kimi tanınmasına qarşı olan maneələr regionda radikalizmin daha da şiddətlənməsinə gətirib çıxaracaq. Əgər veto ilə qarşılaşsaq BMT Baş Assambleyasına üz tutacağıq, orada da təmsil olunan bütün dövlətlər bizim tərəfimiz saxlayacaq.

- Azərbaycan həm İsraillə dostluq münasibətlərini saxlayır, həm də Fələstinin haqlarını tanıyır. Bu prosesdə Azərbaycanın tutduğu mövqeni necə dəyərləndirirsiniz?

- Azərbaycan tarix boyu Fələstin dövlətini dəstəkləyib, hər zaman prinsipial olaraq öz mövqeyini ortaya qoyub. Bu iki amildən qaynaqlanır. Birincisi, bu Azərbaycanın insani dəyərlərə verdiyi bir töhfədir, ikincisi isə hər iki dövlət arasında olan qardaşlıq münasibətlərindən qaynaqlanır. Azərbaycanın İsraillə olan münasibətləri belə həmin prinsipial mövqe ilə ziddiyyət yaratmır. Mahmud Abbasın Azərbaycana səfəri zamanı da bu mövqenin şahidi olduq. Prezident İlham Əliyev aydın bir siyasi ifadə ilə bildirdi ki, Azərbaycan Fələstini paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren dövlət kimi tanınmasının tərəfdarıdır.

- MDB ölkələri arasında Ermənistan bu məsələ ilə bağlı heç bir mövqe ortaya qoymayıb. Sizcə o, Fələstinin müstəqilliyini tanıyacaq?

- Biz Ermənistanın hansı mövqe nümayiş etdirəcəyini deyə bilmərik. Fələstinin Ermənistanla hər hansı bir diplomatik əlaqələri yoxdur. Bu Ermənistan dövləti rəhbərliyinin qərarlarına bağlıdır.

- Siyasətçilər dinlə, siyasəti qarışdırmağı sevmirlər, amma Fələstinin indiyə qədər tanınmamasında sizcə dini faktor nə dərəcə rol oynayır?

- Burada dini faktorun heç bir əlaqəsi yoxdur, bu ancaq milli münaqişədir. Dövlət işğal altındadır, ilk olaraq ərazilər azad olunmalıdır, sonra isə burada dövlət yaradılmalıdır. Avropa dövlətləri və qərb hər zaman Fələstini dəstəkləyiblər. Hazırkı vəziyyətdə də Avropa dövlətləri ilə əməkdaşlıqlarımız var. Açıq danışsaq, bəzi böyük gücə, nüfuza sahib dövlətlərin daxilindəki lobbi fəaliyyətlərin nəticəsində bu məsələ həll olunur. Məsələn, ABŞ həqiqəti yaxşı bilir, həmçinin Fələstin dövlətinin yaranmasının bölgəyə sülh gətirəcəyini də yaxşı bilir. Buna rəğmən, onun daxilində fəaliyyət göstərən İsrail lobbisinin təsiri ilə bu siyasəti həyata keçirə bilmir. Bu lobbilər öz fəaliyyətləri sayəsində dövlətin xarici siyasətinə təsir göstərmək gücünə sahibdirlər. Amma bu lobbiçilik fəaliyyətləri gələcəkdə həmin dövlətin öz maraqlarına belə zidd təşkil edəcək.

- Ərdoğan bu yaxınlarda etdiyi çıxışlarının birində lazım gələrsə İsraillə müharibə də edə bilərik deyib. Sizcə Türkiyənin İsraillə münasibətlərinin pisləşməsi sadəcə Fələstinlə bağlıdır yoxsa, burada Türkiyənin şəxsi maraqları da var?

- Əlbəttə burada Fələstinin də payı var. Ərdoğanın çıxışı isə təhrikedici deyildi. Bu əsasən, Mavi Mərmərə gəmisində öldürülən türk əsgərləri ilə bağlıdır. Əgər kimsə bir xəta işlədirsə mütləq buna görə üzr istəməlidir. İsrail bu addımı atmaq əvəzinə daha radikal mövqedən çıxış etdi. Türkiyə bizim qardaş ölkədir və hər zaman da prinsipial mövqe ortaya qoyub. Burada əsas günahkar tərəf İsraildir, çünki o üzr istəməli idi, etmədi və bu da münasibətləri gərginləşdirdi. Tutaq ki, sizin dostunuza qarşı səhv hərəkət etmisiniz, çox çətindir üzr istəmək? Çox sadədir, əslində bu onun sizə qarşı hörmətini artırar. Əgər səhv etmisənsə, mütləq şəkildə, qardaş üzr istəyirəm, deməlisən.

- Mahmud Abbasın səfərindən sonra Azərbaycanla Fələstin arasında iqtisadi sahədə əməkdaşlığa dair hər hansı bir irəliləyişlər əldə olunub?

- İqtisadi əlaqələr çox zəifdir. İki prezidentin göstərişi əsasında biz iqtisadi dövriyyəni artırmaq niyyətindəyik. Səfirliyimiz 7 aydır ki, fəaliyyət göstərir və gələcəkdə fəaliyyətimizi məhz bu yöndə quracağıq.

Səidə Teyyubqızı