Daha iki məktəbli “yoxa çıxdı”

daha-iki-mektebli-yoxa-cixdi
Oxunma sayı: 693

Azərbaycanda daha iki orta məktəb şagirdi itkin düşüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya Zaqatala Rayon Polis Şöbəsindən bildirilib.

Məlumata görə, Zaqatalanın Aşağı Tala kənd sakinləri, 5 saylı orta məktəbin 9-cu sinif şagirdləri Orxan Məcid oğlu Buttayev və Rəşid Sabir oğlu Gilanovun itkin düşməsi barədə onların valideynləri dünən rayon Polis Şöbəsinə məlumat veriblər. Ailə üzvlərinin dediyinə görə, O. Buttayev dünən günorta saatlarında sinif yoldaşı Rəşid Gilanovdan kitab götürmək adı ilə evdən çıxıb. Daha sonra isə onlar birlikdə naməlum istiqamətdə gediblər. Gecə məktəblilərin evə gəlmədiyini görən valideynləri dərhal polisə məlumat verib.

Polis adıçəkilən şəxsləri itkin düşmüş kimi qeydiyyata alıb. Hazırda məktəblilərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, bir neçə ay əvvəl də Zaqatala 11 yaşlı məktəbli yoxa çıxıb. 2000-ci il təvəllüdlü, Zaqatala rayon Yuxarı Tala kənd 2 saylı məktəbin 6-cı sinif şagirdi Ömərov Loğman Məhəmməd oğlu dekabrın 7-də evdən çıxıb, bir daha geri qayıtmayıb. Hələlik həmin məktəblini də tapmaq mümkün olmayıb.