“Dedim ki, alə, get tullan, məni ələ salırsan?” – Müsahibə

dedim-ki-ale-get-tullan-meni-ele-salirsan-musahibe
Oxunma sayı: 1421

Müğənni Əli Mirəliyev mətbuata açıqlamasında mədəniyyət və turizm Naziri Əbülfəs Qarayevin ünvanına sərt ittihamlar səsləndirib: "Əbülfəs Qarayev küçə oxuyanlarına "xalq artisti" adı verib. Onun "bığının altı"ndan keçməyənə fəxri ad verilmir. Səməd Səmədovla yanaşı, Aygün Kazımova və Brilliant Dadaşova nəinki xalq artisti, heç əməkdar artist adına da layiq deyillər".

Xalq artisti Səməd Səmədov "Reytinq"ə müsahibəsində Əli Mirəliyevin ittihamlarına cavab verib:


- Allah Əli Mirəliyevin canını sağ eləsin. Oturduğum yerdə məni dingildətdi (Gülür). Bilirsiniz, işləmək necə çətindir? Xalq artisti adı alandan sonra evə gecə saat 5-də gəlirəm, hətta arvadağa qapını üzümə açmaq istəmir. Arvadağa deyir ki, xalq artisti adını aldın, indi bir az dincəl. Gecə-gündüz işləyirəm. Bu ay 14 toyum var.

- Toy yaradıcılıqdır?

- Əlbəttə.

- Toyla yaradıcılıq arasında oxşarlıq nədir?

- Eyni şeydir. Bu gün efirdə ancaq toy mahnıları səslənir. Kim efirə çıxırsa, toy mahnıları oxuyur. Allah mənə pul nəsib edib. Mən də bu pulu ansanblın üzvləri arasında paylayıram. Kef edirəm. Ansanblıma daha üç nəfər götürmüşəm ki, onların da evində qazan qaynasın.

Əli məni tənqid edir, hətta bəzən təhqirə də keçir. Zəng vurub soruşurlar ki, niyə onun çavabını vermirsən? Deyirəm, siz çaşmısınız.

- Biz də soruşmaq istəyirik: Əli Mirəliyevin tənqidləri niyə cavabsız qalır?

- Çünki onun adı Əlidir, familiyası da Mirəliyev. Əgər o, öz pisliyindən qalmırsa, mən niyə yaxşılığımdan qalmalıyam?

- Əli Mirəliyev bütün çıxışlarında təxminən eyni sözləri təkrarlayır: "Səməd Səmədov mənim aparatımı daşıyıb". Bu, doğrudurmu?

- Düz deyir. Vaxt vardı mən onun yanında "usilitel" verirdim. Bu gün isə bu işin çox mədəni adı var - səs rejissoru. Həm "usilitel" verirdim, həm də ionika çalırdım. O vaxtlar İslam Rzayev, Hacıbaba Hüseynov, Zaur Rzayev, Niyaməddin Musayev, Rəmiş, bir sözlə, Azərbaycanın qaymaqları ilə konsertlərə gedirdim. Onların aparatını daşımasaydım, bu gün Səməd Səmədov olmazdım.

- Əli Mirəliyevlə münasibətlərinizin korlanmasına səbəb nədir?

- Bu adam pul qazana bilmir. Yəqin ona görə məndən küsüb. İş ondadır ki, onun telekanallarda nəinki məni, hətta başqalarını tənqid etdiyini də görəndə gülürəm.

- Amma həqiqətlər gülüş hədəfi olmamalıdır...

- Aparıcılar Əli Mirəliyevi qəsdən dəvət edirlər ki, veriliş maraqlı olsun.

- Bəs, həmin aparıcılar Sizi niyə dəvət etmirlər?

- Mən ayrı, Əli ayrı. Mən onun kimi danışmağı bacarmaram.

- Etiraf edirsiniz ki, həqiqəti efir vasitəsilə vəzifəli şəxslərin üzünə deyə bilmirsiniz?

- Bir dəfə ona dedim ki, ay Əli, bəsdir, bu insanları niyə tənqid edirsən? Dedi ki, ay Səməd, hara gedirəmsə, cibimə pul basırlar. Deyirlər ki, danış, təki veriliş maraqlı olsun. Sonra isə dedi ki, nə qədər sən varsan, mənim evimdə qazan qaynayacaq.

- Əgər belədirsə, siz özünüz niyə pul verib, Əli Mirəliyevi sakitləşdirmirsiniz?

- Əliyə iki-üç dəfə pul vermişəm. Danmıram. Amma ona xeyri yoxdur. Qoy danışsın da, tənqid olmasa inkişaf da olmaz. Tənqid hardan gəlib?

- Haradan gəlib?

- Avropadan, Rusiyadan, Türkiyədən. Tənqid Azərbaycana o ölkələrdən ayaq açdı. Tənqid olmasa inkişaf da olmaz.
"Toylar kralı" idim, ayda 5-10 toyda oxuyurdum. Əli məni dilinə dolayan kimi toylarım da artdı, hörmətim də, Allah onun canını sağ eləsin. O, kimi dilinə dolasa qabağa gedir. Bu gün belədir. Kimi çox tənqid edirlərsə, o da qabağa gedir.

- "Toylar kralı" necə xalq artisti oldu?

- Çox asan. Həm çalışdım, həm də Əli məni dilindən düşürmədi.

- Amma deyirlər ki, bu ad Sizə "tamadalıq" etdiyiniz, daha doğrusu, vəzifəli şəxslərdən birinin övladının toy məclisini apardığınız üçün verilib...

- Yalan sözdür. Xalq artisti adını alanda "Oazis" restoranında idim. Prodüsserim gəldi ki, sənə xalq artisti adı veriblər. Dedim ki, alə, get tullan, məni ələ salırsan? İnanmadım.

- Özünüzə arxayın deyildiniz?

- Belə şey olmayıb axı. "Toylar kralı", sonra da xalq artisti. Buna necə inanaydım? Sevindiyimdən səhərə kimi yatmadım.

- Fəxri ad almaq üçün kimə müraciət etmişdiniz?

- Fəxri adı müraciətlə vermirlər. İnsanın səviyyəsinə və xidmətlərinə görə verirlər. Yuxarıda oturanlar səviyyəyə baxırlar. Mənim də səviyyəm göz qabağındadır. Mənə adı yaşa görə verdilər. Yaşım 65 oldu.

- Deməli, muğam ifaçısı Süleyman Abdullayevin səviyyəsi olmadığına görə hələ fəxri ad almayıb? Yoxsa, onun yaşı hələ 65-ə çatmayıb?

- Onu deyə bilmərəm. Ona təqaüd, 3-4 otaqlı ev veriblər. İş xalq artisti fəxri adında deyil, diqqətdədir. Mərhum Qədir Rüstəmova da ev vermişdilər, indi də balalarına kömək edirlər.

- Axı Qədir Rüstəmov toy müğənnisi deyildi...

- Yaxşı müğənnilərimiz var, onlar da 65 yaşa çatanda fəxri ad alacaqlar.

- Əli Mirəliyev deyir ki, Aygün Kazımova, Brilliant Dadaşova nəinki xalq artisti, heç əməkdar artist adına da layiq deyillər. Əli müəllim bu müğənniləri açıq-saçıq geyinməkdə də ittiham edib...

- Kim Brilliant və Aygün xanımın dalınca belə sözlər danışırsa, qələt edir, başını da daşa döyür. Onlar sənətkardır, səhnəmizin, toylarımızın bəzəyidir. Səhnəmizi Aygünsüz təsəvvürümə gətirə bilmirəm. Qadınlar açıq-saçıq geyinməlidir. Açıq-saçıqlıq qadın üçündür də... Bunu qadına necə qadağan edə bilərik? Qadın soyunduqca gözəlləşir. Metroda, küçədə daha açıq-saçıq geyinən qadınlar olur. Onu niyə demirsiniz?

- Küçədə, metroda olmusunuz?

- Olmamışam. Amma maşınla gedəndə hər şey çox aydın görünür. Üstəlik, tədbirlərə, toylara elə geyimdə gəlirlər ki, müğənnidən güclə seçilirlər.

- Əli müəllim bəzi kişi müğənnillərin gecələr Tbilisi prospektinə çıxdığını da iddia edir. Bu barədə nə deyə bilərsiniz?

- Əli Mirəliyev bu məsələdə haqlıdır. Belə müğənnilərimiz var. Amma heç kimin ixtiyarı yoxdur ki, onların şəxsi işinə qarışsın. Bu, şəxsi məsələdir. Qoy, onların dərdini öz ailələri çəksin. "Mavi"lər təkcə sənətdə deyil, başqa sahələrdə də aktivdirlər.

- Bakıda "gey-parad"ın keçirilməsi mümkündür?

- Yox.

- Niyə?

- Əgər Bakıda "gey-parad" keçirilsə, bütün müsəlman ölkələri bizdən üz döndərər. Elə mən özüm də Azərbaycandan köçüb gedərəm.

- Səməd Səmədov "gey"lərlə bir səhnəni bölüşür, amma onların paradlarını qəbul etmək istəmir...

- Səhnə yarandığı gündən belə olub.

- Mübariz Tağıyevlə münasibətiniz necədir?

- Əla.

- Həmkarınız deyir ki, Mübariz Tağıyev pudra çəkir, saçını da qaraldır...

- Görün, Mübarizin neçə yaşı var? Saç qaraltmaq adi bir şeydir. Kabzonun hardasa 70 yaşı var, o, yenə də saçını qaraldır. Nəinki Kabzon, dünya miqyasında nə qədər tanınmış aktyor varsa, hamısı makiyajdan istifadə edir, saçlarına rəng vurur. Burda pis nə var? Kim nə istəyir, onu da edir. İnsanların şəxsi həyatına niyə müdaxilə edirlər? Mübariz həmişə öz fikrini açıq deyir.

- Əli Mirəliyev mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi istefaya səsləyib...

- Əlidir də, qoy desin, danışmaq pulla deyil ki. Bəyəm naziri bu vəzifəyə Əli təyin edib?

- Əli Mirəliyev Sizi erməni mahnıları oxuduğunuz üçün qınayır...

- Məni buna görə qınayırlar? Nahaq. Vaxtiylə həmin ermənilər oturmuşdu Bakıda. Onu Əli də bilir, Vəli də. O, ermənilərin bəziləri də ölkəni idarə edənlər arasında idi. Rus, tatar, yəhidi, erməni, ləzgi, bir sözlə, Azərbaycanda nə qədər millət yaşayırdısa, hamısı məni toya dəvət edirdi. Ermənilərin məşhur bir mahnısı vardı - "Marqo-marqarito". İndi də kimdən soruşsan, bunu deyəcək. Mən bunu oxumuşam. Bir çoxları da erməni ilə evləndi. Bəyəm onlar arvadlarını boşadılar?
Əli deyir ki, Səməd erməni mahnılarına görə, ad alıb, amma Akif İslamzadə yox. Allah Akif İslamzadəyə şəfa versin. Akif Azərbaycanın gözü-bəbəyidir. Hüseynağa Hadıyev, Akif İslamzadə, Məmmədbağır Bağırzadə və Yalçın Rzazadə Azərbaycanın brendidir. Hansı ölkəyə gedirsənsə, bunları tanıyırlar.

- İlhamə Quliyeva deyir ki, Səməd Səmədova "Toylar kralı" adını mən vermişəm...

- "Günay" şadlıq sarayı yadınızdadır. Yuxarıdan tort gəlirdi. Necə oldusa, tortun yerinə tac gəldi. Bundan sonra İlhamə xanım dedi ki, Səməd Səmədov "Toylar kralı"dır. Rəhmətlik Mirzə Babayev həmin tacı götürüb başıma qoydu. Dedi ki, sən əsl "Toylar kralı"san. O gündən sonra məni toylarda belə təqdim etdilər.
Məndən sonra isə bu titul Manaf Ağayevə verildi. Onun başına tacı Kamran Həsənli qoyan kimi Manafa zəng vurub, onu təbrik etdim. Amma mənim ondan da böyük titulum var. Mən Azərbaycanın xalq artistiyəm. Bu ad mənə daha doğmadır. "Toylar kralı" isə şoudur. Amma "Toylar kralı" Azərbaycanda bir çox istedadlı şəxsləri üzə çıxardı.

- Niyə "Toylar kralı"nın münsif heyətində yoxsunuz?

- Dəvət edirlər, sadəcə, vaxtım yoxdir. İdmançıyam. Bliyard, futbol oynayıram, Ağadadaş Ağayev isə rəqibimdir.

- Əgər vaxtınız olsa, Əli Mirəliyevlə də yarışarsınız?

- Canla-başla. Əli Mirəliyev elə-belə adam deyil, böyük sənətkardır. Mən onunla işləyəndə Əli hər gün toy aparırdı. Onun gözəl sənəti var. Amma indi ayrı zamandır. Dinozavrlar necə yox oldusa, Əli Mirəliyev də elə sıradan çıxdı. Mən Əli Mirəliyevi musiqi sənətində dinozavra bənzədirəm. Artıq dinozavrlar dünyasını dəyişib.

- Amma Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Əli Mirəliyevi başdanxarab adlandırırlar...

- Qələt edirlər. Onun nə başı xarabdı, nə də xəstədi. Elə bir həftə olmazdı ki, Əli Gülarə Əliyeva ilə çıxış etməsin. Mən onun paxıllığını çəkirdim. Deyirdim ki, kaş, mən də Əli kimi populyar olaydım. Baxmayaraq ki, o, məni tənqid, təhqir edir, amma mən düzünü danışıran. İndi sözün düzünü deyənləri başdanxarab adlandırırlar.

“Reytinq” qəzeti