Diktatora cavab: 27 ölkə Lukaşenkoya qarşı

diktatora-cavab-27-olke-lukasenkoya-qarsi-
Oxunma sayı: 661

Avropa Birliyi ilə Belarus arasında son 5 ildir davam edən siyasi gərginlik daha da artıb. Qurumun Aleksandr Lukaşenko rejiminə yönəlik sərt sanksiyaları tərəflər arasında diplomatik qalmaqalın yaranmasına səbəb olub. Avropa Birliyinin yeni sanksiyalar tətbiq etməsi Lukaşenko rejimini qəzəbləndirib. Belarus hakimiyyəti qadağalara cavab olaraq Belçika və Polşadakı səfirlərini geri çağırıb.

Buna cavab olaraq isə Avropa Birliyinə üzv 27 ölkə də öz səfirlərini Belarusdan geri çağırıb. Qalmaqalla bağlı açıqlama verən Avropa Birliyi xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton bildirib ki, belə bir addım Avropa Birliyinin həmrəyliyini göstərmək üçün atılıb. Ali komissarın görə, Belarus səfirləri məsələ ilə bağlı Xarici İşlər Nazirliyində danışıqlara çağırılacaq. Belarusun xarici işlər naziri Andrey Savinıy isə bildirib ki, təzyiqlərə qarşı Belarus hökuməti öz maraqlarını qorumaq üçün digər tədbirlərə də əl atacaq.

Qeyd edək ki, fevralın 27-də Avropa Birliyi Belarusda insan haqlarının pozulması ilə bağlı ölkənin 19 hakiminə və 2 hökumət nümayəndəsinə qarşı sanksiya tətbiq etmişdi. Ümumilikdə isə, bu ölkədə Aleksandr Lukaşenko başda olmaqla 230 hökumət nümayəndəsi Avropa Birliyinin “qara siyahı”sına düşüb. Onların Avropa Birliyinə üzv ölkələrə səyahəti qadağan olunub. Həmin rəsmilərin Avropa ölkələrindəki mal varlıqlarına həbs qoyulub.
Azadlıq.info