Doqquz ayda büdcədən nə xərclənib? - Hesabat

doqquz-ayda-budceden-ne-xerclenib-hesabat-
Oxunma sayı: 679

Azərbaycanda 2011-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 8978,9 mln. manat, xərcləri 8734,8 mln. manat olub, 244,1 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Maliyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hesabat dövründə dövlət büdcəsinin mədaxili 105,6 faiz icra olunub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1474,4 mln. manat və ya 19,6 faiz çoxdur.

Vergilər Nazirliyi mədaxil proqnozunu 112,4 faiz icra etməklə dövlət büdcəsinə 4063,2 mln. manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 449,8 mln. manat, 2010-cu ilin eyni dövrü ilə müqayisədə isə 935,6 mln. manat və ya 29,9 faiz çoxdur.
2011-ci ilin doqquz ayında Dövlət Gömrük Komitəsi proqnoza 100,2 faiz əməl edərək büdcəyə 842,7 mln. manat vəsait təmin edib.

2011-ci ilin doqquz ayında sair gəlirlərdən nəzərdə tutulan 26,6 mln. manata qarşı büdcəyə 52,0 mln. manat və ya proqnoza nisbətən 2,0 dəfə çox vəsait daxil olub.
Dövlət Neft Fondundan büdcəyə 4021,0 mln. manat vəsait transfert edilib.
Xərclərə gəlincə, Nazirlikdən bildirilib ki, bu ilin doqquz ay ərzində dövlət büdcəsinin xərcləri 87,7 faiz icra edilib ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 1898,2 mln. manat və ya 27,8 faiz çoxdur.

Sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsi xərclərinin 27,7 faizi və ya 2416,2 mln. manatı yönəldilib ki, bu da 2010-ci ilin eyni dövrü ilə müqayisədə 351,2 mln. manat və ya 17,0 faiz çoxdur.

2010-cu ilin eyni dövrü ilə müqayisədə 2011-ci ilin doqquz ayında dövlət büdcəsi xərclərindən funksional təsnifata uyğun olaraq sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 1105,2 mln. manat və ya 52,8 faiz, nəqliyyat və rabitə xərclərinə 10,1 mln. manat və ya 34,2 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 200,1 mln. manat və ya 21,9 faiz, səhiyyə xərclərinə 51,0 mln. manat və ya 18,7 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 47,3 mln. manat və ya 17,7 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 18,5 mln. manat və ya 17,2 faiz, mənzil və kommunal təsərrüfatı xərclərinə 19,1 mln. manat və ya 13,9 faiz, təhsil xərclərinə 81,6 mln. manat və ya 10,6 faiz, ümumi dövlət xidmətləri xərclərinə 48,8 mln. manat və ya 8,8 faiz, iqtisadi fəaliyyətlə bağlı xərclərə 4,1 mln. manat və ya 4,0 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 13,6 mln. manat və ya 3,1 faiz çox vəsait yönəldilib.

2011-ci ilin doqquz ayı ərzində istifadə olunan 3281,0 mln. manat dövlət əsaslı vəsait qoyuluşu xərclərindən sosial təyinatlı layihələr üzrə (təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı) obyektlərin tikintisinə və yenidənqurulmasına 462,0 mln. manat, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının və bu qəbildən olan digər obyektlərin tikintisinə, yenidənqurulmasına və müvafiq avadanlıqların alınmasına 2819,0 mln. manat vəsait yönəldilib.

Nigar Məmmədli