Dünya bizi fırladır

dunya-bizi-firladir-
Oxunma sayı: 693

Dünya necə də böyük və möhtəşəmdir. Amma fırlanır, fırladır. Yaranandan bu günü kimi bircə dəfə də olsun dayanıb nəfəsini dərməyib. Elə hey fırlanıb, fırladıb. Fırlandıqca da neçə-neçə sultanlar, hakimlər, krallar, klanlar, diktatorlar fırladıb. Kimlər bu dünyadan qopmamaq üçün nələr etməyib? Heç uzağa getməyək. Qəzzafi nələrini və kimlərini vermədi bu dünyada qalmaq üçün. Əlində olan hər şeyini itirəndən sonra öz muzdlu əsgərlərinə saxta dollarlar da verdi bu dünyada qalmaq üçün. Amma nə fayda? Tutdular, döydülər, qanına qəltan etdilər. Sonda da linç edib elə fırlatdılar ki, yeri-yurdu bilinməz bir səhraya düşdü. Dayan dünya, dayan. Heç olmasa ruhuna bir fatihə surəsi oxuyum. Nə qədər olmasa da axı müsəlman idi.

Dünyanın ən cazıb ölkələrindən biri də Ehramlar ölkəsi Misir idi. Bəli məhz idi. Öz əzəməti, tarixi, qüdrəti, zəngin mədəniyyəti ilə dünyanı özünə heyran qoymuşdu. Qəbul etdiyi turistlərin sayına görə dünya ölkələri arasında liderlərdən biri idi. Dayanıqlı, oturuşmuş bir dövlət idi. Amma bu ölkəni də bir göz qırpımında fırlatdı bu dünya. Ağ evin qara adamının simasında fırladıldı bu ölkə. Elə fırladıldı ki, başı ayağına çevrildi. xəstə oldu. Bu gün Mübarək məhkəməyə xərəkdə gətirilir. Çox güman ki, sabah da tabut da gedəcək. Dayan dünya, dayan. Qoy ona Allahdan şəfa diləyim. Nə qədər olmasa da axı müsəlmandır.

Yəməni də yaman günə qoydu bu dünya. Suriyanı isə hələ də sürüyür. Çox güman ki, bundan əvvəlki fırlatmalardan qolunda taqət qalmayıb bu dünyanın. Gücünü toparlayan kimi bu ölkəni də fırladacaq. Çox güman ki, bundan sonra Barak Obama yenə şəstlə açıqlama verəcək ki, bir nəfər də olsa Amerika əsgərinin iştirak etmədiyi ölkəni “xilas”etdik. Görəsən hələ neçə belə ölkələr “xilas” olacaq.

Deyilənə görə bu ölkələrin bəlası demokratiya imiş. Əcəba, niyə məhz müsəlman ölkələri? Məgər bu dünyada bir dənə də olsun demosun düşməni olan xristian dövləti yoxdurmu?

Məni qınamayın bu dünyanın bir müsəlman “sevgisi” var. Nə vaxt əlindəki tolamazı fırlatsa müsəlman ölkələrinə düşür. Dünya sanki müsəlmanlara qarşı qollarını çırmalayıb mübarizə aparır. Kiminə avtoritar, kiminə soyqırımı iddiaları ilə. Burada da çox uzaqlara fırlanmayaq. Qardaş Türkiyənin bu “soyqırım”la bağlı günahlandırılması bu gün gündəmdə olan ən isti məsələ olaraq qalır. Qorxaq bir qadının (türk jurnalistin qorxaraq özünü ifşa etməsini nəzərdə tuturam) Fransa senatına təqdim etdiyi layihə nə qədər gülünc və özünütəkzib olsa da, türk düşmənləri tərəfindən qəbul edilməkdədir. Dünyaya demokratiya ixrac etməkdə iddialı olan bir ölkədə bu cür qanunun qəbul edilməsi söz və fikir azadlığının boğazda və beyindəcə boğulmasını görəsən bunlara Janna Dark nənələrimi miras qoydu? Öz işlərinə yarayanda tarixlə siyasət arasında manipulyasiya etmə siyasətini hansı babalarından öyrəndilər? Bu sualın cavabı bilinməsə də ancaq bu dəqədir ki, Cənab Ərdoğanın Əlcəzairdə törətdikləri qətliamla bağlı Fransaya etdiyi xatırlatmadan sonra, Əlcəzair rəsmisinin onların adının bir daha hallandırılmaması ilə bağlı etdiyi xəbərdarlıq məhz Sarkozi dayılarının fırlatması idi. Darıxma Sarkozı, darıxma. Fransada prezident seçkilərinə az qalıb. Seçkilərdə xal qazanmaq üçün qurduğun bu oyunun oxu fırlanıb, fırlanıb sənə GAME OVER göstərəcək. Ancaq fransızların Ruanda və Əlcəzairdə törətdikləri qətliam tarixin qanlı səhifəsində qalmaqdadır.

Əcəba bizlər bu fransızlara nə etdik ki bunlar bizlərə bu qədər pisliklər edir. Bəlkə Dərviş Məstəli Şahın Parisi partlatmasının qisasını alırlar.

Eh, fırlat dünya, fırlat. Bizi bacardığın qədər fırlat. Bizlər də az aşın duzu deyilik. Sayın Gül Sərkisyanın Türkiyəyə səfəri şərəfinə bütün Türkiyəni gül-çiçəyə qərq eləndə, Sərkisyanın oturan yeri rahat olsun deyə xüsusi daş-qaşla bəzədilmiş taxti-rəvan hazırladanda, onun üçün təşkil edilmiş ziyafətdə təamların öz həyat yoldaşına bişirtdirəndə erməni xislətindən xəbərsiz idimi? Yoxsa Ağrı dağına dikilən dağlanmalı erməni gözündənmi xəbərsizdi? Olmaya Sərkisyanın Qarabağda göstərdiyi “qəhrəmanlıq” barədə məlumatı yox idi. Çox güman ki, cənab Gül, ermənilər tərəfindən terrora məruz qalan türk paşaları və siyasilərdən yüz faiz xəbərdar idi. Eh, fırlan dünya, elə fırlan ki, başımız hərlənsin, məst olaq.

Bu gün dünyada bütün etdiklərini bəşər naminə edirik deyən “qəhrəman” dövlətlər niyə Somalidən yan keçir deyə çox suallar var. Axı orada yaşamağa çalışanlar da bəşər övladlarıdır. Onlar da həyatda qalmaq istəyir. Niyə İraq, Liviya, Yəmən, Misir, Suriya və.s. kimi ölkələrə gəldikdə başda ABŞ olmaqla bütün Avropa hərəkətə keçir, Somaliyə isə heç göz ucu ilə də nəzər salan yoxdur, deyə bu ölkələrə müraciət etdim. Bir müddət sonra elektron ünvanıma fırlana-fırlana bir məktub gəldi. Cavab qısa idi: Orada bizdən çörək istəyirlər. Dayan dünya, dayan. Heç olmasa, orada bir nəfərə də olsa çörək verim, sonra fırlan.

Müəllimim yerin fırlanması ilə bağlı bizə nələrsə demişdi. Ancaq yer kürəsinin öz oxu ətrafında fırlanmasını mən özüm öyrənməli oldum. Onu da öyrəndim ki, yer kürəsində bir çox millətlər və dövlətlər mövcuddur. Ancaq dünyanın ətrafında fırlandığı oxu bizik.