Edam dəhşəti

edam-dehseti
Oxunma sayı: 659

Amma o dişbatmaz və suyuturş növbətçiyə bütün bunları izah eləmək çox çətin idi. Otaqda bütün qablar da plastik idi, adam hirslənsəydi belə özünü doğraya bilməzdi. Bizi digər şeylərdən yox, məhz qələmdən qorumaqları mənəvi cəhətdən bizi çox sarsıdırdı.



Bir dəfə Şəhriyarın rəhmətlik anası ilə bağlı ağlına maraqlı bir şeir gəlmişdi, yadından çıxmamış yazmaq istəyirdi. Qapını döyüb nəzarətçidən qələm istədi:

- Mənə qələm verin.
- Nəyinə gərəkdi qələm?
- Anamla bağlı beynimə bir şeir gəlib onu vərəqə köçürəcəm.
- Olmaz.
- Niyə?
- Gedib evinizdə yazarsan.
- Nə vaxt gedəcəm evə?
- Bilmirəm. Hələ çıx havaxorda bir az gəzin, görüm tapsam gətirərəm – Şəhriyar irəlidə, mən arxada havaxora çıxırıq. Türmə paltarının içində Şəhriyar daha da büzüşür, divarın dibinə çömbəlir və gözündən yaş süzülməyə başlayır, çünki bilirik ki, bu qoca bizə qələm-zad gətirən deyil, şeir yaddan çıxacaq. İnsafən deyim ki, digər növbətçilərdən qələm istəyən kimi gətirirdilər, bircə bu qoca şair-filan hərləyən adam deyildi. Şəhriyar bir az özünə gələndən sonra kefi duruldu və başını göyə sarı qaldırıb məşhur qarğışını dilə gətirdi: “Qoca, sən mənə qələm vermədin, “Allah səni çırıq-çırıq eləsin”.



Bir gün adını bilmədiyimiz, uca boy olduğuna görə öz aramızda UZUN OĞLAN adlandırdığımız kəs gəlib bizə dedi ki, burdan çıxanda əlyazmalarınızı verməyəcəklər, çalışın nə yazırsınızsa tezcə əzbərləyin. Bu sözdən sonra otaqda var-gəl edə-edə bütün günü yazılarımızı əzbərləyirdik, vaxtın bolluğundan şeirlərimizlə yanaşı, mən yazdığım povesti və şeirləri, Şəhriyarsa esselərini və şeirlərini əzbər öyrənmişdi. Doğurdan da, o oğlanın dediyi kimi oldu: Ettelaatdan Təbriz zindanına göndəriləndə əlyazmalarımızı əlimizdən aldılar, özümüzə vermədilər. Amma Şəhriyar hansı yollasa qeydlərini yazdığı vərəqi özüylə birgə çıxardı. Təbriz zindanına gətirildikdən sonra isə görməmiş kimi iki-üç dəftər alıb yaddaşımızda, əzbərimizdə olan əsərləri dəftərə köçürməyə başladıq.


Təbriz həbsxanasında edama məhkum olunmuş adamları gördükcə insan dəhşətə gəlirdi. Sabir adlı fruşqahçı (bufetçi) dava zəminində qonşusunu öldürmüşdü, edam cəzası vermişdilər. Ölənin anası əgər şikayətini geri götürsəydi Sabir azad oluna bilərdi. Deyilənə görə, qadının ürəyi yumşalıbmış, az vaxt sonra rizayətlik verəcəkmiş, qəfil qadın ölür. Həmin qadının ölən oğlundan başqa səkkiz oğlu da var. Bu da o deməkdir ki, Sabirin azad olması üçün əvvəl əgər bir adam vazılıq verə bilərdisə, indi gərək səkkiz adam şikayətçi olmayaydı. Həmin səkkiz qardaş da diə - qan pulu istəyirlər, hərəsi də bir miqdarda, bu da o deməkdir ki, Sabir sözün əsl mənasında səkkiz mıxa keçmişdi və edamı qaçılmazdır. Çünki mən elə səkkiz qardaş tanımıram ki, səkkizinin də dediyi bir-birinin boğazından keçə və hansısa razılığa gələlər, özü də pul haqq-hesabında.
Hərdən Sabirlə söhbət edəndə deyirdi ki: Eşik yadımdan çıxıb, adamların üzünü xatırlamıram 4 ildi burdayam, ta burdan çıxmayacağımı yaxşı bilirəm, ona görə də bura öz evim kimi baxıram. Kimsə hər hansısa zindan əşyasını qıranda elə bilirəm mənim əşyamı qırır, bir yan çirkli olanda mənə elə gəlir ki, evim batıb-bulanıb. Amma onu da bilirəm ki, bir gecə qəfil məni oyadıb aparıb Saat Meydanındakı dirəkdən asacaqlar. Bax, onu düşünəndə beynim qarışır, hamı bir-bir gəlib gözümün qabağından kino lenti kimi keçir, sanki ölüm mənə bütün unutduqlarımı xatırladır. O an hamı və hər şey bir anlıq yadıma düşür, sonrasa çəkilib itir hər şey.

Ardı var...