“Bəlkə heç belə adda adam yoxdur”- - Ekspert

belke-hec-bele-adda-adam-yoxdur-
Oxunma sayı: 3050


“Qafqazinfo” nun məlumatına görə, erməni mətbuatı saxlanılan şəxsin Azərbaycan kəşfiyyat-diversiya qrupunun üzvü olduğunu iddia edib, Müdafiə Nazirliyinin yaydığı açıqlamada isə həmin şəxsin Azərbaycan Silahlı Qüvvələrində xidmət etmədiyi bildirilib. Bununla bərabər bu gün səhərdən etibarən həm Azərbaycan mətbuatı, həm də Ermənistan mətbuatı məsələ ilə bağlı müxtəlif adlar altında qeyri-dəqiq məlumatlar yayır. Məsələ sosial şəbəkələrdə də geniş müzakirə olunur.

Xatırladaq ki, bu tip məlumatların Azərbaycam mediasında işıqlandırılması birinci dəfə deyil. Ümumiyyətlə, bu cür məlumatların dəqiq olub-olmadığını necə müəyyənləşdirmək olar?

 “Qafqazinfo” bu sualla hərbi ekspert Üzeyir Cəfərova müraciət edib.

Ü.Cəfərov bildirib ki, erməni mətbuatında gedən davamlı dezinformasiyalar, təxribat xarakterli materiallar çox asanlıqla Azərbaycan mətbuatına sızır və media da bu məlumatdan gen-bol istifadə edir : “Artıq ermənilər məsələn, hansısa bir genaralın əsir götürülməsi ilə bağlı dezinformasiya yaysa, bizim mətbuat onu təntənə ilə yayacaq. Bu məlumat səhər tezdən yayıldı. Şəkildə tutulan şəxsin yanında Azərbaycan bayrağının, silahın olması göstərilir. Bu erməni tərəfinin açıqlamasıdır. Amma nə zaman görülüb ki, diversiya xarakterli kəşfiyyata gedən insan özüylə Azərbaycan bayrağı götürsün?

Əvvəla, ora gedəndə konkret tapşırıqla gedirlər.

İndi Müdafiə Nazirliyi deyir ki, bizim elə hərbi qulluqçumuz olmayıb. Məni yeganə narahat edən məsələ orada ad, soyad, ata adının göstərilməsidir. İndi müvafiq qurumlar buna aydınlıq gətirməlidirlər. Bəlkə heç belə adda adam yoxdur”.

Hərbi ekspert sözlərinə görə, iki gün bundan qabaq Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin  rəhbəri Arçur Ovanisyanın dili ilə deyirdilər ki, azərbaycanlılar Kəlbəcərə gəliblər. Ordan hansısa uydurma adlı 14 yaşlı uşağı oğurlayıb aparıblar: “Bu xəbər öz təsdiqini tapmadı. Ermənilər görür ki, hansısa dezinformasiya xarakterli xəbərlər mediaya yol tapır və bizim müvafiq qurumlar, o cümlədən Müdafiə Nazirliyi buna  vaxtında reaksiya vermir. Ermənilərin yazdığı məlumat yüz ölçüb bir biçildikdən sonra yazılmalıdır.

Elə deyirlər ki, bizdə belə hərbçi yoxdur. Hesab edirəm ki, məsələyə daha peşəkar mövqədən yanaşılmalı və belə məsələlərə  daha da çevik reaksiya verilməlidir”.

Günel