Əsəd ailəsinin ərəb dünyasına xəyanəti faş oldu

esed-ailesinin-ereb-dunyasina-xeyaneti-fas-oldu-
Oxunma sayı: 721

Suriyada Əsəd rejiminə qarşı etirazlar davam edərkən ərəb dünyasının “Nuqudy” və “Al Bawaba” kimi nüfuzlu qəzetləri Bəşər Əsədin atası, ölkənin keçmiş diktatoru Hafiz Əsəd haqda məlumat yayıb. Məlumatda Misirin keçmiş prezidenti Ənvər Sadatın yaxın dostu Məhəmməd Camiyə istinad olunub. Cami ərəb dünyasında şok yaradacaq sirrin üstünü açıb.

Məhəmməd Caminin sözlərinə görə, Suriyanın keçmiş diktatoru Hafiz Əsəd “6 günlük müharibə”nin gedişində srtateji əhəmiyyətə malik Golan təpələrini İsrailə 100 milyon dollara satıb. Misirin Məsləhət Şurasının üzvü olmuş Cami qeyd edib ki, Golan təpələrinin İsrailə satılması müqabilində ödənilən pul Hafiz Əsədin qardaşı Rifat Əsədə verilib, o isə bu pulun bir hissəsini İsveçrə bankında Hafiz Əsədin adına açılmış hesaba yatırıb.

Ənvər Sadatın yaxın dostu Ərəb dünyasında şok yaradacaq bu məlumatı necə öyrəndiyinin təfərrüatlarını da açıqlayıb: “Bir gün səhər Sadat mənimlə Golan təpələrinə getdi. O, maşından düşdü və əlini çiynimə qoyaraq mənə sual ünvanladı: “Məhəmməd bu möhtəşəm Golan təpələrini dünyanın super gücləri və yaxud İsrail işğal edə bilərmi? Mən isə cavabımda “xeyr, bu mümkün deyil” dedim. Bu məqamda Ənvər Sadat üzünü mənə çevirərək “Məhəmməd mən sənə çox təhlükəli sirr açıqlayıram. İsrail bu təpələri 100 milyon dollara alıb. 100 milyonluq çek Rifat Əsədə verilib. Pul Hafiz və Rifat Əsəd qardaşlarının İsveçrə bankındakı hesablarına yatırılıb” söylədi.

Mahmud Camiyə bilidirib ki, həmin pul “6 günlük müharibə” zamanı Suriyanın müdafiə naziri olan Hafiz Əsədə suriyalı əsgərlərin İsrail hücumlarına müqavimət göstərməməsi müqabilində verilib. Cami açıqladığı sirrin Livanın keçmiş prezidenti Əmin Cimael tərəfindən də səsləndirildiyini xatırladıb.

Qeyd edək ki, 1967-ci ildə yaşanan Suriya-İsrail arasındakı 6 günlük müharibə barədə müxtəlif iddialar dolaşır. Bəzi mənbələr həmin dönəm Suriyanın müdafiə naziri Hafiz Əsədin hakimiyyəti ələ keçirmək üçün ölkə daxilində narazılığı artırmaq və mövcud iqtidarda parçalanma yaratmaq məqsədilə İsraillə razılığa getdiyini bildirir. Məhz həmin müharibənin gedişində Suriya ordusu İsrailə qarşı lazımı səviyyədə dirəniş göstərməyib. Hafiz Əsəd Suriya üçün həyatı əhəmiyyət kəsb edən Golan təpələrinin İsrail tərəfindən işğal edilməsindən sonra ölkədə hakimiyyətə qarşı narazılığın artmasından yararlanaraq hərbi çevriliş yoluyla hakimiyyəti ələ keçirib.


azadliq.info