Əziz Rauf bəy!

eziz-rauf-bey
Oxunma sayı: 716

45 və 22 - bu iki rəqəm əslində hər şeyi ifadə edir. Həyatınızın düz tən yarısı qəzetçilikdə, söz azadlığı, demokratik dəyərlər, milli ideya, milli maraqlar, türkçülük, islamçılıq, müasirlik uğrunda söz savaşında keçib deməkdir bu. Azad jurnalistikada keçən bu illərin içində daha nələr olmadı! Gizli fəaliyyət, diz üstdə qəzet çıxarmaq, hər növ məhrumiyyətlər, çətinliklər, təqiblər, milli-azadlıq hərəkatı, Qarabağ səngəri, siyasi fəaliyyət meydanı, həbsxanalar, hər türlü basqılar, çoxsaylı məhkəmə çəkişmələri, cərimələr, həbslər... Bunların hamısı Sizin bir qəzetçi, naşir, maarifçi, redaktor, publisist, siyasətçi ömrünüzün uğurlarına yol yoldaşlığı eləyən detallardır.
Belə ağır, məsuliyyətli, dramatik jurnalist ömrü yaşamaq hər qələm əhlinə, söz savaşçısına nəsib olmur. Özünüz demişkən, qocalığın uşaq yaşına çatana qədər həyatınız bu dolanbacların hamısından keçib. Bir söz adamının görə biləcəyi hər şey görmüsünüz - məhrumiyyətləri də, uğurları da.
Sizin 22 illik jurnalist həyatınız Azərbaycan müstəqil mətbuatının tarixi ilə yaşıddır. Sizin qurduğunuz qəzetin yaşı dövlət müstəqilliyimizin yaşından iki il çoxdur. Qurucusu olduğunuz, 1989-cu ildən bəri söz meydanında mücadilə verən “Yeni Müsavat” qəzeti Azərbaycanda ifadə azadlığının, azad düşüncənin simvoluna çevrilib. Siz “Yeni Müsavat”ı Azərbaycan jurnalistikasının məktəbinə çevirməyi bacarmış baş redaktorsunuz. Artıq sizin şəxsi həyatınızı jurnalist həyatı ilə ayrılıqda təsəvvür olunmur.
Rauf bəy, Sizi 45 yaşınız tamam olması münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, həm şəxsi, həm də ictimai həyatınızda böyük uğurlar arzu edirik. Çox yaşayın, Rauf bəy! Qarşıda görəcəyiniz hələ çox işlər var...

“Yeni Müsavat”çılar

***

Hörmətli Rauf Arifoğlu!

Sizi ömrünüzün 45-ci baharı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!
Siz Azərbaycanın ikinci müstəqillik tarixində öz sözünü deyə bilən və Qafqazın ən tirajlı qəzetinə çevrilən bir mətbu orqanın yaradıcısısınız. 20 ildən çox bir müddətdə Azərbaycan mətbuatında göstərdiyiniz yüksək və ardıcıl fəaliyyət Sizin böyük uğurlara imza atmağınızın bariz göstəricisidir.
Azərbaycan xalqı Sizin kimi mübariz oğlu ilə fəxr edir. Demokratik Azərbaycan quruculuğunda göstərdiyiniz əvəzsiz xidmətlər üçün tarix Sizə öz qiymətini mütləq verəcəkdir. Keçdiyiniz bu ağır, zəhmətli, çətinliklərlə dolu yol əminəm ki, Sizə daha böyük müvəffəqiyyətlər gətirəcək. Sizə işlərinizdə uğurlar, ailə səadəti və sonsuz müvəffəqiyyətlər arzu edirəm.
Uğur həmişə sizinlə olsun!

Hörmətlə, Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə