Fəlakət kimi hökumət

felaket-kimi-hokumet
Oxunma sayı: 700

“Binə”də kütləvi zəhərlənmə baş verən gün onlarla adamın ölməsi xəbəri yayıldımı? Sonra müxtəlif rəqəmlər - 2, 11, 24 ölü - səsləndimi? Zəhərlənənlərin sayının 80-lə 148 arasında olması xəbəri informasiya məkanında süləndimi? Heç kim deyə bilməz ki, belə şey olmadı. Oldu axı. Amma oldu oldu də. Səhiyyə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin canı sağ, büdcəsi salamat, səlahiyyəti geniş, binası təmirli, işçiləri şən və firavan olsun...

Sumqayıt qəzası isə dövlət və hökumət qurumlarının nə qədər qeyri-peşəkar, rabitəsiz, koordinasiyasız, necə deyərlər, başlı-başını saxlasın prinsipi ilə işlədiyini ortaya qoydu. Burada bir haşiyə çıxaq. Dövlətin rəsmi xəbər agentliyi kimi dövlətin vətəndaşına öz ölkəsindəki hadisələrlə bağlı çevik, operativ, səhih və dürüst məlumat çatdırmalı olan, buna görə vətəndaşın ödədiyi vergi hesabına formalaşmış büdcədən xeyli pul alan AzərTAc-ın o gün Sumqayıt fəlakəti barədə bircə sözlük xəbərini eşidib-oxuyan oldumu? Başa düşmürsən bu qurum nə üçündür. Yalnız Pakistanın, Yəmənin hansısa qəsəbə qəzetində YAP-ı tərifləyən məqalələri tərcümə edib yaymaq üçünmü?

Gələk dövlət qurumlarının fəlakət zamanı fəlakətə bərabər işinə. Burada bir-iki maraqlı məqam var.

1. MƏKAN MƏSƏLƏSİ. Dövlət qurumlarının partlayışın hələ harada, hansı zavodda baş verməsi barədə doğru-dürüst məlumat verə bilməməsi göz önündə idi. Sumqayıt Şəhər Polis İdarəsi həmin gün elən elədi ki, partlayış “Səthi Yuyucu Vasitələri Zavodu” MMC-də baş verib. Həmin gün FHN, Səhiyyə Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin məlumatlarında da bu ad keçdi. Gecə keçdi, gün çıxdı, səhər açıldı, məlum oldu ki, zavodun adı “Məişət malları” ASC imiş.

Çoxuna bəlkə də xırda, əhəmiyyətsiz görünəcək detaldır. Amma ağlı başında olanlar bilir ki, içində insan(lar) taleyi olan belə fəlakətlərdə hətta ən xırdaca detalın da böyük qiyməti olur. Çünki insanın qiyməti ölçüyəgəlməz dərəcədə böyükdür (özümüzü iddia edə bilmərəm, normal ölkələrdə belədir).

Digər məqam. Həmin qurumların 17 sentyabr xəbərində deyilirdi ki, hadisə Sumqayıtın İnşaatçılar qəsəbəsində baş verib. Sentyabrın 18-də isə qəsəbənin adı dönüb “oldu” Kimyaçılar...

2. VAXT və DƏRƏCƏ MƏSƏLƏSİ. Səhiyyə Nazirliyi dedi ki, partlayış və yanğın xəbəri bizə sentyabrın 17-si saat 17:28-də daxil olub. İlk partlayış olub 16:50-də. Ölkədə nəhəng qəza olur, səhiyyə sistemi bundan 38 dəqiqə sonra xəbər tutur. O da “həpçi...” deyə asqırandan sonra. Bravo...

Sentyabrın 18-də dedilər ki, yanğına 3-cü təhlükəlilik dərəcəsi verilib. Sentyabrın 17-də isə FHN demişdi ki, yanğına 4-cü dərəcə verilib. Aradakı sirli fərq də çox mübarək...

3. ÖLÜ VƏ YARALI SAYI MƏSƏLƏSİ. Sentyabrın 17-də Sumqayıt Şəhər Polis İdarəsi 6 nəfər ölməsi, xeyli yaralının olması xəbərini yaydı. Səhiyyə Nazirliyi həmin gün “Trend”ə 1 nəfərin öldüyünü bildirdi. FHN-lə Baş Prokurorluq isə elə həmin gün 2 ölü, 1 itkin və 2 yaralıdan danışdı. Halbuki Sumqayıt Şəhər Təcilli Tibbi Yardım Stansiyası baş həkiminin müavini FHN bu açıqlamanı verən dəqiqələrdə onlara 8 yaralının gətirildiyini deyirdi. Bir ölünün də adı bilindi - qaynaqçı Elman Səfərov.

Səhər açıldı, oldu sentyabrın 18-i. Məlum oldu ki, 3 adam ölüb. Bunu Səhiyyə Nazirliyi dedi və adları da açıqladı: Əbülfəz Şəkərəliyev, Sabir Babayev və Piri Piriyev. Yaxşı, bəs Səfərov hanı?

Bunlar hesabatlarında təcili yardım maşınlarının az qala təkərinin təzə-köhnəliyindən də söz açır. Adamların taleyi isə...

Deyirlər hazırda FHN-lə Baş Prokurorluq birgə araşdırma aparır. Nəticələr tezliklə açıqlanacaq. Qorxuram Baş Prokurorluq da durub ayrı məlumat verə. Deyə yanğın nə İnşaatçılar, nə də Kimyaçılar yox, Sağıcılar qəsəbəsində olub, bu - bir. İkincisi, orada kimyəvi məhsullar yox, ot tayası yanıb. Üçüncüsü, ölənlər adam deyil, başqa canlılardır, məsələn...

Nə isə, lənət şeytana. Məni onun dərdi götürüb ki, Ermənistanla müharibə edəsi olsaq, bu hökumətin informasiya siyasəti necə olacaq. Qorxasan əsgərimizin qələbə xəbərini də bu cür dolaşıq, baş-ayaq verələr. Yenə lənət şeytana...