“Gorun çatladımı Pənahəli xan?” - Şeir

gorun-catladimi-penaheli-xan-seir
Oxunma sayı: 1698


Sökülən Şuşa

Bakıdakı “Şuşa” kinoteatrı sökülür

Gorun çatladımı Pənahəli xan,
Virana qalıbdı qurduğun orman,
Xarı bülbül gözü yaşlı, bağrı qan,
Dağılan, uçulan, sökülən Şuşa.

Cıdır düzü yenə çəkir intizar,
Xurşudbanu eyləməkdə ahu-zar.
Ay belə dövranın əlindən bezar,
Yüklənən dərd adlı yük ilən Şuşa.

Cabbar əmi “Qalalıyam, qalalı”,
“Qalada yatmışdım”, başım bəlalı,
Pozulub növrağı, cahi-cəlalı,
Qıvrılan, inləyən, bükülən Şuşa.

Bülbülün puç oldu “Sənsiz” həyatı,
Xan əmidən bir yadigar bayatı,
Seyid əmi ta oxumaz “Heyratı”,
Gözləri yollara dikilən Şuşa.

Tərlan oylağın, Xan əmi, alıb sar,
“Şuşanın dağları” indi boran-qar,
O yerlərdə susub kaman, susub tar,
Torpağı başına tökülən Şuşa.
2 sentyabr 2010-cu il

Şuşaya qar yağır...


İndi yağan qar da ağappaq deyil,
Başımızdakı da o papaq deyil,
Göy üzü yer üçün bir qapaq deyil,
Heç gözüm su içmir bu yağan qardan.

Şuşaya qar yağır... yollara yağır,
Şuşaya uzanan qollara yağır,
Şuşa qar altında o, misgin, fağır,
Heç gözüm su içmir bu yağan qardan.

Çoxu çoxdan gedib, ümid azaldı,
Nə fərqi bu fəslin qış, ya yaz adı,
Kim deyir bu qışın yönü yazadı,
Heç gözüm su içmir bu yağan qardan.

Bir istək könlümdə soldu, qarıdı,
Ağ qarın yanında üzüm qaradı,
Yağan da qar deyil, dərddi- qar adı,
Heç gözüm su içmir bu yağan qardan.

Bu adi xəbərdən qəlbim üşəndi,
Qışın soyuğunda könlüm bişəndi
Qar yağır... alışan, donan Şuşamdı,
Heç gözüm su içmir bu yağan qardan.

24.11.2011


Surxay SULTAN (Qocayev)