“Gündəlik Teleqraf” köşə yazarları ilə niyə yola getmir?

gundelik-teleqraf-kose-yazarlari-ile-niye-yola-getmir
Oxunma sayı: 1120

Dünən qəzetimizə daxil olan məlumatda isə bildirildi ki, “Gündəlk Teleqraf”ın əsas “stavka” etdiyi yazarlar - Seymur Baycan, Əli Əkbər, Elmir Mirzoyev və Elnur Astanbəyli artıq qəzeti tərk ediblər. Buna səbəb isə yazarların sərt üslubu ilə qəzetin üslubu arasında fərq olmasıdır.

Seymur Baycan: “Özümüz yeni sayt yaratmışıq”

Seymur Baycan “Yeni Müsavat”a açıqlamasında dedi ki əslində bu günə qədər “Gündəlik Teleqraf”da cəmi bir yazısı nəşr olunub. Müsahibimizin sözlərinə görə, bu günlərdə hekayələr yazmağa başlayır: “Ona görə də qrafikim çox sıxdır. Kitablar oxuyuram, qeydlər götürürəm. Danışdığımız şərtlər daxilində qəzetdə yazılarımı davam etdirəcəm. Amma bu gün (dünən) axşam, ya da sabah (bu gün) kultura.az saytının Azərbaycan versiyası dövriyyəyə buraxılır. Bu, AYO və onun ətrafındakıların saytı olacaq. Elmir Mirzoyev, Əli Əkbər, mən artıq mədəniyyət baxımdan sərt yazılarımızı burada yazacağıq. Biz bir dəstə kimi tanınmışıq, bəlli vurucu nöqtələrimiz var. Yazılar hazırlanıb. Kultura.az saytı indi də fəaliyət göstərir, amma rus dilində. Orada elə yazılar vardı ki, indi onun tərcüməsi yer alacaq. Amerikada, İsraildəki bəzi yazarlar da bizə yazacaq”.
Müsahibimiz saytın xaricdəki fondlardan biri tərəfindən maliyyələşdiyini dedi. S.Baycan maliyyə məsələləri ilə Əli Əkbər məşğul olduğu üçün, bu barədə geniş məlumata malik olmadığını açıqladı.

Elnur Astanbəyli: “Onların standartı ilə mənimki üst-üstə düşmədi”

Elnur Astanbəyli isə dedi ki, onun bu qəzetlə bütün əlaqələri qırılıb. Müsahibimizin sözlərinə görə, bu günə qədər qəzetə cəmi bir yazı yazıb, o da nəşr olunmayıb: “Buna görə də əməkdaşlıq alınmadı. Onların yazı standartları mənimki ilə üst-üstə düşmürdü. Mənim tənqidimin aşağı və yuxarı dozası vardı. Bu qəzet üçün onun ortasında yazılar yazacaqdım. O yazı da getməyəndən sonra problem yaranmasını istəməzdim. Digər yazarlar da ordan gedibsə, buna təəccüblənmərəm. Çünki dostların yazı üslubu bəllidir, tənqidçi adamlarla bu qəzetin uyğun gəlməsi çətin idi”.

Əli Əkbər: “Göndərdiyim yazılar çap olunmayınca yeni yazılar yazmağı düşünmürəm”

Əli Əkbər isə dedi ki, bu günə qədər “Gündəlik Teleqraf”da ancaq iki köşə yazısı dərc edilib. Müsahibimiz həmin 2 yazıdan sonra redaksiyaya yolladığı 2 yazının isə 2 həftədir, dərc olunmadığını bildirdi: “Sonradan öyrəndim ki, Elnur Astanbəyli bir yazı göndərib, sərt olduğunu deyib, çap etməyiblər. Elmir Mirzoyevin də bir yazısı çap olunmayıb. Biz də düşündük ki, əgər bizim yazılarımız getmirsə, yazası olmayacağıq. Bizim öz aramızda olan danışıqlar mətbuata necə sızıb, bilmirik. Amma qəzetin xəttində, kursunda da bəyənmədiyimiz şeylər var. Aynur xanımla (baş redaktor Aynur Camalqızı-S.T) söhbət etmək istəyirik. Qəzetin bir-iki sayı yaxşı getdi. Sonra Müsavat Partiyasının əleyhinə fikirlər getdi. Amma bir məqamı deyim ki, İsa Qəmbərə hücum edən, sataşan qəzetin sonu olmur. Bu, özünü öz əməlində basdırmaqdır”.
Ə.Əkbər dedi ki, yazıların çap olunmaması ilə bağlı A.Camalqızı ilə danışıb. Baş redaktor da ona bunun sırf texniki səbəbdən baş verdiyini deyib: “Biz dostlar oturduq, dartışdıq. Qərara gəldik ki yazılarımız getməyibsə, Aynur xanımı narahat etməyək və bir daha yazmayaq. Amma bu qərarımız hələ konkretləşməyib. Mexanizm necədir, hansı sıxlıqla yazmalıyıq - bunları müəyyənləşdirməliyik. Amma Aynur xanım dedi ki, gələn həftədən yazılarınız partapart gedəcək. Biz yenə də onunla söhbət edəcəyik. Əvvəldən vəd etdiyi mərkəzçi mövqeyinə sahib qalacaqsa, niyə də yazmayaq? İnanırıq ki, o, mərkəzçi qəzet çıxarmaq istəyir. Nə cür ki, biz öz köşələrimizdə İlham Əliyevin adını çəkməyəcəyik, onun özü, ailə haqda tənqid yazmayacağıq - buna söz vermişik. Qarşi tərəfdən də əməkdaşlığın şərtlərinə əməl etməsini gözləyirik. O yazılar getməyənə qədər yeni yazılar yazmağı düşünmürük”.

“Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı isə bildirdi ki, xəbərdə adı çəkilən bütün yazarlarla normal münasibətləri var. Müsahibimizin sözlərinə görə, onların hər biri də qəzetlə əməkdaşlıq edir, oranın birbaşa əməkdaşı deyil: “
Bu günə qədər Elnur Astanbəylini çıxmaq şərtilə, onların heç biri ilə problemimiz yoxdur. Elnur bəy bizə bir yazı göndərmişdi. O hesab edirdi ki, həmin yazıda yüngül dozalı tənqid var. Amma mən həmin yazıda tənqid hədəfi olan yazıçı haqda təhqir elementi gördüm. Ondan sonra da ona yazı yazmaqla bağlı müraciət eləmədim. O, çox sərt tənqidə alışıb. Onunla bizim əməkdaşlığımız hələ alınmır".
Digər yazarlara gəlincə, A.Camalqızı Əli Əkbərin bu günə qədər redaksiyaya 5 yazı göndərdiyini, onlardan 3-nün çap olunduğunu, 2-nin isə qaldığını dedi. Müsahibimiz E.Mirzoyevin göndərdiyi bir köşə yazısının hələ işıq üzü görmədiyini dedi: “Bu da sırf yer qıtlığı ilə bağlıdır. Seymurun yazıları isə çap olunub. Adını çəkdiyim yazarların qalan yazısı isə gələn həftə çap ediləcək. Onlarla aramızda konflikt yoxdur. Onların dilindən heç bir istefa eşitməmişik”.

musavat.com