“Hakimiyyətin islahat aparması o deməkdir ki, istefa versin” – Müsahibə

hakimiyyetin-islahat-aparmasi-o-demekdir-ki-istefa-versin-musahibe
Oxunma sayı: 708

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Qafqazinfo”ya müsahibəsi

- Bir neçə gün əvvəl Vətəndaş Hərəkatı Forumunun təşkilatçılığı ilə müxalifət partiyaları vahid namizəd məsələsini müzakirə olundu. Necə düşünürsünüz, bu ideyanın reallaşması nə dərəcədə mümkündür?

- Əgər biz doğurdan da Azərbaycanda real siyasi dəyişilmələr istəyiriksə, birinci növbədə özümüzü, öz davranışlarımızı dəyişdirməliyik. Çox təəssüf ki, bu sahədə çox ciddi problemlər var. Müxalifət özü konsensusa gələ bilmirsə, cəmiyyətə necə demokratiya vəd edə bilər? Hansı ki, demokratiyanın əsas şərtlərindən biri konsensusdur. Azərbaycan müxalifətində son 20 ildə bir dəfə də olsun konsensus müşahidə olunmayıb. Vahid namizəd ayrı-ayrı liderlərin bir liderə razılaşması deməkdir, hansı ki, bu, demokratiyanın əsas prinsiplərindən biridir. Buna görə də bunu eksperiment kimi nəzərdə tuturam, əgər müxalifət vahid namizədə gəlməsə, bu müxalifətin hakimiyyətə gəlməsi belə Azərbaycan xalqına demokratik gələcək vəd edə bilməz. Çünki, demokratiyanın prinsipini müdafiə etməyən qüvvələr demokratiyanın özünü müdafiə edə bilməz. Bu, demokratiya prinsiplərindən irəli gəlir, hansısa şəxsin fikirlərindən yox. İndi isə biz bunu müxalifətdə nümayiş etdirməliyik ki, doğurdan da biz demokrat ola bilərik və ya demokratıq. Amma, müxalifətdə olarkən demokratik prinsiplərə arxa çevirib, “mən hakimiyyətdə mütləq demokrat olacam” demək bu özünü aldatmaqdan, ən yaxşı halda isə başqalarını aldatmaqdan başqa bir şey deyil. Ona görə də mən düşünürəm ki, birinci növbədə müxalifətdə konsensusa gəlməni təmin etməliyik ki, gələcəkdə hakimiyyətdə xalqa vəd etdiyimiz demokratik dəyərləri verə bilək.

- Qeyd etdiniz ki, 20 ildir ki, müxalifət konsensusa gələ bilmir. Sizcə buna nə mane olur?

- Qeyd etdiyim kimi konsensus demokratik dəyərdir. Müxalifətin də konsensusa gələ bilməməsinin əsas səbəbi odur ki, müxalifət özü demokratik dəyərləri tam mənimsəməyib. Tam mənimsəsə təbii ki, özü də o dəyərləri hər gün, hər saat öz fəaliyyətində rəhbər tutar.

- Bəs siz 2013-cü il prezident seçkilərində namizəd olmağı düşünürsünüzmü?

- Xeyr, mən bu barədə düşünmürəm. Amma mənim bu barədə düşünməməyim o demək deyil ki, prezidentliyə namizədliyini düşünən adamlardan kimsə məndən yüksək keyfiyyətlərə malikdir və yaxud xalqa çox şey veriblər. Sadəcə olaraq Azərbaycanda bir reallıq kimi son 20 ildə hakimiyyətin formalaşması, hakimiyyətin cəmiyyətə verdiyi mesajlara əsasən belə hesab etmək olar ki, indiki halda mənim prezidentliyə namizədliyimi verməyim məqsədə müvafiq olmaz. Həm də özümün imtina etməyimlə başqalarına da “niyə imtina etmirsən?” demək haqqı alıram. Mən özüm namizədliyimdən imtina etməsəm sabah müxalifəti bir araya gətirib bundan imtina edəndə onlara da deməyə sözüm olmaz. Ona görə də birinci özüm imtina edirəm ki, ən azından müxalifətin bir araya gəlməsində söz sahibi olam, yaxud da vasitəçi olam.

- Sizcə müxalifət 2013-cü il seçkilərində necə iştirak etməlidir?

- Müxalifət vahid namizədlə iştirak etməlidir. Mənə elə gəlir ki, vahid namizəd olmadan qətiyyən ciddi işlər görülə bilməz.

- Elə neytral bir adam varmı ki, hamı onu vahid namizəd kimi qəbul etsin?

- Vacib deyil neytral adam olsun. Niyə yoxdur ki, Azərbaycan cəmiyyətində indikindən yüz dəfə yaxşı idarə edən kifayət qədər vicdanlı, namuslu insanlar var. Bir də ki, dövlətin taleyi liderlərdən asılı deyil. Demokratiya komanda idarəçiliyidir. Düzgün komanda yaradılandan sonra komandanın başında kimin durması formal əhəmiyyət daşıyır. Biz yenə də liderlərə ona görə önəm veririk ki, qeyri-demokratik düşünürük. Düşünürük ki, hər şey liderdən asılıdır. Liderdən asılılıq, liderə xüsusi önəm vermək, onu şişirtmək avtoritar təfəkkürün məhsuludur. Əsas komandadır, komanda düzgün formalaşdırılmalıdır.

- Müxalifət vahid namizəd məsələsində Rafiq Əliyevin üzərində dayana bilərmi?

- Bəli, keçid dövrü üçün Rafiq Əliyevdən əlverişli koordinator ola bilər. Amma bir şərtlə ki, onun ətrafında toplaşacaq müxalifət həqiqətən də səmimi şəkildə birləşsin. O da ola bilər, müxalifətin özündən də bir lider əgər doğurdan da demokratik düşüncəli olarsa, müxalif komandanı yaratmağı bacararsa, özününkü ilə başqasına fərq qoymazsa, milli və dövlət maraqlarını rəhbər tutarsa, o da lider rolunda çıxış edə bilər. Amma öz qrup maraqlarından çıxış edən kiminsə müxalifətin bir araya gətirəcəyinə, Azərbaycanda siyasi dəyişilmələrə rəhbərlik edə biləcəyinə və o dəyişilmələr baş tutandan sonra ölkədə siyasi, iqtisadi inkişafa nail ola biləcəyinə şəxsən mən inanmıram. Sokratın bir sözü var, deyir ki, dünyanı yerindən tərpətmək istəyən insan gərək birinci özünü yerindən tərpətməyi bacarsın. Bu gün Azərbaycanın siyasi səhnəsində biz ona görə ciddi dəyişikliklər əldə edə bilmirik ki, biz özümüz dəyişməmişik. 20 ildir qrup və şəxsi maraqlardan necə asılıyıqsa, bu gün də həmin qaydada davam etdiririk.

- Siz Rafiq Əliyevin komanda rəhbəri olması barədə təklif irəli sürəcəksinizmi?

- Xeyr. Müxalifət öz namizədinin üzərində razılaşmazsa, onda Rafiq müəllimi hakimiyyətə dəvət etmək olar, lazımdır, xüsusən də elmin və təhsilinin inkişafına rəhbərlik etməkdə Rafiq müəllim bəlkə də əvəzolunmazdır.

- Rəsul Quliyev bir müddət əvvəl belə bir fikir səsləndirmişdi ki, əgər dünya “ərəb baharı”ndan daha fəlakətli nəticələnəcək “Avro-Asiya qışı” istəmirsə tələsməlidir...

- Bunu biz də demişik ki, dünyada mövcud olan avtoritar rejimlər nə qədər təhlükəlidirsə, indiki dünyanın avtoritar rejimlərə qarşı mübarizə metodu da bir o qədər təhlükəlidir. Yəni, gözləyirlər ki, hər hansı bir ölkədə kütləvi insan qırğını olsun ondan sonra bu rejimlər demokrat olsun. Halbuki, dünya avtoritar rejimlərə inqilablar başlamamışdan qabaq müdaxilə etməlidir ki, itkilər olmasın. Ona görə də bu fikirlə razıyam. Biz bunu bəyanat şəklində də vermişik ki, dünya inqilabları gözləməməlidir, inqilabdan sonra həm itkilər artır, həm də dünya bu prosesləri tənzimləməkdə çətinlik çəkir. Əgər istəmiriksə ki, yenidən inqilab olsun, hər bir inqilab yenidən iqtisadi böhrana səbəb olsun onda biz potensial inqilabi şərtlərin yetişdiyi ölkələrdə demokratik dəyişilmələrə getməliyik. Məsələn, bir qüvvə uzun müddət hakimiyyətdədirsə, orada korrupsiya varsa, seçki saxtalaşdırılırsa artıq ora beynəlxalq ictimaiyyətin müdaxiləsi qaçılmaz olmalıdır. Misirdən və digər ölkələrdən də gördüyümüz kimi inqilabdan sonra demokratiyaya keçiddə problemlər yaranır.

- Bəs Azərbaycan hakimiyyəti indiki məqamda islahatlara meyillidirmi?

- Hakimiyyətin islahatlar şansı yoxdur, edə bilməz. Bu hakimiyyətin islahat aparması o deməkdir ki, könüllü şəkildə istefa versin. Qorboçov 70-ci illərdən başlayaraq SSRİ-ni xilas etmək üçün müxtəlif proyektlər həyata keçirdi. Bizim yumurta islahatı kimi kosmetik islahatlar keçirdi. Axırda Qorboçov əsl siyasi islahata əl atdı və hakimiyyətdən getdi. Komandadan kimsə qala bilər, hətta İlham Əliyev də hakimiyyətdə qala bilər, amma onun komandası tamamilə hakimiyyətdən getməlidir. Əks halda mümkün deyil. İslahat mümkün deyil, çünki bu komandanın uzun müddət hakimiyyətdə qalmasına səbəb islahatlar aparılmamasıdır. Əgər islahatlara getsəydilər, indiki hakimiyyət formalaşmazdı.

- Son zamanlar İranın Azərbaycandakı din siyasəti ilə bağlı bəyanatlarına münasibətiniz necədir?

- Normaldır. Bir dövlət digər dövlətdə gedən prosesə münasibət bildirir, İran da bu cür münasibət bildirir. Həm də elə hesab edir ki, İrana təzyiq edilməsi ABŞ-ın bu bölgədə müttəfiqi olan Azərbaycanla bağlı aparılan siyasətin tərkibidir. Burada islam təəssübkeşliyindən daha çox ABŞ və İsraillə əməkdaşlıq edən Azərbaycana təzyiq etmək məqsədi güdür.

Fatimə Kərimli