“Haranı qazsan, su çıxır...” - Arayış

harani-qazsan-su-cixir-arayis
Oxunma sayı: 771



Prezident İlham Əliyevin ötən il iyulun 22-də imzaladığı sərəncamla mətbuat işçiləri üçün tikiləcək binanın təməlqoyma mərasiminin indiyədək keçirilməməsi müxtəlif söz-söhbətlərə səbəb olub. ”Azadlıq” qəzetinin dünən yaydığı məlumatda isə bildirilir ki, binanın təməlqoymasının ertələnməsi Bibiheybətdə ayrılan yerin inşaat məqsədləri üçün yararsız olmasıdır. Buna səbəb kimi orada qazıntı işləri aparılarkən yerdən su çıxması göstərilib. Qeyd olunub ki, ekspertiza binanın tikintisinə razılıq vermədiyindən işlər dayandırılıb.

“Qafqazinfo”nun məlumatına görə, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib. V. Səfərli sözügedən ərazidə jurnalistlərə yaşayış binasının tikilməyəcəyi və həmin yerin inşaat üçün yararsız olması barədə deyilənləri təkzib edib. İcraçı direktor deyib ki, Bakının relyefi elədir ki, haranı qazsan, su çıxır və bu, KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna Bibiheybətdə jurnalistlər üçün ev tikilməsi işini davam etdirməyə mane ola bilməz.

V. Səfərli təməlatma mərasiminin dəqiq tarixini söyləməyə çətinlik çəkir. Onun sözlərinə görə, bina ilə bağlı hazırda son mərhələdə - Fövqəladə Hallar Nazirliyinin Ekspertiza İdarəsindədir. Yekun ekspert rəyindən sonra tikinti işləri başlanacaq.

Jurnalistlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılıb. Həmin vəsaitlə evsiz jurnalistlər üçün yaşayış binasının inşa olunması qərara alınıb.

Bibiheybət qəsəbəsində yeni yaşayış massivi deyilən ünvanda jurnalistlər üçün 0,7 hektar torpaq sahəsində tikiləcək binanın eskiz layihəsi artıq hazırdır. Tenderdə iştirak edən 8 şirkət arasından “M.A” MMC qalib ayrılıb. Jurnalistlərin binası kitab şəklində olacaq