“Hökumət həyasızcasına mənim kitabımı satmağa qadağa qoyub” - Yenilənib

hokumet-heyasizcasina-menim-kitabimi-satmaga-qadaga-qoyub-yenilenib
Oxunma sayı: 719

Azərbaycan parlamentinin keçmiş sədri, Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyevin bu günlərdə çapdan çıxan “Qarabağ: müqavimətsizlikdən doğan faciə” kitabının Azərbaycanda satışına qadağa qoyulub. Bu barədə “Qafqazinfo”ya kitabın satışı ilə məşğul olan qurumlardan məlumat daxil olub. Məlumatda bildirilir ki, ötən şənbə kitab paytaxtdakı bütün mağazalardan yığışdırılıb. Məlumatda bildirilir ki, hansı dövlət qurumundan olduqlarını təqdim etməyən şəxslər Rəsul Quliyevin romanlarını satan mağazalara kitabları yığışdırmaq göstərişi veriblər, əks halda, ciddi problemlərlə üzləşəcəklərini söyləyiblər.

Xatırladaq ki, aprel ayında Rəsul Quliyevin “Axına qarşı” kitabı da Bakıda nəşr edilmişdi və satışa rəsmi müdaxilə olmamışdı. Ancaq nədənsə Qarabağla bağlı kitab ciddi maneələrlə üzləşib. Məlumatı saytımıza verən mənbənin sözlərinə görə, kitabın birinci hissəsi “Yeni Müsavat” qəzetində dərc edildikdən sonra Rəsul Quliyevin tərəfdarları tərəfindən çap olunub və kitabda hazırkı hakimiyyətlə bağlı hansısa tənqidi fikir də yoxdur. Kitabda Qarabağ probleminin indiki vəziyyətə gəlib çatmasının tarixi səbəblərinin əks olunduğunu bildirən mənbə hesab edir ki, hakimiyyəti daha çox narahat edən əslində kitabın yaxın aylarda ABŞ-da çap olunacaq ikinci hissəsinin də Bakıda yayılmaq ehtimalının yaranmasıdır. Mənbənin fikrincə, kitabın ikinci hissəsində Rəsul Quliyev 1975-ci ildən ta günümüzədək olan dövrü qələmə alıb, ancaq hələ nəşr etdirməsə də, hakimiyyət Qarabağla bağlı aparılan siyasətin eks-spiker tərəfindən nə şəkildə təqdim olunacağının narahatçılığını yaşayır.

***

“Azərbaycan hökuməti həyasızcasına mənim Qarabağ faciəsi haqda kitabımı satmağa qadağa qoyub”. Bunu AzadlıqRadiosuna açıqlamasında Amerikada mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyev bildirib. Açıq Cəmiyyət Partiyasının sədri olan Rəsul Quliyevin bu günlərdə çapdan çıxan kitabı “Qarabağ: müqavimətsizlikdən doğan faciə” adlanır.

Rəsul Quliyevin bildirdyinə görə, “Yeni Musavat” qəzetində hissə hissə çap olunarkən böyük maraq doğurmuş kitab nəşr olunub satışa çıxarılan kimi “naməlum” şəxslərin tələbi ilə mağazalardan yığışdırılıb: “Mahiyyətinin totalitar rejim olduğunu qəbul etməyən avtoritarlar 50 ildir ki, senzuralarına don geydirmək üçün iqtisadi cinayətkarlıq adı ilə rejimi tənqid edənlərə və onlara loyal olanlara qarşı represiyalar təşkil edirlər.Bu, Azərbaycanda rejimin ən geniş tətbiq etdiyi represiya vasitəsidir. Azərbaycanın 250 illik tarixini əks etdirən kitabın 1-ci hissəsi 1975-ci il hadisələri ilə tamamlanır.

Hökümət ikinci hissədə Qarabağla əlaqədar aparılan siyasətin bu günə qədərki dövrə qədər analiz ediləcəyindən narahatdır”.

Bir neçə ay qabaq Rəsul Quliyevin “Axına qarşı” kitabı da Bakıda nəşr edilmiş, amma satışa müdaxilə edilməmişdi.