Hüseyn Abdullayev aktiv siyasətdə

huseyn-abdullayev-aktiv-siyasetde
Oxunma sayı: 733




Sabiq deputat, “Oğuz eli” İctimai Birliyinin sədri Hüseyn Abdullayevin aktiv siyasətə dönəcəyi haqda xəbərlər intensivləşməkdir. H.Abdullayevin bu barədə söz-söhbətlərə aydınlıq gətirməkdən imtina etməsi onun adı ətrafında yaranmış müəmmanı bir qədər də artırıb.

Xüsusilə də “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev mayın 26-da azad edildikdən sonra sabiq deputatın fəal siyasətə qayıdacağı və hətta partiya yaradacağı haqda informasiyalar yayılmağa başlayıb. Bəzi informasiya agentlikləri H.Abdullayevin yaradacağı yeni partiyada Eldar Namazov, Eynulla Fətullayev, Erkin Qədirli, Mahal İsmayıloğlu kimi tanınmış simaların təmsil olunacağını da xəbər olaraq yayıblar. Adı sabiq deputatla birlikdə hallanan bəzi tanınmış şəxslər sonradan bu xəbərləri təkzib etsələr də H.Abdullayevin barəsində “siyasətə qayıdır” xəbərləri ara verilmədən yayılır.
Dünən isə “Reytinq” qəzeti H.Abdullayevə yaxın şəxslərdən birinə istinadən məlumat yayıb ki, sabiq deputatın aktiv siyasətə dönüşü yaxın vaxtlarda mütləq baş verəcək: “Hüseyn Abdullayevin siyasi iddiası böyük olduğu üçün onun tezliklə öz partiyasını yaradacağı istisna olunmur”.

Lakin keçmiş deputat siyasi partiya təsis etməzdən öncə özünün təbliğat tribunalarını yaratmaq fikrindədir. Qəzetin iddiasına görə, H.Abdullayev “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin çapını bərpa etməsi üçün vəsait ayırmağa da hazırdır: “Hüseyn Abdullayev həm də informasiya agentliyi yaratmağa hazırlaşır. O, ölkənin xəbər məkanına nüfuz etmək istəyir. Yaradacağı agentlikdə ən azı 30 jurnalistin fəaliyyət göstərməsi nəzərdə tutulur”.

Mənbə H.Abdullayevin fəallaşmasının səbəblərinə də aydınlıq gətirib. Qeyd edib ki, ərəb ölkələrində baş verən inqilablardan sonra Azərbaycan cəmiyyətinin fəallaşması keçmiş deputatı meydana çıxmağa sövq edib: “Hüseyn Abdullayev ”üçüncü qüvvə" kimi meydana çıxmaq istəyir. Hakimiyyətdəki qruplaşmalardan biri də Hüseyn Abdullayevə stavka edir".
Dünən məsələ ilə bağlı sabiq deputatla danışmaq cəhdlərimiz alınmadı.