“İlham Əliyev “sağlam olmayan insanlar”la əhatə olunub”

ilham-eliyev-saglam-olmayan-insanlarla-ehate-olunub-
Oxunma sayı: 850

ABŞ-ın Bakıdakı keçmiş səfiri Enn Dersinin 2008-ci ildə Ağ Evə göndərdiyi məxfi teleqramında Sirus Təbrizlinin YAP sıralarından xaric olunması, hakim partiya daxilində yaşanan gizli savaş və hakimiyyətdəki qruplaşmaların nüfuz mübarizəsinin pərdəarxası məqamlarından bəhs olunub. “Azadlıq” qəzetinin məlumatına görə, diplomat gizli məktubun giriş hissəsində yazıb ki, YAP sədrinin müavini Sirus Təbrizlinin və eks-səhiyyə naziri Əli İnsanovun partiya sıralarından xaric olunması qərarından sonra hakim partiya daxilində böhran yaşandığı haqda iddialar yayılıb. Amerikalı diplomat daha sonra bəzi mənbələrin S.Təbrizlinin hakim partiyadan ayrı müstəqil partiya yaradacağı barədə iddialarını xatırladıb: “Təbrizlinin YAP-dan uzaqlaşdırılmasının səbəbi kimi, onun hazırkı ölkə başçısının əmisi Cəlal Əliyevlə birlikdə hərəkət etdiyinə görə cəzalandırıldığını da söyləyirlər. İddialara görə, Cəlal Əliyev 2008-ci il seçkilərində namizədliyini vermək fikrindədir və buna görə də Təbrizli ilə eyni mövqedə dayanaraq vahid güc formalaşdırmağa çalışır. Təbrizlinin Cəlal Əliyevin namizədliyini dəstəkləyəcəyi də bildirilir. Lakin səfirliyin müşahidələrinə görə, Təbrizli-Əliyev tandeminin baş tutması real görünmür. Çünki 1999-cu ildə parlamentin iclası zamanı Cəlal Əliyevin müxalifət nümayəndələrini ”xain" və “casus” adlandırmasına Sirus Təbrizlinin sərt təpki verməsindən sonra tərəflər arasında ciddi fikir ayrılığı yaranmışdı".

E. Dersi daha sonra yazıb: “YAP-ın icra katibi Əli Əhmədov səfirliyimizin əməkdaşları ilə söhbəti zamanı Təbrizlinin 2 ildən artıq müddətdə hakim partiyanın işində iştirak etmədiyini söyləyib. Əhmədov qeyd edib ki, Təbrizli hakim partiyanın ideologiyasına əks mövqedə dayanıb və onun tutduğu xətt YAP-ın strategiyasıyla uzlaşmırdı. Əhmədov Təbrizlinin YAP-ın təsisçilərindən biri olduğunu xatırladaraq, onun hakim partiyadan uzaqlaşdırılmasını ”itki" adlandırıb. Əli Əhmədov Sirus Təbrizli ilə bağlı olayın hakim partiya daxilində parçalanmalardan qaynaqlandığı və bundan sonra da partiyadan qopmalar olacağı barədə iddiaları təkzib edib".

Xanım Dersinin məktubundan görünür ki, səfirlik əməkdaşları S.Təbrizli ilə ayrıca görüşüblər. Bu görüşdə onun hakim partiya sıralarından uzaqlaşması müzakirə olunub: “Təbrizli səfirlik əməkdaşlarına bildirib ki, o, 2 il yarıma yaxın müddətdə hakim partiyanın işində yaxından iştirak etmir. Təbrizli eks-ölkə başçısı Heydər Əliyevə daha çox yaxın olduğunu söyləyərək, İlham Əliyevlə də eyni münasibətdə qaldığını bildirib. O, İlham Əliyevin ”sağlam olmayan insanlar"la əhatə olunduğunu amerikalı diplomatlara söyləyib. Sirus Təbrizli Ramiz Mehdiyevin kurasiyasında olan yerli icra strukturlarının və bürokratların regionlarda yaşayan insanlara süni maneələr yaratdığını və onları incitdiklərini diplomatlara bildirib".

Diplomat S.Təbrizliyə istinadən yazıb ki, eks-nazirlər Fərhad Əliyev və Əli İnsanovun partiya sıralarından xaric olunması onların iradələrindən asılı olmayıb: “Sirus Təbrizli hakim partiya daxilində ”köhnələrlə" hazırkı ölkə başçısı İlham Əliyev arasında uçurum olduğunu da səfirlik əməkdaşlarına söyləyib. O, Heydər Əliyevin bu balansı qorumağa çalışdığını, lakin “köhnələr”in hökumətdə güclü olduğunu və hazırda dominantlıq etdiyini bildirib. Bundan başqa, Təbrizli söyləyib ki, İlham Əliyev atası kimi hakim partiya üzvləri ilə tez-tez görüşməlidir. Sirus Təbrizli mətbuat və informasiya naziri olduğu illərdə rüşvət almadığını və korrupsiyaya uğramadığını söyləyərək, onun üçün şəxsi fikirlərini açıq söyləməyin əsas olduğunu bildirib. Təbrizli bu xarakterini özü üçün həm uğur, həm də bədbəxtlik adlandırıb. O, hakim partiyadan uzaqlaşdırılmasında onu ölkə başçısına qarşı qoymaq məqsədi güdüldüyünü bildirib".