Binəqədidə Milli Qəhrəmana həsr edilmiş tədbir keçirilib - Fotolar

bineqedide-milli-qehremana-hesr-edilmis-tedbir-kecirilib
Oxunma sayı: 1674

Binəqədi rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətovun anım gününə həsr edilmiş tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov, Aygün Əliyeva, RİH Başçısı Aparatının söbə müdirləri, Milli Qəhrəman Fərhad Hümbətovun anası Salatın Hümbətova, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov, Milli Qəhrəmanlar Mirzə Quliyev, Zabit Quliyev, İntiqam Atakişiyev,  Milli Qəhrəmanları Tanıtım İctimai Birliyinin sədri Elşən Uluxanlı, Hüquq-mühafizə orqanlarının rəis müavinləri, Milli qəhrəmanın ailə üzvləri və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbir Azərbaycan torpaqlarının müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov Fərhad Hümbətovun həyat yolunun gələcək nəsillər üçün örnək olduğunu söyləyib. 

Daha sonra çıxış edən Milli Qəhrəmanları Tanıtım İctimai Birliyininin Binəqədi rayon şöbəsinin rəhbəri Fizuli Həsənov vətən anlayışının geniş mənaya malik olduğunu və bu anlamı ifadə etmək, onun haqqında danışmaq üçün bir insan ömrünın kifayət etmədiyini bildirib.

Milli Qəhrəman Fərhad Hümbətovun anası Salatın Hümbətova şəhid anası olmağın böyük bir qürur olduğunu bildirib.

Sonda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Azərbaycan tarixinə aprel ayının qələbə ayı kimi daxil edildiyini bildirib. V. İsmayılov Azərbaycan ordusunun igidliyi, rəşadəti sayəsində düşmən ordusunun məğlubiyyət acısını dadması ilə yanaşı şanlı qələbənin çox yaxında olduğunu anlatdığını və Aprel qələbəsinin Fərhad Hümbətov kimi vətən uğrunda canını qurban vermiş şəhidlərimizin müqəddəs ruhlarına ordumuzun igid əsgərlərininin qələbə sözü olduğunu deyib.

Rəsmi hissəsi bitdikdən sonra tədbir bədii hissə ilə davam etdirilib. Sonra tədbir iştirakçıları tərəfindən Milli qəhrəman Fərhad Hümbətovun abidəsi önünə gül dəstələri qoyulub.

Tədbirdən sonra ehsan süfrəsi açılıb.