İnsan niyə insult olur? – Həkim rəyi

insan-niye-insult-olur-hekim-reyi
Oxunma sayı: 655

Bu gün isə xəbər yayılıb ki, Gülər Əhmədovova insult keçirib. “Qafqazinfo” həkim-kardioloq Raqib Qədimovdan insanın hansı hallarda insult keçirməsi ilə bağlı açıqlama alıb. Doktor belə deyir: “İnsult beyin qan dövranının kəskin pozulması, yəni beyini qidalandıran damarlardan birinin və ya bir neçəsinin tamlığının pozulması (cırılması), daralması (spazmı) və ya tutulmasıdır. İnsultun əlamətləri müxtəlifdir. Məsələn, bu halın insanın huşuna təsiri bəzən oyanıqlıq, bəzən əksinə yuxulu olma və ya yüngül kütləşmə, qısa müddətə huşun itirilməsi, bəzən isə hətta koma kimi qiymətləndirilir. Xəstələrdə baş ağrısı, baş gicəllənməsi, ürəkbulanma və qusma, istilik hissi, ürəkdöyünmə, vaxt və məkan hissiyatının zəyifləməsi (çaşqınlıq vəziyyəti) və s. qeyd oluna bilər.

Beyinin hər hansı hissəsinin zədələnməsi həmin sahəyə müvafiq orqan və funksiyalara öz mənfi təsirini göstərir: görmə qabiliyyətinin pisləşməsi (çəpgözlük, ikili görmə, bir və ya ikitərəfli korluq), nitq pozulması (hətta sadə sözlərin tələffüzü çətinləşir), yuxarı və ya aşağı ətrafların əzələ zəyifliyi və hətta bir və ya ikitərəfli iflic olması, bəzən isə tarazlıq hissinin zəyifləməsi, yerişin pozulması və s.

İnsult ehtimalını artıran amillər isə bunlardır:
- yaş faktoru (45-60 və daha artıq yaş);
- irsiyyət (yaxın qohumlarda insult halları);
- hipertoniya xəstəliyi;
- siqarət çəkmə;
- alkoqol içkilərə meyllilik;
- piylənmə;
- xolesterinin yüksək səviyyəsi, ateroskleroz (damarların xolesterinlə ”zədələnməsi”);
- şəkərli diabet;
- ürək-damar xəstəlikləri;
- fiziki fəallığın az olması”.

Günel