İqbal Ağazadə Rusyanın Cənubi Qafqaz siyasətini ifşa etdi - Çıxış

<b>İqbal Ağazadə Rusyanın Cənubi Qafqaz siyasətini ifşa etdi - <font color=red>Çıxış</b></font>
Oxunma sayı: 334





“Qafqazinfo” Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin 21-ci İqtisadi Forumda etdiyi çıxışı oxucuların diqqətinə çatdırır.

Hörmətli xanımlar və cənablar!

Təşəkkür edirəm ki, Cənubi Qafqazda sülh və əmin-amanlıq kimi vacib bir məsələni XXI İqtisadi Forumda müzakirə edirsiniz.

Bu gün Cənubi Qafqaz keçmiş postsovet ölkələri içərisində ən həssas və qeyri-stabil bölgələrdən biridir. Bir tərəfdə torpaqlarının 20%-i Ermənistan tərəfdən işğal olunanan Azərbaycan, digər tərəfdə Osetin və Abxaz separatizmindən əziyyət çəkən Gürcüstan, həmçinin, Rusiyanın maraqlarını ifadə edən və ərazisində onun hərbi bazalarını saxlayan Ermənistan var.
Regionu yaxşı tanımayanlarda belə bir təəssürat yarana bilər ki, Cənubi Qafqaz xalqları tarixən düşmən olub və heç zaman sülh, əmin-amanlıq və yaxşı qonşuluq münasibətlərində olmayıblar. Lakin bu heç də belə deyil. Çar Rusiyası regiona gəlməyən qədər bu bölgədə yerli xalqlar həmişə sülh içərisində yaşamış, etnik-milli münasibətlər müharibəyə səbəb olmamışdır.
Təəssüf ki, XIX əsrin II onilliyindən sonra Rusiyanın Cənubi Qafqazı ilhaq etməsi bu bölgədə yeni etnik-milli münasibətlər sistemi yaratmış, XX əsrdən etibarən region xalqları Rusiya tərəfindən bir-biri ilə müharibəyə cəlb olunmuşdu. Bu gün Qafqaz xalqlarını ayıran, onları müharibəyə cəlb edən, bölücülük, separatizm doğuran səbəblər nədir?? Tək Faktor Rusiyadır.

Region xalqlarını üz-üzə qoyan, onları parçalayan, əlinə silah verən bizlərin maraqları deyil-Rusiyanın istəyidir. 140 minlik əhalisi olan Cənubi Osetiyanı müstəqil dövlət kimi təqdim edən Rusiya öz ərazisində Muxtar Respublika kimi əhalisinin sayı 1 milyona yaxın olan Şimali Osetiyaya nədən müstəqillik vermir!! Haradandır Rusiyada bu Osetin sevgisi və ya Abxaz məhəbbəti??

Sizcə Ermənistanın təqdim etdiyi kimi 130 minlik Dağlıq Qarabağın Erməni əhalisi 9 milyonluq Azərbaycan xalqını doğurdanmı savaş meydanında məğlub edərək onun ərazisin 20%-ni işğal edib. Kim inanır və ya özünü inandıra bilir bu tipli bəyanat və mövqelərə??
Çar Rusiyası, Sovet Rusiyası, bu gün isə Rusiya Federasiyası hələ də özünü postsovet ölkələrinin, bəzi hallarda isə bütöv Avropanın jandarmı hesab edir.

Orta Asiya, Moldova, Belarusiya, Ukrayna, nəhayət Cənubi Qafqazın yaşadığı bütün problemlərin qaynağı Rusiyadır. Təəssüflər olsun ki, region dövlətləri, etnik-milli azlıqlar bu həqiqəti anlamadan Rusiyanın siyasətinə maşa olurlar. Osetin xalqı heç düşünürmü ki, Şimali Osetiyaya Rusiya müstəqillik versə Cənubi Osetiya daha asan azadlıq əldə edə bilər?? Və ya Abxazlar fikirləşirlərmi ki, çeçenlərin, tatarların, başqırdların, azadlığını verməyən Rusiya niyə ona belə himayəçilik edir?? Ermənistan dövləti düşünürmü ki, qonşularla bu şəkildə münasibət onları region dövlətlərindən, iri iqtisadi layihələrdən, yeni bazar münasibətlərindən kənarda saxlayır və tək Rusiyadan asılı edir?! Məncə düşünməyin vaxtıdır.
Biz kimlərinsə əlində alət olmaq dövrünü qapatmalı, yeni eraya başlamalıyıq. Gözümüz önündə siyasi, ideoloji, hərbi çəkişmələri geridə qoyaraq tarixin yeni səhifəsini açmış Avropa kimi birlik modeli var. Nədən Cənubi Qafqaz Birliyi olmasın? Tarixən dəfələrlə bir yerdə olmamışıqmı?! Zaqafqaziya seymi, ZSFSR məgər xalqların düşmənçiliyi üzündənmi süqut etdi?! Yox əlbəttə, mükəmməl idarəetmə forması olmadığı üçün bu birlikləri qoruya bilmədik. İndi bizimlə yaxın qonşuluq siyasəti və Şərq tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq edən Avropa Birliyi var. Bu idarəetməni Cənubi Qafqaza daşıyaq. Düzdür, çoxları üçün bu gün bu təklif utopiya kimi görünə bilər. Lakin hesab edirəm Beynəlxalq Təşkilatların xüsusən Avropa Birliyi, ABŞ və Türkiyənin regiondakı yerləri və mövqeləri , o cümlədən maraqları bu birliyi yaratmağa yeni imkanlar açır.
Cənubi Qafqaza sülhün gətirimləsi istiqamətində çabalar və səylər bu günki səviyyədə davam edərsə yaxın dönəmdə heç bir uğur əldə olunmayacaq.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli yeni bir müstəviyyə çıxıb. Hər iki xalq illərlə ümidli vəziyyətdə gözləyir-Azərbaycan tərəfi işğal olunmuş torpaqlarının geri qaytarılmasını , Ermənistan isə Dağlıq Qarabağın ya müstəqil dövlət kimi tanınmasını və ya Ermənistana birləşdirilməsini.
Unutmaq lazım deyil ki, Ermənistan və Azərbaycanda vaxtsız hakimiyyət istefaları Ermənistan-Azərbaycan cəbhəsində hadisələrin dinamikasından bilavasitə asılı olub. Ermənistanda Dəmirrçiyanı Artunyanın, onu Ter-Petrosiyanın, Ter-Petrosiyanı isə Robert Köçəriyanın, Azərbaycanda isə Bağırov-Vəzirov-Elçibəy-Əliyev əvəzlənmələrinin əsas səbəbi məhz Ermənistan-Azərbaycan münasibətlərinin – demək, Dağlıq Qarabağ məsələsinin fonunda baş varib.

Bu gün ki, status-kvo hər hansı bir dövlətin iqtidarı tərəfindən dəyişdirilməyə cəhd edilərsə hakimiyyət böhranından qaçmaq mümkün olmayacaq, çünki geniş mənada xalqlar da hələ buna hazır deyil. Demək, iqtidarlar bu məsələdə xalqın daha çox alışdığı bu günki vəziyyəti qorumağa çalışacaqlar. Çünki əvvəlki hakimiyyət dəyişiklikləri yaxşı olmayan president yaradıb. Digər tərəfdən, əvvəllər regionları etnik milli münaqişələr yolu ilə nəzarətda saxlamaq istəyən Rusiya da siyasətini dəyişib. Əvvəldə qeyd etdim ki, Rusiya bölgədən çıxmayana qədər Cənubi Qafqaza sülh gəlməyəcək. Rusiya bu gün çox gözəl anlayır ki, gec-tez Ermənistan da onun təsirindən uzaqlaşıb üzünü Avropaya, Demokratik dünyaya çevirəcək. Türkiyə-Ermənistan münasibətlərində yeni dövrün başlanması, Avropa birliyinin Yaxın Qonşuluq və Şərq Tərəfdaşlığı pr oqramı çərçivəsindəki siyasəti, Azərbaycanla münaqişə nəticəsində regionda geçəkləşən iri iqtisadi lahiyələrdən kənarda qalması Ermənistanı Rusiyadan qoparacaq. Ermənistanın Rusiyadan qopması isə Cənubi Qafqazdan Rusiyanın çəkilməsi ilə sonuclanacaq. Abxaziyada, Cənubi Osetiyada Rusiya qoşunlarının saxlanılması onun hələ Cənubi Qafqaza hakim olması demək olmayacaq.

Ona görə Rusiya bu gün ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağa yönəlik yeni siyasət sərgiləyir. O problemi həll etmək görüntüsü yaratmaqla öz qoşunlarını sülhməramlılar adı altında Dağlıq Qarabağa yerləşdirmək, bununla da Dağlıq Qarabağı Cənubi Qafqazda özünün mərkəzi bazası elan etmək, sonra isə gərəkilərsə, guya Cənubi Osetiya və Abxaziya xalqları kimi Dağlıq Qarabağ əhalisinin də Rusiyaya birləşmək istəyinin olduğunu elan edərək, Dağlıq Qarabağı özünə birləşdirmək niyyətindədir. Təəsuflər olsun ki, Ermənistan tərəfi Rusiyanın bu planını ya görmür, ya da görmək istəmir. Bu plan bizləri-bütün Cənubi Qafqaz dövlətlərini və xalqlarını sonsuza qədər düşmənçiliyə, etnik milli qarşı durmalara, müharibələrə aparmaqla yanaşı, bizləri demokratik dünyadan, sivlizasiyadan, inkişafdan ayıracaq. Söylədiyim faktlar dinləyicilərdə belə təsəvvür yaratmasın ki, biz anti Rusiya mövqeyində olan bir siyasi təşkilatın nümayəndəsiyik. Əsla, biz Rusiya ilə də yaxın qonşuluq münasibəti çərçivəsində aparılan siyasətin tərəfdarıyıq. Lakin Rusiyanın postsovet ölkələrinə, o cümlədən, Cənubi Qafqaza yönəlik siyasətinin qəti əleyhinəyik. Bu siyasət gec-tez Rusiyanın özünü də çətin vəziyyətə salacaq. Bunu bizdən çox Rusiya ictimaiyyətinin nümayəndələri, ziyalılar, demokratik təşisatlar düşünməli və qonşularla bu siyasətin yolverilməz olduğunu öz iqtidarlarına anlatmalıdırlar.

Nə etməli ??

Hesab edirəm bizi ayıran bütün problemləri kənara qoyaraq Cənubi Qafqaz Birliyinin yaradılması istiqamətində geniş fəaliyyətə başlamaq lazımdır. Bu günki mərhələdə hökümətlərin bu mövqeyi nümayiş etdirməsi bir qədər çətin görünür. Həm daxildə onlara qarşı ictimai basqı gerçəkləşdirilə bilər, həm də Rusiya onlara təziq imkanlarını işə sala bilər.
Ona görə də ilk növbədə ictimai və siyasi institutlar hərəkətə gəlməli, Tiflis şəhəri mərkəz olmaqla Avropa birliyinin və ya ölkələrdən birinin vasitəçiliyi ilə danışıqların prioriteti müəyyən olmalıdır.
Siyasi partiyalardan yəqin ki, hər üç respublikadan, ictimai basqıdan qorxmayaraq bu ideyanı gerçəkləşdirməyə özündə gc tapa bilən qüvvələr olacaq.

Mən müharibə veteranıyam. Bu gün Ermənistan tərəfindən işğal olunmuş Fizuli rayonundanam. Artıq 18 ildir doğulub boya başa çatdığım doğma torpağımı ziyarət edə bilmirəm. 1 milyona yaxın qaçqının içərisində yüzlərlə qohumum, minlərlə şəxsən tanıdığım insanlar var. Bu müharibədə hərbi və mülki şəxslər içərisində həlak olanlardan onlarla qohumlarım, doğmalarım, dostlarım olub.Müharibənin nə demək olduğunu bilirəm.
Müharibə problemdən çıxış yolu deyil. Müharibə saysız-hesabsız itkidir, müharibə qaçqınçılıq, səfalət, aclıqdır. XXI əsrdə bütün bunları dərk etmək məgər bu qədərmi çətindir?? Biz dünyadan təcrid olunmuş vəziyyətdə yaşamırıq. Beynəlxalq Təşkilatları, bizlərin də üzv olduğu birliklər var. Onlar bizim, hər üç Respublikanın ərazi bütövlüyünü tanıyıb. Bizi müharibəyə cəlb edən tərəflər elə düşmənçilik toxumu səpib ki, bu həqiqətləri, ölkələrin ərazi bütövlüyünü tanımaq bu gün psixoloji cəhətdən çətin görünür. Amma mümkünsüz deyil. Başlamalıyıq. Siyasi partiyalarla başlayan dioloqa Qeyri-hökümət təşkilatları, müharibə ilə bağlı birliklər, qaçqın icmaları cəlb olunmalı, daha sonra Cənubi Qafqaz Birliyinin problemlərini mütəmadi müzakirə edəcək ictimai parlament yaradılmalıdır. Məhz bundan sonra hökümətlər dövriyyəyə girməli, üç respublikanın nümayəndələrindən və Avropa Birliyinin səlahiyyətli şəxslərindən ibarət komissiya təşkil olunmalıdır. Biz danışıqlar masasına bizi bir-birimizdən uzaqlaşdıran problemli məsələləri deyil, bizi yaxınlaşdıran ortaq dərdlərimizi daşımalıyıq.

İlk mərhələdə hər üç respublikanın sərhəd rayonlarından biri olmaqla, məsələn-Qazax-İccevan-Rustavi-Cənubi Qafqaz birliyinin mini modelini yaratmaq olar. Burada ortaq idarəetmə, ortaq təhlükəsizlik, azad iqtisadi zonaya yaxın bazar münasibətləri formalaşdırmaqla xalqlar arasındakı gərgin psixoloji vəziyyəti aradan qaldırmaq, daha sonra isə digər əraziləri də bu birliyə əlavə etməklə ümumi Cənubi Qafqaz birliyinə doğru getmək mümkündür.

Detallar və düşüncələrim barədə danışıb Sizləri yormaq niyyətində deyiləm. Rəhbərlik etdiyim Ümid Partiyası artıq neçə illərdir bu birlik modeli üzərində işləyib, əlimizdə müzakirəyə təqdim edilə bilən “Cənubi Qafqaz birliyinin hədəf və məqsədləri”, o cümlədən idarəetmə modeli barədə proqram vardır. Ana xətt Cənubi Qafqaz birliyi olmaqla Qərb dünyası, sivilizasiya ilə culğaşmağın yollarını aramalıyıq. Bu Cənubi Qafqaza əbədi sülh və barış gətirən yeganə formadır. Əks təqdirdə, nə ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək, nə də Abxaziya və Cənubi Osetiya separatizmini durdurmaq mümkün olmayacaq.

Regionda Rusiyanın, ABŞ-ın, Avropa Birliyinin,Türkiyənin, İranın maraqları var. Rusiya, İran öz maraqlarının təmin olunmasını region xalqlarını qarşıdurmasında tapırsa, Avropa Birliyi, ABŞ, Türkiyə demokratikləşmə, barış və sülhü ana xətti olaraq bəyan edir.
Cənubi Qafqaz xalqları da strateji düşünməli, xalqlarının gələcəyi naminə barış və sülhü, yaxın qonşuluq siyasətini, dinc yanaşı yaşamanı, beynəlxalq hüquqü, dövlətlərin ərazi bütövlüyünü, xalqların etnik-milli haqlarına dövlətləri çərçivəsində hörmətlə yanaşma kursunu götürməlidirlər.
Cənubi Qafqaz birliyi uzun və gərgin zəhmət, iradə, səbr tələb edən məsələdir. Lakin müharibə və savaşdan çox faydalı və asan yoldur. Bizi düşmən görmək istəyənlərlə deyil, dost etmək istəyənlərlə birgə bu yolu seçməliyik.

Biz Ümid Partiyası olaraq bu missiyanı Azərbaycan tərəfdən üzərimizə götürməyə hazırıq. İnanıram ki, Gürcüstan və Ermənistanda barış və sülhə, Cənubi Qafqaz Birliyinə “hə” deyə biləcək kifayət qədər siyasi təşkilatlar və liderlər var. Avropa ölkələri içərisindən də vasitəçilik etmək istəyən xeyli sülhməramlılar bu prossesə qoşula bilər. Elə bu proyektə donorluq edə bilən təşkilatlar da az deyil. Dondurulmuş konfliktlər, atəşkəslər əbədi deyil. Silahların yenidən atəş açmaması üçün əl-ələ verib hamımızın ümümi evi olan Cənubi Qafqaza sülh, barış gətirək. Sülh-barış gətirək ki, gələcək nəsillər bir-biri ilə düşmən yox dost olsunlar. Bu istiqamətdə Avropa Birliyi, ABŞ, Türkiyə ölkələri bizim ən yaxın dostumuz, yardımçımız olmalıdır.
Qoy biz təbiətin bizə verdiyi sərvətləri birgə istifadə edək, qoy uşaqlarımız müharibə deyil, sülh nəğmələri öyrənsin.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi