Bir bazardan asılı qalan tərəvəzimiz

bir-bazardan-asili-qalan-terevezimiz
Oxunma sayı: 1628

Dünya Sakit

Yaz gəlib havalar istiləşdikcə hamımız ağız dadımızı dəyişmək, havaya uyğun yeməklər istəyirik. Necə deyərlər, hər mövsümün öz yeməyi, öz təamı var. Bu baxımdan, yazın gəlişi hiss olunan kimi əhalinin təzə tərəvəzə tələbatı da artır.

Hər il belə görmüşdük ki, havalar isinməyə, tələbatın artmağa başladığı ilk vaxtlardan təzə tərəvəzin qiyməti xeyli aşağı düşürdü. Xüsusilə xiyar-pomidorun qiyməti ucuzlaşıb hamının cibinə uyğunlaşırdı. Bu dəfə həmişəkindən fərqli olaraq, tərəvəzin qiymətində ucuzlaşma martda deyil, apreldə qeydə alındı. Özü də çox cüzi. Hazırda xiyarın qiyməti 1,5-2 manat, pomidorun qiyməti 3-5 manat aralığında dəyişir. Mart ayında isə qiymətlər 6-8 manat civarında oldu.

Onu da qeyd edim ki, havalar isinməyə başlayanda qiymətlər ona görə düşmürdü ki, satıcılar əhalinin yeni damaq istəyini nəzərə alırdılar. Ona görə düşürdü ki, isti havada daha çox məhsul yetişirdi, bazarda bolluq yaranırdı. Bu dəfə də daha çox məhsul yetişdi, lakin bu, qiymətlərin əhalinin cibinə uyğunlaşmasına gətirib çıxrmadı. Çünki yetişən məhsulun yerli bazardan daha baha satılmas imkanı yaranıb. Milli sahibkarlarımız məhsulunu ucuz qiymətə yerli bazarda satmaqdansa, baha qiymətə xarici - ən əsası da Rusiya bazarında satmağa üstünlük verir. Bazar prinsilərindən yanaşdıqda, bu mövqe başadüşüləndir: dünyada elə sahibkar yoxdur ki, baha satmaq imkanı olduğu halda məhsulunu ucuza satsın. Bu baxımdan, sahibkarları qətiyyən qınamaq niyyətində deyiləm. Burada əsas məsuliyyət tənzimləyici orqanların üzərindədir. Məhz daxili bazarı tənzimləmək funksiyasını icra edən hökumət qurumları qiymətlərin hədsiz yüksəkliyinin qarşısını almalıdılar. Bunun üçün onların əlində effektiv rıçaqlar, alətlər olmalıdır.

Rəsmi məlumata görə, bu ilin birinci rübündə Azərbaycanda tərəvəz istehsalı 2017-ci ilin eyni dövründəki 22 min 654 tona qarşı 51 min 720 ton təşkil edib. Yəni artım 2 dəfədən çoxdur. Lakin qiymətlər də az qala ötən ilkindən iki dəfə yüksəkdir. Rüb ərzində nə qədər tərəvəzin ixrac olunduğuna dair rəsmi məlumat hələ açıqlanmayıb. Dövlət Gömrük Komitəsinin statistikasına görə, rüb ərzində Azərbaycandan xaricə 75 min 557,31 ton meyvə-tərəvəz ixrac olunub. Bu zaman ixrac dəyəri  80 milyon 717,27 min dollar təşkil edib. Rüb ərzində Azərbaycana meyvə-tərəvəz idxalı 104 min 129,30 ton təşkil edib. İdxal olunan məhsulun cəmi idxal dəyəri 49 milyon 992.03 dollar təşkil edib.

Artıq iki ildir ki, Azərbaycandan kənara ixrac olunan məhsullar sırasında pomidor əsas yerlərdən birini tutur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ərzində 99 faizi Rusiyaya olmaqla, xaricə satılan 153,5 min ton pomidordan 151,5 milyon dollar gəlir əldə olunub. Elə bu il də əsas ixrac bazarı kimi Rusiya çıxış edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yanvar -fevral üzrə “İxrac İcmalı”ndan aydın olur ki,  2018-ci ilin bu iki ayı ərzində qeyri-neft sektoru üzrə 241,7 milyon dollar təşkil edən ixracımızın 67,8 milyon dolları Rusiyanın payına düşüb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-fevral aylarında meyvə-tərəvəzin ixracı 50,9 faiz artıb.

Sahibkarlarımız hesab edirlər ki, Rusiya bazarı daha yaxın və böyükdür, əsas diqqəti orada yer tutmağa yönəltmək lazımdır. Körfəz ölkələrinə ixracın təşkili və genişləndirilməsi istiqamətində başlayan proses demək olar ki, dayandırılıb – çünki çətinliklər var, onları aşmaq mübarizə tələb edir. Sanksiyalar üzündən Avropa məhsulundan məhrum olan Rusiyada isə bazar boşdur. 

Sahibkarlarımız unudurlar ki, Rusiyaya qarşı sanksiyalar daimi deyil. İndi Rusiyanın bizim məhsullara ehtiyacı var – bazar qapıları həvəslə açılıb üzümüzə. Lakin elə bir zaman gələ bilər ki, o qapılar açıldığı kimi bağlanar – Rusiya heç zaman Azərbaycana dost olmayıb, indi də deyil. Bu baxımdan, bazar adıyla bütün diqqətlərin Rusiyaya cəmləşməsi, digər istiqamətlərə məhsul satışının qurulmaması yalnız ayrı-ayrı sahibkarları deyil, bütün ölkə iqtisadiyyatını ağır duruma sala bilər. Nəzərə almaq lazımdır ki, türk sahibkarlar yollar açılsa belə, daha Rusiya bazarına getmirlər. Onlar bu ölkənin üzünün hər an çönmək ehtimalının olduğunu nəzərə alırlar. Bizimkilərin də nəzərə alması çox vacibdir…