İran siyasəti və alimə qəsd

iran-siyaseti-ve-alime-qesd
Oxunma sayı: 693

Tənqidinin, həqiqətləri sərt dilə gətirməsinin qurbanına çevrildi, Rafiq. Rafiqin kim tərəfindən və hansı sifarişlə öldürülməsi hüquq mühafizə orqanlarının işidir və onlar Azərbaycanımız naminə bu sui-qəsdin izinə düşməli, əsl həqiqəti ortaya qoymalıdırlar. Fakt odur ki, bu qətl onun “İran və qloballaşmanın qaçılmazlığı” adlı yazısı işıq üzü görən dövrdən sonra baş verib. Onun ölümü ilə bağlı ehtimallar daha çox haqqında tənqidi fikirlər söylədiyi İran variantının üstündə durmağa əsas verir.

Yazını mən də oxudum və bölüşmədiyim məqamlar olsa da əslində bu yazının İrana qarşı deyil, yürütdüyü siyasətin müasir dünya ilə uzlaşmadığı İran rejiminin islahına çağırış olduğu açıqca görünür. İçinə aldığı millətləri, xalqları dünyadan təcrid etmək, onları ümmət daşıyıcısından çox, məzhəb daşıyıcısına sürükləmək, əlbəttə, dünyəvi həmrəylik və insanlıq notları üzərində köklənən İslamın dəyərlərinə müqabil deyil və bu səbəbdən yazı müəllifi məzhəb davalarına yol açan İran rejimini sivil dünyaya meydan oxumaqdan geri durmağa səsləyir. Olsun ki, demokratik qanunlarla idarə edilmənin İrandakı şəri qanunlarla idarə etmədən üstün olmasını dilə gətirməsi, olsun ki, İranın mütəmadi olaraq İsrailə nifrət bəsləməsini açıq şəkildə ifadə etməsi teokratik molla rejiminin xoşuna gəlməsin. Amma bunlar əsas vermir ki, düşündüklərini cəmiyyətə çatdırdığına görə bir insanı qətlə yetirəsən. Belə çıxır ki, hər gün ölüm hökmü çıxardıqları, rejimlərini şeytani rejim adlandırdıqları İsrail və ABŞ dövlətləri bu çağırışları səsləndirən İran vətəndaşlarına sui-qəsd təşkil etməli, onları harada gəldi öldürməlidirlər.

Öz düşmənlərini belə bağışlamağın, ona qatı nifrət edənlərə məhəbbət qarşılığı ilə cavab verməyin örnəyini ümmətinə miras qoyan ulu peyğəmbərimizin yolu bizə əzizdirsə, bəs adi həqiqətləri dilə gətirdiyinə görə bir insana qarşı yönəlmiş bu sui-qəsdi hansı müsəlmanın adına yazaq. Məgər bu, Rafiqin dilə gətirdiyi yalanmıdır ki, milləti cənnət eşqi ilə başını qatıb ona cəhənnəm əzabı yaşatmaq insanlıq dışı bir şeydir? Bəlkə inancının, öz dilində yazmaq, oxumaq kimi doğal millət haqlarının müdafiəsinə qalxan yüzlərlə gəncin İranda edama məruz qoyulması yalandır? Bəlkə İranda şiəliyin süni şəkildə qabardılaraq müsəlmançılığın fövqündə qoyulması, Quranın ayətlərindən doğan məntiqi kənara buraxıb, savadsız mollaların fətvasına üstünlük verilməsi, məhəbbət və sayqı ilə yad edilən həzrəti Əlinin adı ilə yanaşı, Əbubəkir, Ömər, Osman kimi dinin sütunları sayılan Rəşidun xəlifələrin adının çəkilməsinə qadağalar qoyulması yalan məsələdir?

Din, ümməti vahid Allah ideyası ətrafında birləşdirən, bütövləşdirən, ona nizam verən müqəddəs inanc sistemidir və bu sistemə daxil olan hər bir varlıq bu qurğunun qorunmasında, mükəmmələşməsində göz olmalıdır. Bəli biz Azərbaycanda məscidlərin bağlanması, azanın səsləndirilməsinə, hicaba qadağalar qoyulması kimi hərəkətlərə İrandan gələn etirazları təbii qarşılayırıq. Bu bir ümmət təəssübü və harada olmasından asılı olmayaraq haqqı tapdalanan müsəlman varsa biz onun müdafiəsinə qalxmalıyıq.

Amma yazıçı Rafiq bəyin son yazısında deyildiyi kimi yerli-yersiz müstəqil Azərbaycanın daxili işinə qarışmaq, ona qarşı güc tətbiq etmək istəyən böyük dövlətlərin acığını Azərbaycandan çıxmaq və hərəbə-zorba ilə təhdid etmək suveren dövlətin işinə qarışmaqdan başqa bir şey deyil. Mütərəqqi dövlətsənsə işğalçı Ermənistanın, mürtəce Suriyanın yanında yer almaq işə yaramaz. Azərbaycanı İsrailə, ABŞ-a işləməkdə suçlayıb, ümmətdaşınız olan Azərbaycanın mənəvi, fiziki varlığına qarşı yönəlmiş erməni-rus işğalına yardımçı olmaq kursunu davam etdirmək işə yaramaz. Rafiq bəyin mövlanə rumi fəlsəfəsinə söykənib yazdığı odur ki, ya olduğun kimi görün, ya da göründüyün kimi ol. Əgər bunları demək, qəbahətdirsə və bu qəbahətləri dilə gətirmək insana sui-qəsd qədər əclaflıqlara yol açacaqsa onda Azərbaycanda bu “qəbahətləri” dilə gətirməkdən qorxmayan minlərlə insanın varlığına hörmətlə yanaşmaq zorunda qalacaqsınız.

Nurəddin İsmayıl