İrfan-islam illüziyası

irfan-islam-illuziyasi
Oxunma sayı: 641

Bu əslində rejissor dostumuz Bəhram Osmanovun Nizami Gəncəvi haqqında möhtəşəm bir kompozisiyası idi ki, nəinki bizi, xaricdən gələn müxtəlif çəkili mütəxəssisləri də heyran qoydu... Tədbirdə olmayan nizamisevərlər “Mədəəniyyət” kanalının proqramını izləyə bilərlər. Yubiley törəni yaxın günlərdə bu kanalda bütünlüklə nümayiş etdiriləcək. Sözüm bunda yox.

Tədbir sonrası Sarayın dəhlizinə çıxar-çıxmaz görkəmli alimlərdən biri ilə qarşılaşdım. Onun adını etika xətrinə yazmaq istəmirəm. Birdə ki, ad məsələsinin bizim açdığımız mövzuya elə də ciddi bir təsiri yoxdur. Söhbət təhsil illəri bütövlükdə sovet dönəminə təsadsüf edən elm adamlarının ortaq fikrindən gedəcəkdir...

Bəli, mənim əzizlərim, bu tanınmış alimlə və həm də Nizamini araşdıran mütəxəssislə görüşər-görüşməz iştirak etdiyimiz gecə barədə əlüstü təəssüratımızı bölüşdük. Məlum oldu ki, həmsöhbətim də yubiley tədbirindən xeyli razı qalıb. İkimiz də adam gözləyirdik. Odur ki, söhbətimiz təəssürat hüdudlarını aşıb Nizamiyə doğru irəliləməyə başladı. Özümü saxlaya bilmədim, dedim, filankəs müəllim, mənə elə gəlir ki, Nizaminin tərcümə məsələsinə yenidən baxılmalıdır. Hörmətli alimimiz səsini azca qaldırdı: “Kiminlə baxasan axı, tərcümə məsələsinə? Azərbaycanda fars dilini mükəmməl bilən, Nizamini orijinaldan lazımı səviyyədə oxuyub başa düşən bir şair var ki?”

Burnumda mızıldadım: “Haqlı, qaliba!”

Amma açıq söyləməkdən də çəkinmədim ki, əslində söhbət təkcə fars dilini bilməkdən getmir, məsələn Nizaminin məşhur irfan-islam ənənələrinin sovet dövründə oxucuya lazımı səviyyədə çatdırılması qeyri-mümkün idi. Onun fəlsəfəsi bizim üçün qaranlıqdır. Yəni əsas məğzini əldən qaçırmış sayılırıq!

Hörmətli alimimiz qaşlarını çatdı və inanın aşağıdakı sözləri söylədi: “Kimin nəyinə lazımdır axı o irfan?! O boş illüziyalar?! Oxucular onu bilməsələr yaxşıdır!”.

Elə bil Sarayın sütunlarından biri üstümə yıxıldı.
Boğazım qurudu və səsim batdı.
Çünki mən mütəxəssis qarşısında idim
Onunla mübahisə etməyə haqqım yox idi.

***

Dünyada elə həqiqətlər var ki, ən uzağı 35 yaşacan özün üçün dəqiqləşdirməlisən. Məsələn Allaha, səmavi kitablara münasibət...

Əgər yazı-pozu adamısansa, üstəlik bu qədirşünas məmləkətdənsənsə Şərq ədəbiyyatına, Şərq ənənələrinə söykənən milli ədəbiyyata biganə qala bilməzsən. O ədəbiyyat ki, M.F.Axundova qədər irfan-islam dəyərləri üzərində pərvəriş tapıb.

Əcəba, bəlkə geridə qalmışlığımızın səbəbi elə budur!
Bəlkə sütunu üstümə uçuran o alim doğru deyirmiş?
Bəlkə həqiqətən də illüziyalara aldana-aldana gedirik...
Düşündükcə üstümə daha bir sütun yıxıldı sanki...
Axı 35-i adlamışam!