İsa Qəmbərin müraciəti Milli Məclisdə müzakirə olundu

isa-qemberin-muracieti-milli-meclisde-muzakire-olundu
Oxunma sayı: 676

“Media forum” saytının məlumatına görə, Ana Vətən Partiyası sədrinin birinci müavini Zahid Oruc İsa Qəmbərin müraciətini pisləyib: “Bunlar “Avroviziya” qələbəsini belə hakimiyyətin əleyhinə çevirmək istəyirlər. Qələbədən belə özləri üçün ayrıca “Avroviziya” səhnəsi yaratmağa çalışırlar. İsa Qəmbər “Avroviziya” yarışını işıqlandıracaq 1500 jurnalisti öz tribunasına çevirmək istəyir. İsa Qəmbər deyir ki, müsabiqənin bütün iştirakçıları Bakıda tribunadan siyasi məhbuslara azadlıq tələb etsin”.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa həmkarının dedikləri ilə qismən razı olduğunu söyləyib: “Amma biz insanları siyasi motivlə niyə tuturuq ki, bundan da bizə qarşı istifadə etsinlər? Siyasi motivlə həbs olunan insanları buraxmaq lazımdır. Sanki hakimiyyədə bir qrup var, kimlərisə məşhurlaşdırmaqdan ötrü qəsdən həbs edirlər. Novruz bayramına, “Avroviziya”ya qədər siyasi motivlərlə tutulan şəxsləri azadlığa buraxmaq lazımdır”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, “Avroviziya” siyasi aksiya deyil, mədəni hadisədir: “Bu məsələdə bəzi qüvvələr Azərbaycanın uğuruna kölgə salmaq, bunu Azərbaycanın əleyhinə çevirmək istəyir. Bunun üçün hətta şəbəkə fəaliyyət göstərir. Bundan başqa, Azərbaycan “Avroviziya”da qələbə qazanandan sonra Leyla Yunusun (Sülh və Demokratiya İnstitutunun rəhbəri – “Media forum”) başçılığı ilə bir şəbəkə yaradılıb. Bunlar sadə məsələlər deyil. Çünki onlar qrup halında fəliyyət göstərirlər və onların təxribat törədəcəyi istisna deyil. Ona görə də ictimaiyyət ayıq-sayıq olmalıdır və mövqeyini açıq şəkildə deməkdən çəkinməməlidir. “Avroviziya” haqqında xaricdə gedən yazılara baxın. Həmin yazılar “Avroviziya”dan başlayıb əmlak hüquqlarının pozulması barədə fikirlərlə qurtarır. Bu yazılar nəyə xidmət edir? “Avroviziya” yarışından kimlərsə siyasi məqsədləri üçün istifadə etmək istəyir. Amma bu alınmayacaq. Bu yarışmaya kölgə salmaq istəyənlər heç nəyə nail ola bilməyəcəklər”.

“Facebook” şəbəkəsində dostlarına müraciət edən Müsavat başqanı İsa Qəmbər deyib: “16 nəfər dostumuz və silahdaşımız 1 ilə yaxındır ki, vicdan məhbusu olaraq zindandadır. Bu ilin may ayında Bakıda “Avroviziya” musiqi müsabiqəsi keçiriləcək. Biz artıq Müsavat Partiyasının və İctimai Palatanın adından bəyan etmişik ki, əgər yaxın həftələrdə bütün vicdan məhbusları azad edilməyəcəksə, bu müsabiqəni çoxsaylı vicdan məhbusları və siyasi məhbuslar olan bir ölkədə təşkil etmək niyyətində olan Əliyev rejimi müsabiqə ərəfəsində və zamanında ən müxtəlif sürprizlərlə qarşı-qarşıya qalacaq.

Bu sürprizləri biz birlikdə hazırlamalıyıq. Onlardan bəzilərini hazırlamaq üçün mən sizlərdən, xüsusən müsabiqəyə qatılan ölkələrdə yaşayan dostlarımdan xahiş edirəm ki, müsabiqədə iştiraka hazırlaşan müğənniləri müəyyənləşdirsinlər və onlara həm şəxsi müraciət, həm də ictimai kampaniya vasitəsi ilə aşağıdakı təklifləri çatdırsınlar:

Müğənnilər Bakıda müsabiqə günlərində, müxtəlif tədbirlərdə, xüsusən canlı yayımda – yarımfinallarda (22, 24 may), finalda (26 may) və mətbuat konfranslarında bildirsinlər ki, belə gözəl bir musiqi bayramının keçirildiyi bir zamanda Azərbaycanda vicdan məhbuslarının olmasından narahatdırlar, onların azadlığını istəyirlər, onlara salam deyirlər, mahnılarını onlara həsr edirlər və s.

2. Vicdan məhbuslarından hər hansı biri ilə yaşıd olan müğənnilər eyni qaydada 1-ci təklifdəki fikirlərlə yanaşı öz yaşıdının adını çəkərək salamlaya bilər.

3. Vicdan məhbuslarından Sahib Kərimov 26 mayda (düz final günü) anadan olub, Əhəd Məmmədlinin isə bu il 28 mayda 30 illik yubileyidir. Müğənnilər bu iki vicdan məhbusunu hər şeydən əlavə ad günü münasibəti ilə təbrik edə bilər. Müğənnilərlə bağlı başqa ideyalar, təkliflər də ola bilər.

Mən inanıram ki, bu sürprizləri yaxşı hazırlasaq, heç onları reallaşdırmağa ehtiyac qalmayacaq”.